Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:26

Obamanın çıxışına azərbaycanlı politoloqun iradı


Obama Misirdə islam dünyasına müraciət edir - 4 iyun 2009
Obama Misirdə islam dünyasına müraciət edir - 4 iyun 2009
«ABŞ prezidentinin müsəlmanlara müraciəti bu iki qütb arasında indiyə qədərki gərginliyi aradan qaldıracaq».

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov belə hesab edir. Onun sözlərinə görə, Obamanın bu çıxışından sonra bir daha aydın oldu ki, Amerika ilə müsəlman dünyası arasında müzakirə ediləcək xeyli məqamlar var:

«Son illər Amerika ilə müsəlman ölkələri arasında müəyyən narahatlıqlar yaşanırdı. Bu da əsasən Əfqanıstan və İraqda aparılan siyasətin nəticəsi idi. Amma iyunun 4-dəki çıxışdan sonra bu ölkənin islam aləmilə bağlı daha səmərəli addımlar atması gözləniləndir».

«ŞƏRQ DÜNYASI İLƏ ABŞ ARASINDA RASİONAL ZİDDİYƏT YOXDUR»

Politoloq Hikmət Hacızadə isə deyir ki, əslində, Şərq dünyası ilə ABŞ arasında rasional ziddiyət yoxdur, hər şey emosiyalar üzərindədir. Onun sözlərinə görə, bəlkə bu müraciətlə Obama Şərq dünyasının könlünü ala bildi:

«Buş bizə belə dedi, bizə yuxarıdan aşağı baxdı, neftimizi aparmaq istədi, amma Obama gələcək, bizi saya salacaq, onunla da hər şey düzələcək. Təxminən ərəb dünyasında indiki əhval-ruhiyyə belədir».

Ancaq H.Hacızadənin ABŞ prezidentinin müsəlmanlara müraciətinə bir iradı da var. Deyir ki, əksəriyyətində avtoritar rejimlərin olduğu müsəlman ölkələrinə müraciətində Obama demokratiyadan az danışıb:

«Sən avtoritar rejimlərlə təmasda olursan, onlara hər cür yardım edirsən, amma ordakı xalqlar zülm altındadır. İkincisi də avtoritar rejimlər özləri bir təhlükədir».

Bu baxımdan da o hesab edir ki, müsəlman aləmilə münasibətlər normallaşandan sonra ABŞ-ın bu ölkələrdən demokratiya tələb etməsi yenidən münasibətləri korlaya bilər.

«OBAMA MESAJ VERDİ Kİ, ARTIQ O SİYASƏT BİTDİ»

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Orucluya görəsə, bundan əvvəlki ABŞ administrasiyasının müsəlman ölkələrilə bağlı apardığı siyasət həmin ölkələrdə Birləşmiş Ştatların düşmən obrazının yaranmasına səbəb olmuşdu. Politoloq hesab edir ki, Obama bu siyasətin Amerikanın dünyadakı maraqlarına nə qədər ziyan vurduğunu yaxşı anlayır və belə bir müraciət etməklə əvvəlki siyasətin artıq olmadığını bildirmək istəyir:

«Müsəlman dünyasına mesaj verir ki, artıq o siyasət bitdi. Bu gün Vaşinqtonda həmin siyasətin daşıyıcıları deyil, tamamilə başqa mövqedə dayanan insanlar iş başındadır. Məncə, mesaj əsasən bundan ibarət idi».

Ə.Oruclu deyir ki, müraciətin müəyyən nəticəsi ola bilər. Onun sözlərinə görə, bu, özünü Amerikanın Əfqanıstan, İraq və Yaxın Şərq siyasətində göstərə bilər:

«Artıq İran siyasətilə bağlı konkret mesajlar olub. İndiki administrasiya bəyan edib ki, İranla bağlı ziddiyyətlərin güc və silah vasitəsilə həll olunmasını məqbul hesab etmir».

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də Obamanın çıxışını müsbət qiymətləndirir. O «Turan»a müsahibəsində deyib ki, Obamanın islam dünyasına müraciətini bəyənir, amma arzu edir ki, həmin fikirlər gerçəkdə əksini tapsın.
XS
SM
MD
LG