Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:50

MTRŞ əlavə səlahiyyətlər tələb edir


Bu barədə iyunun 5-də MTRŞ rəhbəri Nuşirəvan Məhərrəmli bildirib

Bu barədə iyunun 5-də MTRŞ rəhbəri Nuşirəvan Məhərrəmli bildirib

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) ona məhkəmə qərarı olmadan teleradio qurumlarının yayımını 1 həftə müddətinə dayandırmaq səlahiyyəti verilməsinin tərəfdarıdır. Bu barədə iyunun 5-də MTRŞ rəhbəri Nuşirəvan Məhərrəmli bildirib.

«Bizim ölkəmiz həssas regionda yerləşir, burada terror və separatizm təhlükəsi mövcuddur. Buna görə tənzimləyicinin terrora, separatçılığa, etnik ayrı-seçkilik salmaya və s. çağırış olduğu hallarda yayımı operativ dayandırmaq səlahiyyəti olmalıdır. Məhkəmələrdə müvafiq müraciətlərə baxılması həftələrlə və hətta aylarla davam edə bilər. MTRŞ-ın hüquqşünasları var ki, onlar operativ araşdırma aparıb qərar qəbul etməkdə heç də məhkəmələrdən geri qalmazlar»,-
deyə Məhərrəmli «Teleradio sahəsində Azərbaycan qanunvericiliyinin tənzimlənməsi» mövzusunda konfransda çıxış edərkən bildirib.

O, parlamentin bu ilin aprelində teleradioyayım haqqında qanuna düzəlişlər qəbul edərkən MTRŞ-ın bu təklifini nəzərə almaması ilə bağlı təəssüfünü bildirib:

«Amma biz bu istiqamətdə işi davam etdirəcəyik».

Lakin beynəlxalq «IREX Pro media» təşkilatının hüquqşünası Ələsgər Məmmədli tənzimləyiciyə müstəqil olaraq yayımı dayandırmaq səlahiyyəti verilməsi ideyası ilə razı olmadığını bildirib. Qanunvericiliyə artıq MTRŞ-a məhkəmə vasitəsilə yayımı 1 həftədən 1 aya qədər dayandırmaq imkanı verən düzəliş edilib. «TV-nin işinin 1 ay müddətinə dayandırılması bağlanmağa bərabər ola bilər», - deyə Ə.Məmmədli bildirib. Qanuna edilmiş bu və digər düzəlişlər məhdudlaşdırıcı xarakter daşıyır, məsələn, məhkəməyə ildə üç dəfə xəbərdarlıq edildikdən sonra lisenziyanın ləğvi haqda iddia verilməsi. Beləliklə, MTRŞ onu qane etməyən yayımçıların lisenziyalarını ləğv edə bilər.

Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı isə xarici teleradioşirkətləri Azərbaycanda ictimai əhəmiyyətli tədbirlərdən (seçkilər və s.) reportajları peyk vasitəsilə yayımlamaq üçün xüsusi razılıq almağa vadar edən yeniliyi tənqidə məruz qoyub. Peyk vasitəsi ilə yayımlama üçün onsuz da üç instansiyadan - MTN, Milli Tezliklər üzrə Hökumət Komissiyası və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən icazə almaq lazımdır. İndi MTRŞ də onlara əlavə edilir.

Avropa İttifaqı eksperti Eve Salomon «Televiziya və radio yayımı haqqında» qanuna düzəlişlər edilməzdən əvvəl beynəlxalq ekspertlərlə məsləhətləşmələr aparılmasının tərəfdarı olduğunu bildirib. Beynəlxalq təcrübə lisenziyaların ləğvinə yol verir, amma belə addımların atılması arzuolunmazdır. Belə hallarda məsələləri tənzimləyici və yayımçı arasında dialoq yolu ilə həll etmək daha yaxşıdır, nəinki, cəzalandırmaq.

«Teleradioyayımı haqqında» qanuna bu ilin aprelində edilmiş düzəlişlər hələ prezident tərəfindən imzalanmayıb.

/Turan/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG