Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:01

Məscidlər kommersiya məqsədləri üçün tikilir?


«Neft Daşları»ndaki məscid
«Bizim yol» qəzeti: «Məscidlər kommersiya məqsədləri üçün tikilir?»

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov ölkədə məscidlərlə bağlı yaşanan problemlərə münasibət açıqlayıb. O, bəzi məscidlərin kommersiya məqsədilə tikildiyini deyərək, hansısa şəxslərin məscid tikdirib nəzir qutularına göz dikməsinə işarə edib.

Ancaq Dini Etiqad və Vicdan Azadlığı Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu dövlət rəsmisinin bəyanatı ilə razılaşmır:

«Əgər söhbət son bir ayda şəhərdə sökülən iki məsciddən gedirsə, onların kim tərəfindən tikilməsinə diqqət çəkilməlidir. «Neft Daşları»ndakı məscidi Dövlət Neft Şirkəti tikib. Necə ola bilər ki, rəsmi dövlət strukturu gəlir əldə etmək məqsədilə «Neft Daşları»nda məscid tiksin? Məncə, «Neft Daşları»ndakı məscidin gəlir məqsədilə tikilməsi yeni və maraqlı versiya olardı. Digər məscid isə paytaxtın mərkəzində tikilib. Amma onu tikən şəxs bəyan edirdi ki, tikdirdiyi məscidi könüllü surətdə dövlətin ixtiyarına verməyə hazırdır. Təki ordan aidiyyəti üzrə istifadə etsinlər»...


«Azadlıq» qəzeti: «Azərbaycanlı yazıçı həbs oluna bilər»

Moskvada yaşayan azərbaycanlı yazıçı, böyük səs-küy doğuran «Qastarbayter» kitabının müəllifi Eduard Bağırov məhkəməyə verilib.

Bu barədə «Azadlıq»ın Moskvadakı mənbələri xəbər verib. Mənbənin dediyinə görə, Bağırovu bir neçə millətçi qurum məhkəməyə verib. Onlar həmyerlimizi rus xalqını təhqir etməkdə günahlandırırlar.

Mənşəcə azərbaycanlı yazıçının əsərinin Rusiya bestsellerinə çevrilməsi əslində yerli hakimiyyət orqanlarını bərk narahat edirdi. Çünki bu kitabda Kremlin miqrasiya siyasəti bədii boyalarla kəskin tənqid olunur. Moskvadakı «Populyarnaya literatura» nəşriyyatında çapdan çıxan «Qastarbayter» romanı tənqidçilərin fikrincə, son illərin ən səs-küylü və əsas kitabına çevrilib…

Kitabın qəhrəmanı 20 yaşlı Jenya Əliyevin anası 70-ci illərdə Volqaboyundan Türkmənistana köçmüş rus qadın, atası isə bu ölkədə yaşayan azərbaycanlıdır. Real hadisələrə əsaslanan kitabda Türkmənistandan Moskvaya gəlmiş bu gənc qastarbayterin başına gələn macəralardan bəhs edilir. Qəhrəman fiziki baxımdan azərbaycanlıya oxşamasa belə, anadan olduğu yer və daşıdığı soyad ucbatından Rusiyada «qara», Asiyada isə «rus» kimi təqiblərə məruz qalır...

E.Bağırov 1975-ci ildə Türkmənistanda anadan olub. Bağırovun atası azərbaycanlı, anası isə rusdur...


«Yeni Azərbaycan» qəzeti: «Dünyanı bürümüş maliyyə böhranı şəraitində Azərbaycanda iqtisadi durum sabitdir»

İyunun 5-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə daimi nümayəndəsi Koba Qvenetadze mətbuat konfransı keçirib.

K.Qvenetadze dünyanın, Qafqaz və Mərkəzi Asiya ölkələrinin, o cümlədən Azərbaycanın iqtisadi inkişaf perspektivlərindən danışıb, BVF-nin 2009-2010-cu illər üzrə proqnozlarını diqqətə çatdırıb. Bu proqnozlara görə, dünya ölkələrinin dörddə üçündə ümumi daxili məhsul üzrə ümumiyyətlə artım olmayacaq. Əgər böhran davam edərsə, bəzi ölkələr üçün real təhlükə yaranacaq. Bildirib ki, Qafqaz və Mərkəzi Asiya ölkələrinin bir çoxu Rusiyadan gələn pul köçürmələrindən asılıdır. Cari ildə bu pul köçürmələrinin məbləği xeyli azalıb, bu da əsasən Ermənistan, Gürcüstan Qırğızıstan və Tacikistanda iqtisadi vəziyyətə çox pis təsir göstərib. Dünyanı bürümüş maliyyə və iqtisadi böhran şəraitində neft və qaz ixrac edən ölkələrdə vəziyyətin sabitliyini diqqətə çatdıran K.Qvenetadze bu böhranın Azərbaycana cüzi təsir etdiyini, proqnoza əsasən, Azərbaycanda 2010-cu ildə də qeyri-neft sektoru üzrə məhsul istehsalının artacağını söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG