Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:20

«Hizbullahçının qətlinə görə Bakıda terror» iddiası


«Hizbullah» döyüşçüləri, 22 fevral 2008
ABŞ-ın «Los-Anceles Taymz» qəzeti Bakıda İsrail səfirliyinin partladılması planı ilə bağlı istintaqın təfərrüatlarını açıqlayıb.

«Azərbaycan Yaxın Şərq münaqişəsinin ön cəbhəsi kimi görünür» məqaləsi mayın 30-da dərc olunub. Məqaləni kiçik ixtisarlarla diqqətinizə çatdırırıq.

Bu, bir il bundan əvvəl Bakıda baş verdi və Azərbaycanın paytaxtı qlobal «kölgə» müharibəsinin döyüş meydanına çevrildi.

Polis şütüyən maşını dayandırdı və «Hizbullah» yaraqlısı olmaqda şübhəli iki livanlını ələ keçirdi. Maşında partlayıcı, binokllar, kameralar, səsboğucusu olan tapançalar və müşahidə fotoları vardı. Evlərə də reydlər keçiriləndən sonra polis elan etdi ki, Azərbaycanda İsrail səfirliyini partlatmaq planının üstünü açıb.

Qərbin anti-terror rəsmiləri deyir ki, bu həbslər öldürülmüş livanlı səhra komandiri İmad Muğniyənin qisasını almaq istəyən «Hizbullah» və İranın qarşısını aldı.

Bu həftə terror, casusluq və digər cinayətlərdə ittiham olunan iki livanlı və dörd azərbaycanlının işi üzrə qapalı məhkəmə prosesi başlamayanadək bütün istintaq tam məxfi aparılırdı.

«Onlar elə bir səviyyəyə çatmışdılar ki, artıq əməliyyat həyata keçirmək üçün şəbəkəyə malik idilər». Bunu adının çəkilməsini istəməyən İsrail təhlükəsizlik xidmətinin rəsmisi deyib.

«Hizbullah» Livandan kənarda hərbi əməliyyatlar keçirdiyini inadla inkar edir. İran da terroru dəstəklədiyi barədə ittihamları rədd edir. Halbuki, hər ikisi 2008-ci ilin fevralında Muğniyənin ölümünün əvəzini çıxacaqlarını bəyan etmişdilər. Muğniyə dünya üzrə axtarışda olan terror şübhəlisidir və uzun müddətdir ki, Tehranla Beyrut arasında rabitəni təmin edirdi. Onun Dəməşq şəhərində maşına bomba qoyulması nəticəsində ölümünə görə «Hizbullah» İsraili günahlandırır. Avropa, İsrail və ABŞ rəsmiləri deyirlər ki, bu hadisə İran kəşfiyyatı ilə «Hizbullah»ın xaricdə komanda şəklində fəaliyyətinə rəvac verib.

Argentinada 1992-ci ildə İsrail səfirliyinin, 1994-cü ildə isə Yəhudi İcma Mərkəzinin bombalanması da məhz «Hizbullah» - İran alyansının ayağına yazılır. O zaman 114 nəfər ölmüşdü. İttihamlara görə, hər iki hadisəni qisas almaq üçün İran casuslarının idarə etdiyi «Hizbullah» kamikadzeləri törədib.

«1992-ci ildə Buenos-Ayresdəki hücum Livandakı qətldən bir ay sonraya təsadüf edirdi». Bunu İsveç Milli Müdafiə Kollecində «Hizbullah» üzrə əsas mütəxəssis Maqnus Ranstrop deyir…

ABŞ Xəzinədarlığında keçmiş kəşfiyyat müdiri Metyu Levitt deyir ki, ötən ilki hücum üçün Bakının seçilməsi burada İranın təsirinin böyük olmasından xəbər verir...

«İranlıların burada mövcudluğunun uzun tarixi var» deyən Levitt indi Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunda çalışır.
O deyir ki, İran «Azərbaycanın Qərbə meyllənməsini nəzərə alaraq, ölkəni zəiflətmək istəyir».

8 milyon mötədil müsəlmanın yaşadığı Azərbaycan çox həssas durumdadır. Onun cənub qonşusu - İranla güclü ticari və diplomatik əlaqələri var. İran əhalisinin ¼-dən çoxu, o cümlədən ali lider Ayətulla Əli Xamneyi etnik azərbaycanlıdır.

Eyni zamanda, Azərbaycan hökumətinin İsrail və Qərb dövlətləri ilə yaxşı münasibətləri var. Qərb Azərbaycandan başlayıb Gürcüstandan keçən və Türkiyənin Ceyhan limanında başa çatan neft kəmərini tikməyə kömək edib.

Bakı Tehranı öz daxili işlərinə qarışmaqda ittiham edir. 2006-cı ildə İran təhlükəsizlik qüvvələrinin diktəsi ilə İsrail və Qərbə qarşı zorakılıq planlaşdırmaqda şübhəli bilinən 15 azərbaycanlı saxlanıb.

Qərbin anti-terror rəsmiləri deyir ki, bu əməliyyatdan sonra başlanan müşahidələr keçən ilki hücum planını ifşa etməyə yardımçı oldu. 2008-ci ilin əvvəlində təhlükəsizlik qüvvələri yerli yaraqlılarla iki «Hizbullah» əməliyyatçısının əlaqəsini aşkara çıxarıb.

Mühakimə olunan iki livanlıdan biri Əli Karakidir. Terrorla mübarizə rəsmiləri onu «Hizbullah»ın xarici əməliyyatlar bölümünün veteranı adlandırırlar. Digər livanlı müttəhim Əli Nacim Ələdinin isə aşağı rütbəli partlayıcılar üzrə ekspert olduğu deyilir.

Rəsmilər deyirlər ki, bu cütlük Bakı, İran və Livan arasında 2008-ci ilin əvvəlində səfərlər edib. Onlar İran pasportları ilə lüks hotellərdə yaşayıblar, hücum üçün iş aparan şəbəkəni idarə ediblər.

Şəbəkə «Hyatt Tower»də yerləşən İsrail səfirliyinin müşahidəsini aparıb. İttihamçı deyir ki, həmin qrup radar qülləsini də partlatmağı planlaşdırırmış.

İstintaq üzə çıxarıb ki, qrup səfirliyin ətrafında üç-dörd bomba qoyulmuş maşın yerləşdirmək və onları eyni vaxtda partlatmaq niyyətindəymiş. İstintaqla tanış rəsmilər deyir ki, qrupun ixtiyarında ehtimal ki, İran xəfiyyələrinin verdiyi yüzlərlə kiloqram partlayıcı vardı və onlar daha çox partlayıcı toplamaq istəyirmiş.

İstintaq inanır ki, 2008-ci ilin mayında şübhəlilər izləndiklərini biləndə, partlayışa artıq bir neçə həftə qalırdı. Polis əməliyyatı keçirdi, amma bir çox livanlı, iranlı və azərbaycanlı maşınla İrana qaçmağa nail oldu.

İsrail rəsmilərindən biri deyir ki, Bakıda keçirilən məhkəmə işi hücum haqda İsraildə olan məlumatlarla üst-üstə düşür.

Qərb rəsmisi bildirir ki, Azərbaycan rəsmiləri ilə danışıqlar zamanı İran nümayəndələri bu hücumda əli olmalarını danıblar.

Amma bu həftə Bakıda keçirilən məhkəmənin ilkin iclasında aydın olub ki, altı müttəhimə qarşı irəli sürülən ittihamlara İran İnqilab Keşikçiləri Qvardiyası ilə əlaqələr də daxildir. Qvardiya İranın elit hərbi birləşməsidir və «Hizbullah»la sıx əlaqələri olduğu deyilir.

İstintaq Qvardiyanın yüksəkrütbəli zabitlərinin hücum qəsdində iştirakını irəli sürüb. Müttəhim Karaki deyib ki, Fədhli adlı Qvardiya rəsmisi onun İrandakı əlaqəli şəxsi olub, o, həmçinin, yaraqlıların İranda necə təlim keçdiyini təsvir edib.

Bəzi ekspertlər düşünür ki, Muğniyənin «Hizbullah» və İran üçün əhəmiyyəti o qədər böyük idi ki, bu hücum planının həyata keçirilməsi qaçılmazdır. İsrail təhlükəsizlik rəsmiləri deyir ki, ABŞ-a müttəfiq ərəb ölkələrində, Latın Amerikasında, Mərkəzi Asiya və Afrikada İsrail və yəhudi hədəfləri xüsusilə böyük risk altındadır.

«Hizbullah» üzrə əsas mütəxəssis M.Ranstropun fikrincə, hərbi qrup, ehtimal ki, öz vaxtını gözləyir: «Hizbullah» bildirib ki, nəyi nə vaxt edəcəyinə özü qərar verəcək»...

Şərhləri göstər

XS
SM
MD
LG