Keçid linkləri

Təcili xəbərlər

28 may sevdalıları


Milli Şurasının ilk sədri Məhəmməd Əmin Rəsulzadə
Milli Şurasının ilk sədri Məhəmməd Əmin Rəsulzadə
Sən, mələklərin gülüşündən, ahuların duruşundan yarandın!

Ancaq sevdiyini belə bənzətmə ilə öyə bilərsən.

Yəqin ki, dünyada heç bir şair öz Cümhuriyyətini belə öyməyib.

Onun ay işığı, gözəlliyin, qızlığın çiçəklərlə öpüşündən yarandığını iddia etməyib.
Nazim Hikmətin çox sevdiyim «Məmləkətim» şeiri var, Mehmet Akif Ərsoyun «İstiqlal marşına» çevrilmiş o möhtəşəm şeiri! Ancaq beləsi yoxdur!

Bu bənzətməni 91 il öncə istiqlal şairi Əhməd Cavad şeirə gətirib. Yenicə yaranmış Cümhuriyyəti, həsrətində olduğu Cümhuriyyəti lap sevgili kimi öyüb... Onu anlamaq üçün gərək ötən yüzilin əvvəlində yaşayasan, o keşməkeşli illəri öz gözünlə görəsən, «heçdən bir dövlət qurmağın» şirinliyini duya biləsən...

Onlar sevdalılar idi—28 may sevdalıları. Nə qədər düşündüm, bu yazıya ondan uğurlu ad tapa bilmədim.

Bakıda İstiqlalın 1 yaşı necə qutlandı?
Rəsulzadənin Ankaradakı məzarı


1919-cu il 28 may! Qarışıq dövr idi. Bolşeviklər, fəhlələr, tətillər, ingilislər... Ancaq İstiqlal şənlikləri yaddan çıxardımı? Can Bakı bəzəkli gəlinə bənzəyirmiş. Hər yerdə aypara və səkkiz guşəli ulduzlu üç rəngli bayraqlar asılıbmış (Manaf Süleymanov). Eyvanlara xalçalar, əlvan qumaşlar, cecim, şal salınıbmış. Dükanlar əlvan çıraqlarla, fənərlərlə bəzədilibmiş. Bir gün öncə şəhərdəki bütün faytonlara, avtomobillərə, arabalara üçrəngli bayraqlar sancılıbmış. Meydanlarda və bulvarda gül-çiçəkdən, şax-budaqdan, xalça və parçalardan alaqapılar düzəldilibmiş... (Bir dön bizim Bakıya bax! Nə görəcəksən?).

Səhər tezdən şəhər əhalisi küçələrə tökülübmüş. Çalan kim, oynayan kim, «Yaşasın Azərbaycan», «Yaşasın İstiqlal» söyləyən kim! «Metropol»dan (Nizami muzeyi) Bələdiyyə İdarəsinə (indiki Bakı şəhər İcra Hakimiyyətinin binası) keçmək mümkün deyilmiş. Şəhərin seçmə adamları - şairlər, artistlər və s. xalqın içindəymiş. Eyvanların birində Qurban Pirimov tar çalır, Cabbar əmi oxuyurmuş...

Bütün partiyalar müraciətnamə yazıb camaata paylayırmış. Fəhlələr əllərində qırmızı bayraqlar «Hürriyyət» meydanına toplaşıblarmış. Bir sözlə, əsl demokratik ab-hava varmış... Hə, bir də parlamentin orqanı olan «Azərbaycan» qəzetinin xüsusi bayram nömrəsi çıxıbmış (redaktoru: Üzeyir Hacıbəyli)...

Bu, Bakıda qutlanan ilk və son bayram oldu

Azərbaycan Cümhuriyyəti 2 yaşını görə bilmədi. İki ilin tamamına bircə ay qalmış, özləri demiş, «nifaqçı və zalım bir qüvvə tərəfindən susduruldular». Ancaq «28 may»çılar Azərbaycan birliyinə nail ola bildilər! M.Ə.Rəsulzadənin sözləriylə desək, yüz illik əsarət dərsi ilə iki illik azadlıq davası bizi özümüzə tanıtdı, əlimizə Türklüyümüzü, müsəlmanlığımızı və çağdaş bir xalq olduğumuzu göstərən bir istiqlal bayrağı verdi...

1919-cu ildən sonra bu tarix Vətəndə ancaq ürəklərdə qeyd edildi, sinələrə köçdü, qəlblərin bayramı oldu. Bakılılar uzun illər bu günü xatirələrində yaşatdılar. Elə olmasaydı, mən onu belə təsvir edə bilərdimmi? Həmin gün bakılıların əllərində tutduqları bayraqlar, qanlı rejimin basqılarına baxmayaraq, evlərdə qorundu. 1950-ci illərdə 28 may günü bir Bakı eyvanında dalğalandı. Bu məşhur rəssam Əşrəf Muradın qardaşı - BDU-nun geologiya fakültəsinin tələbəsi Hüseyn Murad idi. Sovet KQB-si bayrağı asan oğlanı ilim-ilim itirdi. Ancaq Bayraq əfsanəsi təzələndi, yenidən yaddaşlara yazıldı. Ta 80-ci illərin sonunacan gəlib çıxdı. Və gerçəkliyə çevrildi...

Sevdalılar 28 mayı heç unutmadılar...
Burada Rəsulzadəyə abidə qoyulacaq… Nə vaxt?


Xaricdə isə 28 may bayramsayağı geyimlə, himnin oxunuşu ilə, dərgilərin, kitabların buraxılışı ilə hər il qutlandı, nəsildən-nəslə ötürüldü. Mühacirətdə yaşamağa məhkum olan Cümhuriyyət fədailəri nəslin yarpaq tökümünü nə qədər üzüntüylə qarşılasalar da, ruhdan düşmədilər, Azərbaycan Davasını axıracan sürdürdülər. Üçrəngli bayrağı bir vaxtlar dalğalandığı yüksəklikdə görmək yanğısı onlara get-gedə daha çox güc verdi...

Dediyim kimi, bir-birləri ilə əlaqələrini üzmədilər. Yaşadıqları ölkələrdə müxtəlif fəaliyyətlərdə bulundular, dərgilər buraxdılar («Azərbaycan Yurd Bilgisi», «Odlu yurd», «Mücahid», «Qurtuluş» və s.). İstiqlal mübarizəsi tarixini yazdılar! «Gələcəkdə Azərbaycanda bu mövzuda daha sanballı əsərlər yazılacaqdır... Bu halda gələcək nəsil bu mübarizəni necə və haradan öyrənəcəkdir?»- deyib (H.Baykara) bizlərin yolunu asanlaşdırdılar.

Radio yaratdılar. 1953-cü ilin martından fəaliyyətə başlayan «Azadlıq» radiosunun Azərbaycan xidmətinin təşəbbüsçüləri də elə 28 may sevdalıları oldu (Ceyhun bəy Hacıbəyli, Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski və s.).

Ancaq illər ötürdü. Beləcə, şöhrətli Əlimərdan bəy Topçubaşı və Ceyhun bəy Hacıbəyli Parisdə (1934 və 1962), qos-qoca Əmin bəy Ankarada (1955), Mirzə Bala Məmmədzadə İstanbulda (1959), Nağı bəy Şeyxzamanlı ABŞ-da (1967)... dünyasını dəyişdi. Ancaq himnin sədaları kəsilmədi, hər il oxundu. 1965-ci il mayın 28-də Münhenə - «Azadlıq» radiosunun o zamankı qərargahına toplaşan Cümhuriyyət övladları yenə Əhməd Cavadın sözlərinə Üzeyir Hacıbəylininn bəstələdiyi möhtəşəm himni səsləndirdilər.

Əsrimizin Səyavuşunun böyümüş oğluna...
1920-ci ilin iyulunda Məhəmməd Əmin Rəsulzadə Lahıcda gizlənərkən «Əsrimizin Səyavuşu» adlanan əsər yazdı


Ey gənclik!
Səndən əvvəlki nəslin öhdəsində böyük bir vəzifə vardı.

Milli hökumətin yıxılmasından sonra - 1920-ci ilin iyulunda Məhəmməd Əmin Rəsulzadə Lahıcda gizlənərkən «Əsrimizin Səyavuşu» adlanan əsər yazdı. Həmin əsərdə gələcəyə - «Əsrimizin Səyavuşu»nun (Azərbaycanın) böyümüş oğluna Əmin bəyin müraciəti vardı. Sən, yəqin ki, onu əzbər bilirsən:

«Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki:
-Bir kərə yüksələn bayraq bir daha enməz!»

Ey gənclik!
Gənclər Rəsulzadəni anır. Bakı, 31 yanvar, 2009

Səndən əvvəlki nəsil Məhəmməd Əmin bəyin bu vəsiyyətinə əməl etdi. «Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı» təkrar parlament binasının üzərinə taxdı. İndi növbə sənindir. Sən:

-Yalansız, demokratik dəyərlərə sayğıyla yanaşan, hər bir insana dəyər verməyi bacaran Azərbaycanda yaşamalısan!
-Azad, ədalətli, hüquqa tapınan bir dövlət qurmalısan!
-Azad sözün hakim olduğu bir məkan yaratmalısan!
-Azərbaycanı Əhməd bəy Ağaoğlunun arzuladığı Sərbəst İnsanlar Ölkəsinə çevirməyi bacarmalısan!
-Vətəndaş cəmiyyəti qurmalısan!
-Korrupsiyasız Azərbaycanda yaşamaq haqqını özün qazanmalısan!

Sən buna hazırsanmı?

Bayramı necə bayram etməli?!

Əgər bunları edə bilsən, 28 may sevdalılarının nigaran ruhu rahatlıq tapar. Və bir də mayın 28-də Bakıda onların şərəfinə ucaldılmış yeganə abidənin (sənə kiçik görünsə də) önünə bircə qərənfil (sənə az görünsə də) qoymağı unutma. Və yadda saxla: Əsl abidə, ən möhtəşəm abidə --ürəklərdə qurulan abidədir. Əsl bayram - milyonlar xərclənən, təntənəli konsertlər verilən bayram deyil, ürəklərdə olan bayramdır!

Ürəklərimizin bayramı mübarək olsun!!!

Ən son yazılan

XS
SM
MD
LG