Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:02

Terrorçuluqda günahlandırılan zabit peşman deyil


Təqsirləndirilən Kamran Əsədov həbsdən çıxandan sonra da islam uğrunda və kafirlərə qarşı mübarizə aparacağını deyib

Təqsirləndirilən Kamran Əsədov həbsdən çıxandan sonra da islam uğrunda və kafirlərə qarşı mübarizə aparacağını deyib

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Milli Ordunun keçmiş zabiti Kamran Əsədovun və daha 19 nəfərin prosesində təqsirləndirilənlər son söz deyiblər. Onlar terrorçuluqda, quldurluqda, qanunsuz silahlı birləşmə yaratmaqda ittiham olunurlar.

«MƏN BU MÜBARİZƏYƏ ALLAH YOLUNDA ÇIXMIŞAM»

İstintaq materiallarında göstərilir ki, 1975-ci il təvəllüdlü Kamran Əsədov 2007-i il oktyabrın 24-də Xanlar rayonundakı hərbi hissədən qaçıb. Özü ilə 4 avtomat, pulemyot, 20 qumbara və çoxlu sayda patron götürüb. Silah-sursatın bir hissəsini İsmayıllı rayonunda gizlədib, bundan sonra qrup üzvləri ABŞ və Böyük Britaniyanın səfirliklərinə qarşı terror aktı törətmək üçün Bakıya gəliblər. Onlardan bir neçəsi oktyabrın 27-də Maştağada saxlanıblar. Silahlı müqavimət göstərənlərdən biri isə həmin vaxt ölüb. Daha sonra qrupun iki üzvü saxlanıb və dindirmə zamanı planları və niyyətləri haqqında məlumat veriblər. Noyabrın 9-da isə İsmayıllı rayonunda Kamran Əsədov və qrupun başqa bir üzvü saxlanıb.

Kamran Əsədov son sözündə deyib ki, etdiyi əməllərinə görə, heç vaxt peşman olmayacaq:

«Mən bu mübarizəyə Allah yolunda çıxmışam, mükafatı da ondan gözləyirəm».

Kamran Əsədov həbsdən çıxandan sonra da islam uğrunda və kafirlərə qarşı mübarizə aparacağını deyib.

«CİHAD MƏNİM HƏYAT TƏRZİMDİR»

Digər təqsirləndirilən İlkin İsmayılov da ona qarşı irəli sürülən ittiham üzrə özünü günahkar saymadı:

«Mən əqidəmə görə ömürlük həbs cəzası almağa belə hazıram. Ədalətli olan ancaq Allahdır, ona qarşı irəli sürülmüş ittihamlarsa zəifliyin göstəricisidir».

Təqsirləndirilən Kamran Babayev də həbsə müsəlman olduğu üçün düşdüyünü bildirib:

«Özümü təqsirli bilmirəm, islam düşmənlərinə qarşı mübarizə aparacağam. Cihad mənim həyat tərzimdir, məhkəmədən isə ədalətli qərar gözləmirəm».

Təqsirləndirilən Vüqar Cəlilov isə dedi ki, ona qarşı irəli sürülən ittihamlar böhtandır:

«Mən burda haqsız yerə oturmuşam. Məndən indiyə qədər Amerika səfirliyinə hücum etmək niyyətimin olub-olmadığını soruşmayıblar da».

Təqsirləndirilənlərin çoxusa bildirib ki, onların əməllərində cinayət tərkibi yoxdur. Bəziləri isə son söz deməkdən imtina ediblər.

«MƏNİM OĞLUM DİNİ ƏQİDƏSİNƏ GÖRƏ TUTULUB»

Təqsirləndirilənlərin valideynləri də övladlarının dini əqidəsinə görə həbs olunduğunu deyirlər. Onlardan biri Məsmə Babayeva iddia edir ki, oğlu Kamran Babayev günahsızdır:

«Mənim oğlum dini əqidəsinə görə tutulub. O heç də ittihamda göstərildiyi kimi, Amerika səfirliyini partlatmaq istəməyib, hansısa qurumlara hücum etmək istəməyib. Onu əqidəsinə görə tutub Kamran Əsədovla əlaqələndiriblər».

Qismət Məhərrəmova isə deyir ki, həyat yoldaşı Şəhriyar Məhərrəmov bu işdə günahlandırılan qardaşının güdazına gedib:

«Qaynımı tutmaq üçün gələndə həyat yoldaşımı da tutdular ki, sən cinayəti bilib xəbər verməmisən. Qapımızı sındırdılar, döyüb apardılar. Qardaşı namaz qılandı, özü isə yox».

«ONLARIN ƏMƏLLƏRİNİN İSLAMLA HEÇ BİR ƏLAQƏSİ YOXDUR»

Dövlət ittihamçısı Oruc Cəlilov isə deyib ki, təqsirləndirilənlər öz qanunazidd hərəkətlərini din altında gizlədiblər, ancaq onların əməllərinin islamla heç bir əlaqəsi yoxdur. Prokuror Kamran Əsədov da daxil olmaqla 7 nəfərin 15 il, 4 nəfərin 13 il, 5 nəfərin 12 il, qalanlarınınsa 2 ildən 7 ilə qədər azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib. Onların vəkilləri isə deyirlər ki, təqsirləndirilənlərin bəzilərinin əməllərində terror yoxdur, hüquq-mühafizə orqanları terrorun qarşısını almaq görüntüsü yaratmaq istəyirlər.

Məhkəmə hökmü gələn həftə oxunacaq.

Şərhləri göstər

XS
SM
MD
LG