Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:45

Musəvinin xanımı Əhmədinejadı məhkəməylə hədələyir


Musəvinin özü də Əhmədinejaddan ölkənin ali dini rəhbəri Ayətullah Əli Xameneyiyə şikayət məktubu göndərib

Musəvinin özü də Əhmədinejaddan ölkənin ali dini rəhbəri Ayətullah Əli Xameneyiyə şikayət məktubu göndərib

İranda prezidentliyə namizəd Mir Hüseyn Musəvinin xanımı Zəhra Rahnavard prezident Mahmud Əhmədinejadı məhkəməyə verəcəyini deyib. İranda ilk dəfə öz ərinin seçki kampaniyasına qatılan bu qadın prezident Əhmədinejadın hədəfinə çevrilib.

«ƏGƏR O, MƏNƏ QARŞI YARAMAZ DAVRANIŞINA GÖRƏ ÜZR İSTƏMƏSƏ, VƏKİL İŞİ MƏHKƏMƏYƏ VERƏCƏK»

İndiki prezident teledebatda bildirib ki, Zəhra Rahnavardın Tehranın Azad Universitetindən aldığı siyasi elmlər doktoru elmi dərəcəsi saxtadır. Xanım Rahnavard isə həmin iddianı rədd edərək deyir: «Mən vəkil tutmuşam. Əgər o, mənə qarşı yaramaz davranışına görə üzr istəməsə, vəkil işi məhkəməyə verəcək».

Zəhra Rahnavard Əhmədinejadı yalançı adlandıraraq ona bazar ertəsi gecəyarısına qədər vaxt verib ki, üzr istəməsə, məhkəməyə müraciət edəcək.

Azad Universitetindən də xüsusi məlumat yayaraq xanım Rahnavardın 1995-ci ildə bütün zəruri tələblərə cavab verərək həmin elmi adı aldığı bildirilib.

Mir Hüseyn Musəvinin özü də Əhmədinejaddan ölkənin ali dini rəhbəri olan Ayətullah Əli Xameneyiyə şikayət məktubu göndərib. Musəvi rəqibi olan hazırkı prezidenti onun tərəfdarlarına haqsız ittihamlar irəli sürməkdə və seçkiyə bir neçə gün qalmış onun seçki kampaniyasını pozmaqda ittiham edib.

Bundan əvvəl Əhmədinejad rəqibi olan Musəvini korrupsiyada ittiham olunan bəzi adamlarla əlaqədə ittiham etmişdi.

XAMENEYİ RƏQİBLƏRİ SAKİTLİYƏ ÇAĞIRIB

Hələlik Musəvinin Xameneyiyə məktubunun məzmunu açıqlanmır. Onun nümayəndələri yalnız onu bildiriblər ki, şənbə günü çap olunan bəzi qəzetlərdə namizədin müdafiəçilərinin əleyhinə saxta sənədlər çap olunub.

İranda bütün məsələlərdə söz sahibi olan Xameneyi də rəqibləri və onların müdafiəçilərini sakitliyə çağırıb.

Amma bu çağırışa məhəl qoyan yoxdur. Hətta, prezident seçkilərində namizəd olmayan bəzi siyasətçilər və onların yaxınları Əhmədinejadın korrupsiya ittihamlarını rədd edərək onu məhkəməyə verəcəkləri ilə hədələyiblər.

Ötən həftə keçirilən teledebatda Musəvi də prezidenti ölkədə diktatura yaratmaqda və «Holokost olmayıb» kimi sözlərlə dövlətin imicinə xələl gətirməkdə ittiham edib.

Musəvi 1980-ci illərdə - İranın İraqla müharibəsi dövründə ölkənin Baş naziri olub və İranda islahatçıların nümayəndəsidir. İslahatçılar Qərblə daha yaxşı əlaqələri və ölkədə qadağaların azaldılmasını istəyirlər.

İranda prezident seçkisi iyunun 12-də keçiriləcək.

Bu seçkidə yenidən prezident olmaq istəyən Əhmədinejada qarşı əsasən kasıbların müdafiə etdiyi və indiki prezidenti ölkənin iqtisadiyyatını çökdürməkdə ittiham edən Musəvi dayanıb. Bundan başqa, digər islahatçı namizəd, parlamentin keçmiş spikeri Mehdi Kərrubi və İnqilab Qvardiyasının sabiq rəhbəri, mühafizəkar Möhsün Rzai də Əhmədinejadın rəqibidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG