Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:42

«Göyçayın və Bakının «Mardan Palace»si...


Telman Ismayılov Moskvada doğum gününü qeyd edir
Telman Ismayılov Moskvada doğum gününü qeyd edir
«Yeni Müsavat» qəzeti: «Göyçayın və Bakının «Mardan Palace»si...

Antalyada Avropanın ən möhtəşəm və bahalı otelini inşa etdirən AST Şirkətlər Qrupunun prezidenti Telman İsmayılov («AST Telman») artıq xeyli vaxtdır ki, dünya mediasının gündəmindədir... İndi bütün dünya «AST Telman»dan danışır...

«Yeni Müsavat» T.İsmayılovla yaxın əlaqələri olan bakılı Yaqut Rəhimova ilə söhbət edib. Ondan öyrənib ki, T.İsmayılovun atası Mərdan kişi Göyçay bazarında parça mağazası işlədib. 70-ci illərin sonunda Göyçaydan Bakıya köçəndən sonra orda da parça mağazası açıb:

«O, Göyçayda bazarın içərisində parça mağazası işlədirdi. Bakıda isə «Beşmərtəbə»nin altında parça dükanı var idi. Uzun illər oranı işlətdi. Telman da onun yanında öyrənib biznesi. Sonra da Bakıda restoran işlədirdi. 80-ci illərin ortalarında köçüb getdi Moskvaya, ondan sonra da böyük sərvət sahibi oldu. Sonra ata-anasını da yanına apardı. Atası 3-4 il bundan əvvəl rəhmətə getdi. Mərdan kişinin də, anası Pəri xanımın da məzarı Moskvadadır».

Yaqut xanım onu da deyib ki, «AST Telman» anasının soyadını götürüb. T.İsmayılovun 6 qardaşı, 4 bacısı var. Qardaşlarından ikisi dünyadan köçüb. Ələkbər adlı qardaşı 70-ci illərdə avtoqəzada həlak olub, Ramiz adlı qardaşı isə ötən ilin payızında dünyasını dəyişib. R.İsmayılov Bakıdakı 1 saylı diş poliklinikasının baş həkimi olub. Bir qardaşı Moskvada prokuror işləyir, digəri Moskvaətrafı vilayətlərdən birinin icra hakimiyyəti başçısıdır. T.İsmayılovun həyat yoldaşı isə Quba rayonundandır:

«Yoldaşı Qubada yaşayan yəhudilərdəndir. İki oğlu var, Ələkbər və Sərxan. Ələkbərə Alik deyirlər. «AST» sözünün açması Alik, Sərxan və Telmandır. Oğlanlarından biri evlidir, iki nəvəsi var. Oğul nəvəsinə öz adını qoyub - Telman. Qız nəvəsi bu il mayın 9-da anadan oldu».

Y.Rəhimova deyib ki, T.İsmayılov Bakıda yəhudi icmasının binasının inşasını həyata keçirib və bu icmanın maliyyələşməsinə köməklik göstərir:

«Moskvada yaşayan qohumlara köməklik göstərir, azərbaycanlıların problemlərini həll edir, imkansızlara əl tutur»...

Mərdan kişinin Bakıdakı mülkü Əlövsət Quliyev (keçmiş Petro Montin) 54 ünvanda yerləşir. Məhəllədə hamı oranı «AST» Telmanın evi kimi tanıyır. Hazırda orada heç kim yaşamır. Yalnız evin qarşısındakı meynə ağacına bir kişi qulluq edir, onun da evə girməyə ixtiyarı yoxdur...

«Bizim Yol» qəzeti: «Qaraheybət qaranlıqları»

Ordumuz haqqında nə bilirik? Əslində heç nə. Əsgərlər xəstələnəndə də bilmirik nədən xəstələndi, həlak olanda da dəqiq demirlər, nədəndir bu. Qaraheybətdəki hərbi təlim mərkəzindən xəstəxanalara 164 əsgəri birdən apardılar. Özü də şam yeməyindən sonra. İndi də «məlum olur ki», əsgərlər zəhərlənməyib...

