Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:12

«Generallara niyə bəs soyuq dəymir?»


Rəhim Qazıyev və Eyyub Hüseynov
Bu fikri «Panorama» verilişində keçmiş Müdafiə naziri Rəhim Qazıyev deyib.

Mayın 26-da Müdafiə Nazirliyinin Qaraheybət Təlim Mərkəzindən hərbi hospitala 164 əsgər yerləşdirilib. Mərkəzin hərbiçiləri jurnalistlərə zəhərlənmə baş verdiyini bildirmişdilər. Ancaq Müdafiə Nazirliyinin son açıqlanmasında qeyd edilir ki, həmin əsgərlərin mədə-bağırsaq sistemində soyuqdəymə aşkarlanıb.

R.Qazıyev isə düşünür ki, ictimaiyyətə yanlış məlumatlar çatdırılır. Onun fikrincə, əgər əsgərlərə soyuq dəymişdisə, «panika»ya düşməyə ehtiyac yox idi:

«Həmin gün Bakı-Şamaxı şosesində təcili yardım maşınlarından hərəkət etmək mümkün deyildi. Niyə başlarını itirmişdilər? Deyirlər əsgərlərə soyuq dəyib. Bu qədər əsgərə birdən soyuq dəyə bilər? Bir də generallara niyə soyuq dəymir?».

R.Qazıyev deyir ki, orduya vaxtı keçmiş, keyfiyyətsiz ərzaq verilir. Heç kim də bunun məsuliyyətini daşımır. R.Qazıyev məsuliyyətsizliyi korrupsiya amili ilə izah edir:

«Mənim yaxın bir tanışım 5-10 gün əvvəl Naxçıvandakı «N» saylı hərbi hissədən xidmətini başa vuraraq gəlib. Deyir ki, onlara mənşəyi məlum olmayan ət yedizdiriblər. Bir qarın çörəyə hərbçilərin evlərində hamballıq ediblər. Hətta onları başqa tikintilərdən oğurluq etməyə məcbur edirmişlər»…

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, onlar hərbi hissələrin birində monitorinq aparıblar. Məlum olub ki, həmin hərbi hissədə istifadə edilən duzda heç yod yoxdur:

«Biz başqa hərbi hissələrdə də monitorinqlər aparmaq istəyirdik. Təəssüf ki, buna imkan verilmədi. Əgər şəffaflıq olarsa, ordunun ərzaq təminatında bütün eybəcərlikləri üzə çıxarmaq olar»…

E.Hüseynov deyir ki, hər bir ölkənin ordusunda zəhərlənmə halları olur. Ancaq bütün bunlar ictimaiyyətdən gizlədilmir. Əksinə, ictimaiyyətin köməyindən də istifadə edib bütün problemləri yoluna qoyurlar…

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG