Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:01

«Hizbullah»la əlaqədə təqsirləndirilənlərin məhkəməsi qapalı olacaq


6 nəfərlik qrup İsrailin Bakı səfirliyini partlatmağa cəhddə təqsirləndirilir

6 nəfərlik qrup İsrailin Bakı səfirliyini partlatmağa cəhddə təqsirləndirilir

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Hizbullah» və «Əl-Qaidə» terror şəbəkələri ilə əlbir olmaqda şübhəli bilinən 2 Livan və 4 Azərbaycan vətəndaşının məhkəməsi qapalı keçiriləcək.

Hakim İlqar Murğuzov iyunun 10-da keçirilən məhkəməyə hazırlıq iclasında belə qərar verib. 6 nəfərlik qrup İsrailin Bakı səfirliyini partlatmağa cəhddə təqsirləndirilir.

VƏKİL PROSESİN AÇIQ KEÇİRİLMƏSİNİ ƏSAS ŞƏRT SAYIR

Təqsirləndirilən Azərbaycan vətəndaşlarının üzərində isə dövlətə xəyanət maddəsi də var. Azərbaycan vətəndaşı Vidadi Rəsulovu müdafiə edən vəkil Vüqar Xasayev isə prosesin açıq keçirilməsini gerçəyin üzə çıxması üçün vacib şərt saydığını deyir:

- Məhkəmə qarşısına çıxarılanlar dövlətə xəyanətdə və terrorçuluğa cəhddə ittiham edilir. Vəkillər və təqsirləndirilən şəxslər tələb elədilər ki, məhkəmə prosesi açıq keçirilsin, əgər prokuror prosesin hər hansı məqamında dövlət sirri olduğu haqda vəsatət qaldırsa, yalnız o hissə qapalı olsun. Fikrimcə, açıq prosesdə onların dövlətə xəyanət edib-etmədikləri müəyyən edilməliydi.

Təqsirləndirilən şəxslər 2008-ci ilin mayında MTN-in Bakıda keçirdiyi əməliyyatda tutulub. Onlardan terrorda yararlanacaqları ehtimal olunan partlayıcılar, binokllar, kameralar, səsboğucusu olan tapançalar, xeyli sayda müşahidə fotoları götürülüb.

Yaşadıqları mənzillərə baxış zamanı isə təqsirləndirilənlərin İsrailin Bakıdakı səfirliyinin binasını partlatmaq planı aşkar olunub. İstintaq materiallarına görə, terror qrupu səfirlik ətrafında içərisində bomba olan bir neçə maşın yerləşdirmək və onları eyni zamanda partlatmağı planlaşdırırmış. Bu məqsədlə İrandan gətirildiyi ehtimal olunan külli miqdarda partlayıcı əldə olunub.

«BU, İSRAİLƏ QARŞI ELAN EDİLƏN TERROR DALĞASININ BİR QOLUDUR»

Qərb mətbuatı isə yazır ki, bu terror aktı 2008-ci ildə «Hizbullah»ın səhra komandiri Muğniyə öldürüləndən sonra İsrailə qarşı elan edilən terror dalğasının bir qoludur. ABŞ-ın «Los Anceles Times» qəzeti yazır ki, Muğniyə dünya üzrə axtarışda olub və uzun illər Tehranla Beyrut arasında rabitəni təmin edib. Muğniyə Dəməşqdə maşınına qoyulan bombanın partlaması ilə öldürüləndən sonra «Hizbullah» İsraili bu işin suçlusu elan edib. Qəzet yazır ki, ABŞ, İsrail, Avropa rəsmiləri qətldən sonra «Hizbullah»ın komanda halında hərəkətə keçməsinə təkan verdiyini bildirib.

«Los Anceles Times» yazır ki, Azərbaycanda saxlanan Livan vətəndaşlarından biri - Əli Karaki «Hizbullah»ın xarici əməliyyatlar bölümünün veteranı, digəri Əli Nacim Ələdi isə partlayıcılar üzrə ekspert kimi tanınır. Onlarla əlbirlikdə təqsirləndirilən Azərbaycan vətəndaşlarının isə İranla daha əvvəllər əlaqəsi olub. Ehtimal olunur ki, bu şəxslər «Hizbullah»la İranda olarkən əlaqə yaradıblar.

«MƏHKƏMƏ QARŞISINA ÇIXARILANLAR HEÇ DƏ QRUP ÜZVLƏRİNİN HAMISI DEYİL»

Təqsirləndirilənlərdən biri İranda dini təhsil alıb və Azərbaycan məscidlərindən birində mollalıq edib. İstintaq materiallarına görə, saxlanan zaman həmin şəxsin üzərindən narkotik maddə də götürülüb.

Məhkəmə həm də dəstənin partlayıcıları hansı yolla Azərbaycana gətirdiyini də müəyyən etməlidir. Qərb mətbuatı onu da iddia edir ki, məhkəmə qarşısına çıxarılanlar heç də qrup üzvlərinin hamısı deyil. Onlardan bəzilərinin Azərbaycan-İran sərhəddini keçdiyi ehtimal olunur.

İran rəsmiləri isə ölkə ərazisində «Hizbullah» da daxil olmaqla hər hansı terror qruplaşmasının fəaliyyət göstərməsini inkar edir. Rəsmi Tehran məsələ ilə bağlı açıqlamalarında Azərbaycandakı İsrail səfirliyinin partladılmasına cəhddə bu ölkənin adının yersiz hallandırıldığını bildirir.

Şərhləri göstər

XS
SM
MD
LG