Normalda Müdafiə Nazirliyinin, bütövlükdə hökumətin bir bəyanatı yetərli olmalı idi ki, mən inanım, şübhələrim dağılıb getsin. Ancaq bu illər ərzində bizdən o qədər şeyi dövlət sirri, hərbi sirr adı ilə gizlədiblər, o qədər yalan deyiblər ki, bilmirik onlara inanaq, inanmayaq.

...İndiki dövrdə Azərbaycan ordusu NATO ilə əməkdaşlıq edir. Bir sıra beynəlxalq sazişlərə qoşulub və öz qapılarını əcnəbi ekspertlərin və müfəttişlərin üzünə açıb. Mən dövlət sirrinin, hərbi sirin qorunmasının əleyhinə deyiləm; varsa belə sirlərimiz qoruyun. Amma bizdə əksər hallarda məmurların sirləri də dövlət sirri, hərbi sirr statusuna qaldırılır. Gizlədilir. Reallıqları, həqiqətləri cəmiyyətdən, mətbuatdan gizlətmək üçün onun adını «dövlət sirri», «hərbi sirr» qoyurlar.

Nə üçün xarici ölkələrin təftişçiləri Azərbaycanın ordusu haqda istənilən məlumatı əldə edə bilər, biz - Azərbaycan vətəndaşları, ordunun sahibləri bilməli deyilik... Bilmək istədiyimiz odur ki, əsgərlərimizə yemək-içməyi kim alır gətirir, kimdən alır, hələ lap onu da soruşuram ki, neçəyə alır? Bu qida məhsulları necə yoxlanılır, kim yoxlayır? Başqa hərbi hissələrdə belə halların baş verməyəcəyinə dair təminat varmı? Bu təminatı bizə kim verə bilər? Bunları bilmək mənim haqqımdır axı.

Ola bilər, hörmətli nazir deputatlar Əli Əhmədovun, Mübariz Qurbanlının, eləcə də, Hadi Rəcəblinin əyninə hərbi paltar geyindirib Tovuzdakı əsgər yeməkxanasında qidalandırmaqla məni hər şeyin əla olduğuna inandırmaq istəyir. Məsələ burasındadır ki, mən axı heç o deputatlara da inanmıram. Vurun, öldürün məni. Neyləyim, inana bilmirəm də. Əksinə, həmin nümayəndə heyəti məni bir az da şübhəyə, narahatçılığa qərq edir...

«Yeni Azərbaycan» qəzeti: «Azərbaycanda qızıl bumu başlayır»

... Artıq neft bumunun ardınca Azərbaycanda qızıl bumu erası başlayır...

Azərbaycanda aparılan geoloji kəşfiyyat işləri Naxçıvan, Daşkəsən, Gədəbəy, Tovuz, Kəlbəcər və Qarabağın əksər bölgələrindəki torpaqlarda zəngin qızıl ehtiyatlarının olmasından xəbər verir... Gədəbəydəki yataqlar isə daha perspektiv ehtiyatlarla zəngindir. Bu ərazidəki filizlərdən götürülmüş əyar analizinin nəticələri Azərbaycan qızılının dünyadakı normalardan da yüksək olmasını təsdiqləyir...

1 unsiya qızıl əldə etmək üçün dünya ölkələrində təxminən 20 ton torpaq emal olunur. Azərbaycan da isə 12-15 ton torpağı emal etməklə 1 unsiya qəzəl almaq mümkün sayılır. ABŞ-ın Nyu-York Metal Birjasının mütəxəssisləri ötən il Azərbaycanda olarkən bildiriblər ki, Azərbaycan ən zəngin qızıl ehtiyatlarına malik ölkədir.

Proqnozlara görə, yaxın illərdə qızıl sənayesinə sərmayə qoyuluşlarının həcmi 1 milyard dollara çatacaq...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG