Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:17

Baş prokurorun təyinatıyla bağlı məhdudiyyət aradan qaldırıla bilər


Baş prokuror Zakir Qaralov
«Prokurorluq haqqında» qanuna dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə sənəd daxil olub və müzakirəyə çıxarılacaq. Bu haqda komitənin sədri Əli Hüseynov «Azadlıq» radiosuna məlumat verib.

«BU FORMAL BİR MƏHDUDİYYƏTDİR, ONA NƏ EHTİYAC VAR?»

Sənədə görə, qanuna dəyişikliklər edilməli, baş prokurorun təyinatı ilə bağlı məhdudiyyətlər aradan qaldırılmalıdır. Əli Hüseynov deyir ki, bu məsələyə birmənalı müsbət yanaşır:

«Bu formal bir məhdudiyyətdir, ona nə ehtiyac var? Məhdudiyyətin götürülməsi qanunvericilik sisteminə heç bir ziddiyyət təşkil etmir. Çünki istənilən halda namizəd ölkə başçısı tərəfindən təqdim olunur və parlament onu təsdiqləyir. Burda demokratik seçim prosesi var. Bir var seçim olmaya, bir şəxs seçimsiz təyin oluna, bir də var ki, o seçki prosesi qalır. Sadəcə məhdudiyyət aradan götürülür. Bu demokratik prinsiplərə ziddiyyət təşkil etmir».

«BU, MONARXİST REJİMİN MAHİYYƏTİNDƏN İRƏLİ GƏLƏN ADDIMDIR»

Hüquqi Dövlət Araşdırmaları Fondunun rəhbəri Müzəffər Baxışov deyir ki, bu qanuna ediləcək dəyişiklik hüquqi deyil, antidemokratik quruluşdan xəbər verir. Hüquqşünas deyir ki, prezidentin səlahiyyət müddəti artırılandan sonra vəzifəli şəxslər onların da səlahiyyətlərinə məhdudiyyət qoyulmamasını tələb etməyə başlayıblar:

«Prokurorluq haqqında» qanunun 16-cı maddəsinə dəyişiklik etmək istəyirlər. İxtisaslaşdırılmış prokurorlar ümumiyyətlə eyni ərazidə 10 ildən artıq işləyə bilməzdilər. Baş prokuror da iki müddətdən artıq vəzifəyə təyin oluna bilməzdi. İndi isə baş prokurorun iki dəfədən artıq vəzifəyə təyin edilməsinə qoyulmuş məhdudiyyət aradan götürülür. Bu Azərbaycanda monarxist bir rejimin mahiyyətindən irəli gələn bir addımdır. Çox qanunsuz bir hərəkətdir. Azərbaycan kimi ölkələrdə belə bir şəxsə uzunmüddətli etimadın göstərilməsi qanunçuluq prinsipinin ayaqlar altına atılması deməkdir».

ƏLİ HƏSƏNOVUN MÜNASİBƏTİ

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə bildirir ki, müxtəlif dövlət vəzifələrinə seçilmə müddəti ilə bağlı məhdudiyyətlərin ləğvi normaldır. «Əgər bu insanlar öz fəaliyyətlərini normal davam etdirə bilirlərsə, niyə onların təkrar seçilmə hüquqları məhdudlaşdırılmalıdır». Həsənov bir şəxsin ombudsman seçilməsinə məhdudiyyətinin ləğvini və baş prokuror üçün analoji limitin ləğvini nəzərdə tutan qanun layihəsini şərh edərkən bildirib.

BİR ŞƏXS 10 İLDƏN ARTIQ BIR VƏZİFƏDƏ QALARSA…

Hüquqşünas Əyyub Kərimov isə deyir ki, vəzifələrin ömürlük təyin olunması daha yaxşı variantdır:

«Yaxşı olardı ki, Konstitusiyaya birdəfəlik yazsınlar ki, vəzifələr ömürlükdür. Daxili işlər, səhiyyə, ədliyyə nazirlərini də, digər vəzifələri də ömürlük etsinlər. Hər dəfə bir düzəliş, hər dəfə bir dəyişiklikdənsə, belə daha yaxşıdır».

Hüquqşünaslar onu da deyirlər ki, bir şəxsin 10 ildən artıq bir vəzifədə qalması korrupsiyaya, vəzifədən sui-istifadəyə, qanunsuzluğa da şərait yaradır.

18 mart referendumu bir şəxsin bir neçə dəfə prezident seçilməsinə yol açandan sonra parlament bir şəxsin bir dəfədən artıq ombudsman seçilməsini qanuniləşdirib.

Şərhləri göstər

XS
SM
MD
LG