Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:31

Gələn ay sabiq nazirin kassasiya şikayətinə baxılacaq


Fərhad Əliyev ürək xəstəliyindən əziyyət çəkdiyini deyir

Fərhad Əliyev ürək xəstəliyindən əziyyət çəkdiyini deyir

İyulun 2-də Ali Məhkəmədə keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin kassasiya şikayətinə baxılacaq. Bu haqda onun vəkili İsaxan Aşurov məlumat verib. Vəkil deyir ki, F.Əliyevin azadlığa çıxması üçün hüquqi prosedurlar davam etdirilir. Avropa İnsan Haqları Məhkəməsinə göndərilən şikayətlə bağlı isə yaxın müddətdə qərar çıxarılacağı gözlənilir:

«Artıq iş üzrə kommunikasiya mərhələsi başa çatıb».

Avropa Məhkəməsinə göndərilən şikayət İnsan Hüquq və Azadlıqlarına dair Avropa Konvensiyasının 5-ci - azadlıq və toxunulmazlıq hüququ ilə bağlı maddəsinin pozuntusu ilə bağlıdır.

Vəkili sabiq nazirin müayinə və müalicəsi üçün şərait yaradılmadığından da gileylənir.

«NƏ LAZIMDIRSA EDİRİK»

Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Cəmil Həsənli də deyir ki, onlar sabiq nazirin azad olunması üçün səylərini davam etdirirlər:

«Nə etmək lazımdırsa edirik. Ali Məhkəmədə - sonuncu instansiya məhkəməsində baxış olacaq. Buna hazırlaşırıq».

Hüquq müdafiəçisi Səidə Qocamanlı isə bildirir ki, Fərhad Əliyevin işi ilə əksər beynəlxalq təşkilatlar, xüsusilə də Avropa Şurasında mütəmadi maraqlanırlar:

«SİYASİ MƏHBUS KİMİ DAHA TEZ AZADLIĞA ÇIXA BİLƏR»

«Hər dəfə biz Avropa Şurasına səfər edib oradakı rəsmilərlə görüşəndə həm onun işiylə bağlı, həm də vəziyyəti haqqında xüsusi maraqlanırlar. Sonuncu dəfə Azərbaycan üzrə xüsusi məruzəçi Kristof Strasserlə görüşdük. Biz ona siyahımızda olan 28 nəfər siyasi məhbus haqqında təfsilatıyla məlumat verdik, sənədlər təqdim etdik, o cümlədən Fərhad Əliyevlə bağlı məhkəmə qərarlarını, xəstəliyi haqqında məlumatları çatdırdıq. Xüsusi məruzəçinin payızda Azərbaycana səfəri olacaq, həmin vaxt yəqin ki, Fərhad Əliyevlə görüşəcək».

S.Qocamanlı düşünür ki, Fərhad Əliyevin siyasi məhbus statusu onun azadlığa çıxmasını sürətləndirə bilər:

«O siyasi məhbus kimi daha tez azadlığa çıxa bilər. Fərhad Əliyevin adı həm də xəstələr siyahısındadır ki, humanizm baxımından onlar ilk növbədə azadlığa buraxılmalıdırlar».

Hüquq müdafiəçisi bu yaxında Fərhad Əliyevlə cəzaçəkmə yerində də görüşüb. Onun ürək xəstəliyindən əziyyət çəkdiyini deyir.

Fərhad Əliyev 2005-ci il parlament seçkiləri ərəfəsində həbs edilib. Əvvəlcə ona qarşı dövlət çevrilişinə cəhdlə bağlı ittiham irəli sürülsə də, sonradan iqtisadi cinayətlərdə günahlandırılıb. Hazırda 10 il həbs cəzası ilə 2 saylı cəzaçəkmə müəssisəsində saxlanır.

Şərhləri göstər

XS
SM
MD
LG