Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:52

«Təsadüfi adamlar karikatura çəkməməlidirlər»


Karikaturaçı rəssam Bayram Hacızadə

Karikaturaçı rəssam Bayram Hacızadə

«Azadlıq» radiosunun «Tanınmışlar» verilişinin budəfəki qonağı Azərbaycanın əməkdar incəsənət xadimi, karikaturaçı rəssam Bayram Hacızadədir.

1987-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1994-cü ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.

2005-dən Azərbaycan Rəssamlar İttifaqının karikatura bölməsinin rəhbəri, «Biz və karikatura» jurnalının baş redaktorudur.

Əsərləri müxtəlif ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə qızıl, bürünc medallara və xüsusi mükafatlara layiq görülüb.

Hazırda müxtəlif ölkələrdə nəşr olunan satirik jurnalların redaksiya heyətinin üzvü, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının Azərbaycan qrupunun prezidentidir. Bu sahədə 6 kitabın, 50-yə yaxın elmi və publisistik məqalənin müəllifidir. Sənətşünaslıq elmləri namizədidir. Bir vaxtlar təhsil aldığı Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.

ABŞ «KARTUNİON» Beynəlxalq Karikaturaçılar Klubunun fəxri üzvüdür.

- İşləriniz necə gedir?

- Çalışırıq. Əgər iş varsa, əmək varsa, sonda nailiyyət də olmalıdır.

- Yaşınızla nailiyyətlərinizi müqayisə edəndə, vaxtdan yaxşı istifadə etdiyiniz bəlli olur. Niyə məhz karikaturaçı rəssam oldunuz?

«25 İLLİK FƏALİYYƏTİMDƏ BELƏ HALLA RASTLAŞMAMIŞAM»

- Düzü karikatura ilə hələ orta məktəbdən məşğul idim. Sovet dövrü adlandırdığımız vaxtlarda çap olunan dövrü mətbuatda, dövlət qəzetlərində mütəmadi olaraq karikaturalarım dərc olunurdu. Açığı marağım vardı. Çünki karikaturaya hər zaman maraq olub. Bu günə qədər də bu sahəyə müraciət edirəm. Amma deyə bilmərəm konkret hansısa bir səbəbi var. Bəlkə də bu da bizim yolumuzdur.

- Məhz karikatura çəkməklə məşğul olmaq fərdin özünü daima neqativliyə meylli etmir ki?

- İstisnalar olur. Amma əksər hallarda yox. Karikatura özlüyündə tənqid olsa da, əksər hallarda onunla məşğul olanlar yüksək yumor hissinə malik insanlardır. Halbuki, karikaturalarına baxırsan, qara yumordur (biz bunu belə adlandırırıq). Hətta inana bilmirsən ki, bu, həmin insanın düşüncəsinin məhsuludur. Amma buna görə neqativliyə meyllənmə müşahidə etməmişəm.

- Karikaturaya görə sizi mükafatlandırıblar. Amma buna görə sizi cəzalandırıblarmı?

- Xeyr, mənim təcrübəmdə belə şey olmayıb. Ağa qara demirsənsə, niyə kimsə səndən incisin. Fərqi yoxdur hansı sahədə, əgər tənqid təhqirə keçmirsə, kökündə obyektivlik varsa, məncə, orada inciyəsi, küsəsi, yaxud cəzalandırılası bir şey olmamalıdır.

- Kökündə obyektivlik dayanan tənqidə məruz qalmısınız ya yox?

- Tam səmimi deyirəm ki, 25 illik fəaliyyətimdə belə halla rastlaşmamışam.

«TƏSADÜFİ ADAMLAR KARİKATURA ÇƏKMƏMƏLİDİRLƏR»

- Son illərin təcrübəsi göstərdi ki, karikatura həm də dinləri, millətləri üz-üzə qoya bilir. Buna münasibətiniz.

- Bu, çox ağrılı mövzudur. Əslində, hər bir halda karikatura mədəniyyətləri birləşdirməyə, insanlar arasında körpü olmağa xidmət etməlidir. Amma təəssüf ki, bəzən bunun əksini müşahidə edirik. Mən deyə bilmərəm bunun arxasında nə dayanır. Amma məncə, təsadüfi adamlar karikatura çəkməməlidirlər. Karikaturaçı çəkdiyinin məsuliyyətini dərk eləməlidir. Digər insanlar üçün inam, inanc yeri olan obyektləri tənqid etmək olmaz. Bu, fəsadlar törədir. Ona görə müəyyən çərçivələr gözlənməlidir.

- Siz rəssamsınız, karikatura ilə yanaşı həm də portretlər, əsərlər yaradırsınız. Bir gün sizdən Tanrını çəkməyi xahiş etsəydilər, nə çəkərdiniz?

- Düzü bu haqda heç fikirləşməmişəm. Amma mən bəlkə də təbiəti çəkərdim.

- Belə bir deyim var «Tanrının sadiq qulu». Nə dərəcədə özünüzü sadiq hesab edirsiniz?

- Deməzdim ki, tam sadiqəm. Və inanmıram da ki, kimsə tam sadiq ola bilər. Əgər insanıqsa, Allah bəndəsiyiksə, hamımızın səhvi, günahı var. İstəsək də, istəməsək də, bilərəkdən ya qeyri-ixtiyari haradasa müəyyən insafsızlığa, haqsızlığa yol veririk. Və heç kim bundan sığortalanmayıb. Amma ümumiyyətlə qoyduğunuz sualdakı nə «sadiq», nə də «qul» sözündən istifadə etmək istəməzdim. Tam sadiq ola bilmədiyimizi dedim. Amma qul da olmaq istəmərəm. Çünki haradasa özümüzün də iddialarımız olur. Mən inanmıram ki, qul iddialı ola bilsin. Belə götürəndə də ki, sadiqlik, fərqi yoxdur nəyə (Tanrıya, insana, vətəninə, millətinə) gərək insanın qanında olsun. Özü də ağlı kəsən gündən ölənədək.

«O DÜNYAYA İNANMIRAM»

- Bəs öləndən sonrakı vəziyyəti təsəvvür edə bilirsiniz ya yox?

- Açığı, mən o dünyaya inanmıram. Amma hər bir halda bilirəm ki, kimisə incitdiyimizə, elədiyimiz hansısa haqsızlığa görə cavab verəcəyik. Bilmirəm bu, hansı formada olacaq. Amma əminəm ki, belə də olmaz. Açığı ona da inana bilmirəm ki, insan öldüsə, hər şey bitir...

- Heç vaxt gerçəkləşdirə bilməyəcəyiniz arzunuz var?

- Yox. İnsanın əlində mən fikirləşmirəm ki, nəsə çətin ola bilər. Əgər fiziki və əqli imkanları normaldırsa, qarşısına məqsəd qoyub ona nail ola bilər.

- Bəs sizi nə narahat edir?

- Çox şey.

- Ən çox narahat edən nədir?

- Bilirsiniz, elə məsələlər var ki, onu həll etmək bir fərd olaraq bizim imkanlarımız daxilində deyil. Məsələn, mənə bu gün desələr ki, istədiyin bir arzunu yerinə yetirə bilərik, deyərəm qoy ərazi bütövlüyümüz bərpa olunsun.

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG