Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:35

Həbsxanalarda yeməyin keyfiyyəti necədir?


«Dustaqlara vaxtı keçmiş hansısa qida məhsullarının verilməsi ciddi etirazlar yarada bilər»
«Bizim yol»: «Son zamanlar Azərbaycanda yeyinti məhsulları ilə bağlı problem yaşanır. Hər gün mətbuat və ölkə kanalları vaxtı keçmiş məhsulların mağazalarda və ticarət obyektlərində satıldığına dair məlumatlar yayırlar. Bundan savayı, artıq bir neçə dəfə məlum olub ki, ölkədə murdar olmuş müxtəlif heyvanların ətlərinin də satılması halları mövcuddur.

Bütün bunlar ölkədə qida və yeyinti məhsullarının heçdə keyfiyyət baxımdan yüksək səviyyədə olmadığını göstərir. Ortaya isə maraqlı suallar çıxmaqda davam edir. Əcəba, əgər azadlıqda murdar olmuş ət, vaxtı keçmiş məhsullar satılırsa, islah əmək müəssisələrində dustaqlara verilən yeməklərin durumu nə yerdədir?

Həbsxanalarda monitorinqlər aparan hüquq mudafiəçisi, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Çingiz Qənizadə bildirib ki, əslində Azərbaycanda nə desən, gözləmək mümkündür. Onun sözlərinə görə, söhbət həbsxanalarda və ya azadlıqdan getmir, ümumiyyətlə, insanlar müəyyən dəyərlər var ki, onlardan uzaqlaşıb:

«Əlbəttə. Bütün insanlar belə deyil. Amma bizneslə məşğul olan insanların müəyyən hissəsi insani dəyərlərdən artıq uzaqlaşıblar. Məncə, bu kimi problemlərin hamısının inzibati yollarla həlli mümkün deyil. Ona görə insanlarda qeyd etdiyim dəyərlər olmalıdır ki, belə problemlər ortaya çıxmasın».

Ç.Qənizadə deyib ki, onlar 5 saylı cəzaçəkmə müəssisəsində köhnə ətin olduğunu müəyyən ediblər: «Bunun dərhal aktuallaşdırdıq, o dövrkü ictimai komitədə müzakirəyə çıxardıq və ətlərin oradan götürülməsinə nail olduq. Vaxtı keçmiş ərzaq məhsullarını, yeməyə uyğun olmayan əti satan insanlar dövlət orqanları ilə alış-verişdən qaçmaq yolu seçirlər. Dustaqların böyük əksəriyyəti öz hüquqlarını bilirlər. Bu mənada dustaqlara vaxtı keçmiş hansısa qida məhsullarının verilməsi nəinki ciddi etirazlar yarada, hətta buna görə, silsilə həbslər baş verə bilər».

«Azadlıq»: «Pərviz Əzimov adı gərək sizə tanış olsun. Son bir ayda mətbuat onun haqda çox yazıb. Onu Lənkəran Dövlət Universitetindən «Cənub xəbərləri» qəzetinə tənqidi məqalə yazdığına görə qovublar». Natiq Güləhmədoğlu «Əzimini itirmə, Pərviz» sərlövhəli köşə yazısında belə yazır.

«Rayona getməmiş Pərviz İlham Əliyevə açıq məktub yazdı. Məktub bizə tanış olan janrdaydı. Yəni belə: İlham müəllim, sizdən yoxdur, siz yeksiz, təksiz, analoqsuzsunuz… Amma sizin xəbəriniz yoxdur, bilmirsiniz ki, məmurlarınız gördükləriniz böyük işləri necə batırıb bulayırlar. Sizi gözdən salırlar, ya qibleyi-aləm. Bax elə mənim özümü…

Məktubu oxuyanda cin başıma vurdu. E-mail yazdım ki, Pərviz, ağlını itiribsən nədi? İlham müəllimin qəlbini belə düşük məktublarla fəth eləmək olmaz. Artıq o belə məktublardan iyrənir.
Bu söhbətdən sonra Pərviz oturub, oturub, düşünüb-daşınıb, durub dünən «qaynar.info»ya bir köşə yazıb. Köşəsində kövrək notlara toxunub.

Məsələn deyib ki, evlərində xərcləməyə pul yoxdur. Kasıbçılıqdır. İşıqları yanmır. Sevgilisi ondan üz döndərib. Bir yandan da ki universitetdən qovulmağı».

«Yeni Müsavat»: «Belə görünür ki, müdafiə naziri, 59 yaşlı general-polkovnik Səfər Axundbala oğlu Əbiyevin vaxtı çatıb: getməlidir. Əlbəttə, öz xoşuna olsa, bu, 20 ildən sonra da baş verməyəcək. Ölkəmizdə nəinki elə bir ənənə, heç presedent də yoxdur. Burda hamı vəzifədə ömürlük oturmaq istəyir. Və bu, bəzilərində alınır». Xalid Kazımlı «Ordunun «ded»i tərxis edilsin» başlıqlı yazısında belə iddia edir.

«Bu qədər bəsdir. Dünya üzərində onun qədər müdafiə naziri postunda çalışan general yoxdur. Kapitanlar var, bu müddət ərzində inkişaf ediblər, mayor, polkovnik, general olublar, müdafiə naziri təyin ediliblər. Axundbala oğlu isə 15 ildir generaldır və bir o qədərdir ki, müdafiə naziri postundadır.
Əbiyevin istefaya göndərilməsini zəruri edən «n» qədər səbəb var. Başlıcası, son günlər ordu daxilində baş verən hadisələrdir. Tərxis olunmasına 37 gün qalan əsgər (el sözü ilə desək, «dembel») öz əsgər yoldaşlarının və özünün həyatını puç etdi, onları güllələdi, özü isə ömürlük dustaq olacaq.

Qaraheybətdə hərbi hissədə kütləvi panika yaradıldı… Daha sonra Naxçıvanda bir əsgər iki yoldaşını güllələdi, onları ağır yaraladı, özünü öldürdü.

Bütün bu dəhşətli olaylar 10 günün içində baş verib. Bunlar qısa müddət çərçivəsində baş verdiyi üçün ajiotaj doğurur. Yoxsa orduda ölüm halları, zəhərlənmələr, günvurma, donvurma, döyülmə, təhqir edilmə halları xroniki şəkildədir, tədricən sürüb gedir».

«Yeni Azərbaycan»: «Regionların Sosial İqtisadi İnkişafı» Dövlət Proqramı çərçivəsində yeni infrastruktur layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilməsi öz müsbət təsirini göstərməkdədir». «Azərsutikinti» Açıq Səhmdar Cəmiyyətinin sədri, YAP İdarə Heyətinin üzvü Yusif Hümbətov müsahibəsində belə deyir.

«Son illərdə ölkə rəhbərliyi tərəfindən «Regionların Sosial İqtisadi İnkişafı» Dövlət Proqramı çərçivəsində regionlarda yeni-yeni infrastruktur layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilməsi bütün sahələrdə olduğu kimi meliorasiya tikintisinə də öz müsbət təsirini göstərməkdədir. Məhz bu tədbirlərdən irəli gələrək törəmə müəssisələrin rəhbərləri tenderlərdə aktiv iştirak edilməsi yolu ilə iş həcmlərinin artırılmasına nail olmuşlar».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG