Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:26

Şahidlər ifadələrinin döyə-döyə aldığını bildirirlər


Müxalifətçilərin məhkəməsinin keçirildiyi bina qarşısında etiraz aksiyası, 19 dekabr 2008
Müxalifətçilərin məhkəməsinin keçirildiyi bina qarşısında etiraz aksiyası, 19 dekabr 2008
Ermənistanda ötən ilin martında prezident seçkilərinə görə baş verən qarşıdurmada tutulanların məhkəməsində polis və prokurorluq çətin vəziyyətə düşüb. Həbsdə olan müxalifət liderlərinin əleyhinə ifadə verən şahidlər onlardan bu ifadələrin döyə-döyə aldığını bildirirlər.

Polislə toqquşmaların təşkilində ittiham olunaraq tutulmuş deputatlardan biri olan Hakob Hakobyana qarşı ifadə vermiş şahid Muşeğ Antonyan mayın 22-də keçirilən məhkəmədə əvvəlki ifadəsindən imtina edib. Deyib ki, sənədi döyə-döyə ona imzalatdırıblar, hətta orada nə yazıldığını oxumayıb da.
Bundan dərhal sonra mülki geyimli polis əməkdaşları məhkəmənin binasını dövrəyə alaraq onu həbs etməyə çalışıblar. Şahid isə əksəriyyəti qadın olan mitinqçilərin arasına girərək gözdən itib.

Bundan sonra müxalifətin parlamentdəki üzvləri onu özləri ilə aparıb səhər tezdən məhkəməyə gətiriblər.
Müxalifət fəallarından biri olan Martirosyan şahidin başına gələnlər haqqında bunları deyir:
«Mən Muşeğ Antonyanı tutmağa çalışanların arasında bir nəfər də polis geyimində adam görmədim. Nə vəsiqələrini göstərdilər, nə də həbs üçün lazım olan orderi».

Məhkəmədə isə hakim müxalifət fəallarını və jurnalistləri prosesə müdaxilə etməkdə günahlandırıb.

Muşeğ Antonyanın bu əhvalatı həmin hadisədə ittiham olunaraq tutulan başqa müxalifətçilərin də məhkəmələrində təkrarlanıb.

Həbsdə olan deputat Miasnik Malxasyanın vəkili Qadik Avdalyan maskalı adamların onu polis idarəsində döydüyünü deyib. Bildirdiyinə görə polis rəisi onun bir cinayət işinə görə tutulmuş qardaşını azad edəcəyinə söz verəndən sonra ifadəsini imzalayıb.

Başqa bir şahid Rafik Balbabyan isə bezdiyindən müxalifətçilərə qarşı ifadəni imzaladığını deyib. O, bildirib ki, hər gün bir neçə saat polisə çağırılırmış.
Şahidlərin bu cür etirazlarından sonra prokuror hakimdən şahidlərin dindirilməsini dayandırmağı xahiş edib.

Mayın 22-də isə Baş prokurorluq elan edib ki, «məhkəmədən əvvəlki ifadələrindən imtina etmələri üçün şahidlərə təzyiq edən bəzi adamlara qarşı cinayət işi qaldırılıb». Amma prokurorluq «bəzi adamlar» dediyi insanların adlarını çəkməyib.

Şahidləri döyməklə onlardan ifadə alınması sizə tanış gəlirmi? Şərhinizi gözləyirik.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG