Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:56

Antiinhisar Departamentinin sabiq əməkdaşlarının məhkəməsi başladı


Antiinhisar Departamentinin rəisi Samir Dadaşov həbs edilsə də, sonradan sərbəst buraxılıb
- Əslində, məhkəməsi gedən bu insanlar hakimiyyətdaxili intriqaların qurbanlarıdır. Daha böyük günahkarlar kənarda qalıb və onlarla müqayisədə daha az günahkar olan bu şəxslər indi məhşər ayağına çəkilirlər.

«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Departamentinin rüşvətə görə ittiham edilən əməkdaşlarının məhkəmə prosesini belə dəyərləndirir.

MƏHŞƏR AYAĞINA KİMLƏR ÇƏKİLİB?

İyunun 2-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Antiinhisar Departamentinin rəis müavini Yalçın Məmmədovun, həmin departamentin sektor müdiri İlham Şahmirzəyevin və baş məsləhətçi İdrak Ələkbərovun məhkəmə istintaqı başladı. Onlar ötən il avqustun 4-də həbs ediliblər. Hərçənd departamentin rəis müavini Yalçın Məmmədov zamindədir. Əslində, ötən ilin avqustunda onlarla birgə departamentin daha 3 rəsmisi, o cümlədən, rəis Samir Dadaşov da həbs edilmişdi. Ancaq sonradan onlar sərbəst buraxılıblar.

İttiham aktında məhkəməsi gedən bu 3 şəxs Novxanıdakı «Diana» restoranından 2 min manat rüşvət almaqda günahlandırılırlar. Hakim Əlövsət Abbasovun açıqlamalarına görə, onların hər biri istintaqa verdikləri ifadədə bu ittihamı qəbul ediblər. Üstəlik, ilkin istintaqda başqa istirahət düşərgələrindən də rüşvət alınma halları etiraf edilib. Bu ifadələrdə açıqca qeyd edilir ki, Antiinhisar Departamentinin həmin əməkdaşları «Flaminqo» restoranından tutmuş «Diana» restoranına qədər əksər istirahət mərkəzlərindən rüşvət toplayıblar. Hətta ibtidai istintaqa verilən ifadələrdə qeyd edilib ki, Antiinhisar Departamentində paket maaş sistemi hökm sürüb. Yığılan bütün rüşvətlərdən zərflərdə onlara da «haqq» çatıb.

ANTİİNHİSAR DEPARTAMENTİ İNHİSARÇILIĞA QARŞI MÜBARİZƏ APARA BİLƏRDİMİ?

«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlunun fikrincə, bu məhkəmə göstərir ki, əslində, Antiinhisar Departamenti də ölkədəki korrupsiya burulğanında boğulub. Onun sözlərinə görə, departamentin rəhbərliyi istəsə belə, Azərbaycanda inhisarçılığa, korrupsiyaya qarşı mübarizə apara bilməzdi:

- Bu departamentin başına ən təmiz, ən vicdanlı bir adamı belə qoysan, xeyri olmayacaq. Bu qurum korrupsiyaya, inhisarçılığa qarşı mübarizə apara bilməyəcək. Əgər hakimiyyət bütövlükdə korrupsiyaya, inhisarçılığa qarşı mübarizə aparsa, bu departamentin əhəmiyyəti artar.

İyunun 2-də keçirilən məhkəmədə isə təqsirləndirilənlərdən heç biri özünü tam günahlandırmadı. Yalnız sektor müdiri İlham Şahmirzəyev özünü qismən günahkar saydı. İttiham aktında qeyd edilir ki, onu «Diana» restoranında rüşvət alarkən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları həbs ediblər. Ancaq İlham Şahmirzəyev hazır olmadığını səbəb göstərərək məhkəməyə ifadə verməkdən müvəqqəti imtina etdi. Onunla dəmir qəfəsdə birlikdə oturan baş məsləhətçi İdrak Ələkbərov isə sadəcə icraçı olduğunu, rüşvətdən xəbərsiz olduğunu bildirdi. İstintaqda rüşvət hallarını etiraf etməsini isə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında psixoloji durumu ilə izah etdi.

TƏQSİRLƏNDİRİLƏNLƏR İSTİNTAQDA PSİXOLOJI TƏZYİQ ALTINDA OLDUQLARINI DEYİRLƏR

Hazırda zamində olan departamentin rəis müavini Yalçın Məmmədov da dedi ki, ibtidai istintaqa ifadə verərkən psixoloji təzyiq altında olub. O, istintaqda iki ay ərzində 40 kq çəki itirdiyini bildirir.

Yalçın Məmmədovun deməsinə görə, müavininə «Diana» restoranından rüşvət almağı yox, o müəssisəni 2 min manat cərimə etməyi tapşırıb. Hakim Əlövsət Abbasovun «cərimə sizin işçilərə verilməliydi, yoxsa banka köçürülməliydi» sualına isə «banka» cavabını verdi.

Üstəlik, məhkəmədə təqsirləndirilən şəxslər bir suala da cavab verə bilmədilər. Onlar hansı əsasla «Diana» restoranını cərimələmək fikrinə düşüblər?

«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, məhkəmə bu məsələlərdə bütün həqiqətləri üzə çıxarmaq istəyirsə, daha da dərinə getməlidir. Onun fikrincə, əslində, Antiinhisar Departamentinin əməkdaşlarının həbsinin arxasında keçmiş İqtisadi İnkişaf naziri Heydər Babayevi cəzalandırmaq siyasəti dururdu.

A.Rəşidoğlu düşünür ki, Heydər Babayevin vəzifədən çıxarılması və bu istintaqdan kənarda qalması hələ onun başı üzərindən qara buludların çəkilməsi anlamına gələ bilməz. O deyir ki, Azərbaycanda hər kəs hər an məhşər ayağına çəkilə bilər. Bu, elə mövcud üsul-idarənin xarakterindən irəli gəlir.

Şərhinizi yazın.

Şərhləri göstər

XS
SM
MD
LG