Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:23

Qəzetlər «Qırmızı Kitab»a düşür


İndiki qlobal maliyyə böhranı şəraitində qəzet alan oxucu da azalıb, qəzetə reklam verən də
İndiki qlobal maliyyə böhranı şəraitində qəzet alan oxucu da azalıb, qəzetə reklam verən də
ABŞ-ın məşhur bir senatoru qəzetləri «kökü kəsilməkdə olan növ» adlandırıb. Ancaq qəzetlərin ölmək fikri yoxdur. Ölməməyin yolu da internetdir.

İndiki qlobal maliyyə böhranı şəraitində qəzet alan oxucu da azalıb, qəzetə reklam verən də. Bu, təkcə Azərbaycanda belə deyil.

«Los Angeles Times» kimi dünya şöhrətli qəzet bankrotdur. Amerikada 100 ildən çox tarixi olan məşhur yerli qəzetlər var ki, indi pis gündədirlər. Minlərlə jurnalist işsiz qalıb ya qalacaq. Çıxış yolu nədir?

Avstraliyada doğulmuş media maqnatı Rupert Mardok bu ayın əvvəlində elan etdi ki, özünün bütün qəzetlərinin on-line versiyalarında yazıların bir hissəsini pullu etməyə başlayır. Onun «Wall Strit Journal» qəzeti artıq buna başlayıb.

Eyni sxemi «New York Times» nəzərdən keçirir.

«Associated Press» Amerika redaktorları arasında sorgu keçirib. Məlum olub ki, hər dörd redaktordan biri qəzetinin internet saytını pullu etmək istəyir.

QƏZETLƏR PİS GÜNƏ DÜŞƏNDƏ DEMOKRATİYA DA PİS GÜNƏ QALIR

Bəzən jurnalistləri qınayırlar ki, onlar mediadan çox danışırlar. Ancaq Qərbdə bu, normaldır. Çünki qəzetlərin pis vəziyyəti narahatlıq yaradır ki, bu, sonda demokratiyanın vəziyyətinə də mənfi təsir edə bilər.

Bu yaxınlarda Amerika Senatında qəzetlərin vəziyyəti dinləməyə çıxarılıb. Orda keçmiş qəzet jurnalisti və indiki televiziya prodüseri David Simon deyib:

«İnternetin verdiyinin çoxu «birinci əl» informasiyası deyil. Onlar bu məlumatları bir qayda olaraq qəzetlərdən götürürlər. Veb saytlar və bloqqerlər əslində xəbər və şərh baxımından oxucuya yeni çox az şey verirlər. Oxucular isə xəbərləri bu ortadakı vasitəçilərdən alırlar, xəbərin mənbəyi, yəni qəzetlər oxucudan uzaq qalır. Qısa desək, parazit yavaş-yavaş, kimin ki, hesabına yaşayır, onu öldürür».

YAXŞI, BƏS OXUCU PUL VERMƏYƏ HAZIRDIRMI?

Mayın 28-də Barselonada Qəzetlərin Dünya Assosiasiyası toplantı keçirir ki, indiki şəraitdə qəzetlər böhrandan necə çıxsın? Təşkilatın sözçüsü Larri Kilman «Azadlıq» radiosuna deyir ki, «Price Waterhouse Coopers» maliyyə təşkilatının son sorğusu göstərir ki, internet oxucusu qəzetin saytını oxumağa pul verməyə hazırdır, əgər qəzetin yazıları onu qane edirsə.

Ancaq bu yolun tənqidçiləri deyirlər ki, qəzet internetdə pullu olsa, bu, oxucuları qaçıra bilər.

Konkret misala keçsək, Amerikanın «Newport Daily News» adlı yerli qəzeti bu yaxınlara kimi öz yazılarını internetdə pulsuz verirdi. Qəzetin redaktoru Şeyla Mulloini «Azadlıq» radiosuna deyir ki, nəşrin çox hissəsi internetdə yenə pulsuzdur, ancaq bəzi yazıları oxumağa azacıq pul vermək lazımdır. Redaktor deyir ki, internet saytdakı məqalələrin satışı yaxşı gedir.

Bəs sizin fikrinizcə, qəzetlərin gələcəyi varmı? Bizə yazın.
XS
SM
MD
LG