Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:48

Miqrantların qeydiyyat problemi…


Əfqanıstandan gələn Məhəmmədəzim Seyid 17 ildir Azərbaycanda yaşayır
Əfqanıstandan gələn Məhəmmədəzim Seyid 17 ildir Azərbaycanda yaşayır
«1992-ci ildən mən Azərbaycanda yaşayıram. Burada ailə qurmuşam, amma «ZAQS»ım yoxdur. Hara gedirəm «ZAQS»ımızı kəsdirə bilmirəm. Biz BMT-də qeydiyyatdayıq. Buranın həkimləri mənim uşaqlarımı, ailəmi müalicə etmir. Deyir bura azərbaycanlılar üçündür. Bizə qarşı haqsızlıq çoxdur».

17 İLDİR AZƏRBAYCANDA YAŞAYIR, HƏLƏ DƏ QEYDİYYATA DÜŞƏ BİLMİR

Əfqanıstandan gələn Məhəmmədəzim Seyid 17 ildir Azərbaycanda yaşayır, ancaq hələ də qeydiyyata düşə, vətəndaşlıq ala bilməyib. Qeyri-qanuni miqrant kimi yaşayan Seyid deyir ki, hara baş vurubsa indiyəcən xeyri olmayıb. İndi tikintidə işləyir. Deyir ki, onun kimi qeyri-qanuni miqrantlar yalnız özəl tikintilərdə iş tapa bilirlər. Ancaq tikinti şirkəti ilə əmək müqaviləsi olmadığından da şikayətlərini elə içlərindəcə boğmağa məcbur qalırlar.

«-Biz qeydiyyatda deyilik deyə heç kimlə müqavilə bağlaya da bilmirik. Qanuni sənədimiz, qeydiyyatımız olmalıdır. Ancaq özəl tikintilərə gedib fəhlə kimi işləyə bilirik.
-Sizin kimi bu tikintidə başqa əfqan da varmı?
-Burada haradasa 15 əfqan fəhlə çalışır…»

AZƏRBAYCANDA NƏ QƏDƏR MİQRANT YAŞAYIR?

Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda 100 mindən çox statusu bəlli olmayan şəxs yaşayır. 50 mindən çox əcnəbinin ya etibarlılıq sənədi yoxdur, ya da sənədlərinin etibarlılıq müddəti keçib.

Azərbaycandakı miqrantların əksəriyyətini Pakistan, Əfqanıstan, Filippin və Nigeriya ilə yanaşı Gürcüstan, Mərkəzi Asiya ölkələri, Rusiya, Ukraynadan gələnlər təşkil edir.

Beynəlxalq Miqrasiya Təşkilatının yeni hesabatına görə, Azərbaycanda əcnəbilərin əksəriyyəti neft, tikinti, nəqliyyat və xidmət sənayesi, maliyyə və sığorta sektorunda çalışır. Təşkilat hesab edir ki, regionda münaqişələr və qeyri-sabitlik Azərbaycana gələnlərin sayının artmasına səbəb olub. İqtisadi inkişaf da xariciləri Azərbaycana cəlb edən amillərdəndir.

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir ki, ötən ilin iyunundan miqrantlar üçün qaydalar dəyişib. Əgər əvvəllər əcnəbi Azərbaycana gəlmək istəyirdisə öz ölkəsində Azərbaycan səfirliyinə müraciət etmək hüququ vardı. Ancaq bu normaya dəyişiklik edildi və hüquq məhdudlaşdırıldı.

«Mütləq əcnəbi Azərbaycana gəlməlidir, Azərbaycanda miqrant statusu almaq üçün əvvəlcə 1 il, daha sonra yenə 1 il və sonra 5 il status almalıdır. Bu isə Azərbaycana gəlmək arzusunda olan əcnəbilərin miqrant statusu olmadan ölkəyə axınına şərait yaradır. Bu tək Azərbaycanın iqtisadi şəraiti ilə bağlı deyil».

AZƏRBAYCAN ƏCNƏBİLƏRİN SADƏLƏŞDİRİLMİŞ QAYDADA VƏTƏNDAŞLIQ ƏLDƏ ETMƏSİNİ TANINMIR

Azərbaycan çox az dövlətlərdəndir ki, burada əcnəbilərin sadələşdirilmiş qaydada vətəndaşlıq əldə etmək hüququ tanınmır, beynəlxalq təşkilatların tövsiyələrinə baxmayaraq. Yəni əcnəbi azərbaycanlı ilə evlidirsə, bu əcnəbiyə Azərbaycan vətəndaşlığı almağa hüquq vermir.

Azərbaycanda vətəndaşlıq vermə səlahiyyəti ancaq prezidentə məxsusdur. Miqrasiya siyasətini isə Dövlət Miqrasiya Xidməti tənzimləyir. Xidmətin məlumatına görə, ötən il əcnəbi və vətəndaşlığı olmayan 18 mindən artıq şəxs status almaq üçün onlara müraciət edib.

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə deyir ki, miqrantların qeydiyyat məsələsinin həlli üçün onların barmaq izləri götürülməli və özlərini təqdim etdikləri adlara uyğun da sənədlərlə təmin olunmalıdırlar. Ekspertə görə, bu halda vəziyyət daha çox nəzarətdə ola bilər. Dövlət Miqrasiya Xidmətindən isə məsələ ilə bağlı əlavə məlumat almaq mümkün olmadı.
XS
SM
MD
LG