Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:21

«Oğlumu nə vəziyyətə salıblar ki, silaha əl atıb»


əsgər Orxan Səfərov
«Hələ mart ayında oğlum təkidlə deyirdi ki, məni başqa rotaya dəyiş, burda vəziyyətim yaxşı deyil. Hərbi xidmətinin qurtarmasına 37 gün qalmışdı. Oğlumu nə vəziyyətə salıblar ki, belə bir iş tutub. Onların da ailəsi bədbəxt oldu, mənim də».

Bunu mayın 26-da Şəmkirdəki Seyfəli təlim mərkəzində üç çavuş və bir əsgər yoldaşını avtomat silahla qətlə yetirmiş əsgər Orxan Səfərovun atası Tofiq Səfərov deyir.

«OĞLUM TƏKİDLƏ DEYİRDİ Kİ, MƏNİ BAŞQA ROTAYA DƏYİŞ»

T.Səfərov bildirir ki, son iki ayda oğlunu 5-6 əsgər döyüb təhqir edirmiş. Bununla bağlı dəfələrlə hərbi hissənin komandirinin qəbulunda olub oğlunun başqa rotaya dəyişdirilməsini xahiş edib:

«Axırıncı dəfə gedəndə komandir Münasib Babayev məni qəbul etmədi. Əlacsız qalıb Şəmkirdə yerləşən poliqona gedib, xüsusi idarənin rəisi Vasif Məhərrəmova şikayət etdim, vəziyyəti danışdım. O məni arxayın etdi ki, bu işlə ciddi məşğul olub, oğlumun o uşaqlardan ayrılmasını komandirdən tələb edəcək. Ancaq komandir oğlumu başqa hərbi hissəyə keçirməkdən imtina edib, onun adını siyahıdan silib. Komandir onu dəyişsəydi, belə bir hadisə də olmazdı. Onu dəfələrlə döyüb təhqir ediblər, o da axırda silaha əl atıb».

T.Səfərov oğlunun hadisə vaxtı anlaqlı olub-olmamasını müəyyən etmək və istintaqın obyektiv aparılması üçün prezidentə və Baş prokurora da müraciət edib.

«KOMANDİR MƏSULİYYƏTSİZLİYİ BELƏ BİR FACİƏYƏ GƏTİRİB ÇIXARIB»

Hərbi ekspert Üzeyir Cəfərov da deyir ki, hadisənin baş verməsində hərbi hissə komandirləri məsuliyyət daşıyırlar:

«Bu hadisəni hərbi hissənin komandirləri biliblər, onların səhlənkarlığı belə bir faciəyə gətirib çıxarıb. Əsgərin atası dəfələrlə oğlunun yerinin dəyişdirilməsi üçün müraciət etmişdi, ancaq onu dinləməyiblər. Nəticədə komandir məsuliyyətsizliyi belə bir faciəyə gətirib çıxarıb».

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev isə bildirir ki, hazırda faktla bağlı istintaq getdiyindən şərh vermək istəmir:

«Hər şey araşdırmaların nəticəsindən sonra məlum olacaq».

Bir neçə gün əvvəlsə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu mayın 26-da baş verən bu hadisəyə Orxan Səfərovun döyülüb təhqir edilməsinin səbəb olmasıyla bağlı deyilənləri təkzib etmişdi.

Mayın 26-da Şəmkirdəki Seyfəli təlim mərkəzində əsgər Orxan Səfərov üç çavuş və bir əsgər yoldaşını avtomat silahla qətlə yetirib.

Şərhinizi yazın.
XS
SM
MD
LG