Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:41

Kərkükün neft qalmaqalı


Kərkükün neft ehtiyatları barədə ziddiyyətli məlumatlar var
Gələn ay İraqda - Kərkük əyalətində neft yataqlarının xarici neft şirkətləri ilə işlənməsinə dair müqavilələrin imzalanması gözlənir.

ABŞ-da çap olunan «The New York Times» qəzetinin Avropa nəşri olan «İnternational Herald Tribune» yazır ki, həmin müqavilələr imzalansa, bölgəni etnik münaqişələr bürüyə bilər. Səbəb də Kərkükə ən azı dörd millətin iddia etməsidir. Bunlar kürd, türkmən, ərəb və assurlardır.

KÜRDLƏRİN YAŞADIQLARI EVLƏR ONLARIN ÖZLƏRİNİNKİ DEYİL


ABŞ-ın İraqa hərbi müdaxiləsindən sonra faktiki olaraq Kərkükə kürdlər nəzarət edir. 2003-cü ildən bəri İraqın şimalında Kürdüstan ərazisindən kürdlərin Kərkükə kütləvi köçü baş verib.

İraqın Neft naziri və başqa rəsmilər dönə-dönə bildiriblər ki, indi kürdlərin yaşadıqları evlər onların özlərininki deyil.

Amma kürdlər deyirlər ki, Səddam Hüseynin zamanında onları zorla Kərkükdən çıxarıblar. İndi də sadəcə olaraq əvvəlki evlərinə dönürlər.

Bölgədə bir-birini ittiham edən millətlər arasında tez-tez zorakılıqlar baş verir. Təhlükəsizliyə nəzarət edən kürd qüvvələri kömək istəyiblər. Amma onlar mərkəzi hakimiyyətin əsasən ərəblərdən ibarət olan hərbi qüvvələrinin yardımını rədd edirlər.

Bu ay ABŞ hərbi qüvvələrinin nümayəndələri dəfələrlə kürd və ərəb liderləri ilə görüşərək Kərkükə nəzarətin İraq ordusuna verilməsinə çalışıblar. Amma hələlik bir qərara gəlmək mümkün olmur.

İndi türkmənlər, ərəblər və assurlar kürdləri neftə nəzarəti tam ələ almaqda ittiham edirlər.

Türkmənlərin təşkilatı olan İraq Türkmən Cəbhəsindən Sadun Köprülü bildirir ki, İraqın şimalındakı kürd hakimiyyəti xarici neft şirkətləri ilə gizli danışıqlar aparır. Ona görə də türkmənlər yalnız İraqın mərkəzi hökumətinin imzalayacağı neft müqavilələri ilə razılaşırlar:

KÜRD HAKİMİYYƏTİ XARİCİ NEFT ŞİRKƏTLƏRİ İLƏ GİZLİ DANIŞIQLAR APARIR

Biz İraqın şimalındakı hakimiyyətin - kürdlərin rəhbərlik etdiyi hakimiyyətin imzalayacağı müqavilələrə qarşıyıq. Müqavilələri İraqın mərkəzi hakimiyyətinin hazırlayıb imzalamasını istəyirik.

«Azadliq» radiosunun İraq redaksiyasından jurnalist Faris Omar da müqavilələrin imzalanmasından sonra Kərkükdə gərginliyin artacağını düşünür. Amma onu da əlavə edir ki, hər halda tərəflər problemi sülhlə həll edəcəklər:

Bütün tərəflər ən azı sözdə elan ediblər ki, onlar Kərkük problemini Konstitusiya əsasında, siyasi yollarla həll edəcəklər. Çünki zorakılığın, gücdən istifadənin qalibi olmur.

Faris Omarın məlumatına görə, Kərkük neftinə «Shevron», «Total», «Shell» və başqa şirkətlər müştəri çıxıblar.

Kərkükün neft ehtiyatları barədə də ziddiyyətli məlumatlar var. İraqın Neft naziri ölkəsinin ümumi neft ehtiyatlarının 16%-nin, dünyada isə neft ehtiyatlarının 2%-nin Kərkükdə olduğunu bildirir. Hökumətin məlumatına görə, bu yataqlarda 15 milyard barel neft var.

İraqın Neft Nazirliyinin tərkibində olan Şimal Neft Şirkətinin direktoru Abdulla Alubaid qeyd edir ki, Kərkükdə 2074-cü ilə qədər çıxarıla bilən qədər neft var.

Amma neft sahəsində ixtisaslaşan mütəxəssislər ehtiyatların 5.5-10 milyard barel ola biləcəyini deyirlər.

Nyu-Yorkda yerləşən Gəlirlərə Nəzarət İnstitutu 2006-cı ildə hesabat verirdi ki, artıq Kərkükdəki neft ehtiyatlarının 62%-indən istifadə edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG