Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:04

«Bir millət - iki dövlət» nağılı…


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və onun türkiyəli həmkarı Əhməd Davudoğlu, 26 may 2009
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və onun türkiyəli həmkarı Əhməd Davudoğlu, 26 may 2009
Xarici işlər naziri Əhməd Davudoğlu vəzifə başına keçəndən müxtəlif ölkələrdə davamlı görüşlər keçirməkdədir. Artıq Davudoğlunun harada olduğunu izləmək belə çətinləşir.

DAVUDOĞLUNUN AÇIQLAMALARI

Nazir Dəməşqdən İslam Konfransı Təşkilatının toplantısından Bakıya uçdu. Bakıda Azərbaycan XİN-in başçısı Elmar Məmmədyarovla görüşdən sonra dedikləri diqqət çəkdi: «Azərbaycanın güclü olması, Türkiyənin güclü olmasıdır».

Deyilənlər bu, «Bir millət – iki dövlət» şüarının keçərli olmasından qaynaqlanır. Ancaq qulağımıza yatımlı olsa belə, belə bir şüar nə qədər doğrudur?

İstanbulda yerli və xarici QHT-lər iki gündən bir Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşdırılması mövzusunda toplantılar düzənləyir. İki ölkə arasında münasibətlərin Azərbaycana görə dalana dirəndiyi bu toplantıların əsas ideyası və mövzusu olur. Diqqəti çəkən həm də odur ki, bu toplantılar mətbuat üçün qapalı keçirilir.

«BİR MİLLƏT – İKİ DÖVLƏT» DEYİMİNİN KEÇƏRLİDİRMİ?

Mən «Bir millət – iki dövlət» deyiminin keçərli olmadığını düşünürəm. Bu nə siyasi, nə tarixi baxımdan doğru yanaşma deyil. Türkiyə və Azərbaycan etnoslarının eyniliyi, mədəni yaxınlığı müzakirəyə girəcək məsələ deyil. Bundan başqa qarşılıqlı ənənəvi bir sevigidən də söz aça bilərik.

Ancaq bütün bunlar Türkiyə ilə Azərbaycana «Bir millət – iki dövlət» deməyə əsas ola bilməz. Türkiyə ilə Azərbaycanın yolları 1918-21-ci illərdə sovetlər qurulana qədər çox qısa dönəmdə birləşdi. Həm də Osmanlı öncəsi türklərin Anadoluya hələ ayaq basmadığı dönəmdə hansı «bir millət»dən söz edilə bilər? O zaman «millət» anlamının məna yükü tamam başqaydı.

«Bir millət – iki dövlət»ə örnək axtarsaq, Yunanıstan və yunan Kiprini, daha sonra Albaniya və Kosovanı göstərmək olar. Üstəlik Türkiyə vətəndaşlığa əsaslanan dövlət modelini seçibsə, burada millət anlamına ümumiyyətlə yer yoxdur. Bu şüarı keçərli saysaq, o zaman türklərlə assimilyasiya olmamış milyonlarla kürdü, qeyri-müsəlman əhalini bu şüarın harasına yerləşdirəcəyik?

Bu yanaşma həm də Türkiyənin bölgə gücü oynama şansını məhdudlaşdırır. Bu ideya Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmasını, sərhədlərini açmasını qarşısını alır. Bu isə Türkiyənin bölgə üzərində nüfuza sahib olmasının qarşısında əngəldir.

Bu yanaşmadan doğan siyasətlə Türkiyə Qarabağ probleminin çözülməsinə də hər hansı xeyir verə bilməz.

«Azərbaycanın güclü olması Türkiyənin güclü olması deməkdir» fikrini də doğru saymıram. Bu, Türkiyəni əslində Qafqazlardan proseslərdən kənarlaşdırmaq anlamına gəlir. Bu deyimin tərsi doğrudur - «Türkiyənin güclü olması Azərbaycanın da güclü olmasıdır».

Davudoğlu onu da deyib ki, Ermənistana yönəlik mesajımız çox açıq və qətidir: «Bölgəni artıq işğallardan, gərginliklərdən qurtarması gərəkdir». Doğrudur. Təbii, burada söhbət Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsindən gedir.

Ən böyük problem də budur. İşğala necə son veriləcək, Qarabağ problemi necə çözüləcək? Bu cavab tapılmadığı üçün Azərbaycan əraziləri 1988-93-də işğal edildi. İndi isə tərəflər arasında kövrək bir atəşkəs var.

Azərbaycan tərəfdən səsləndirilərək Türkiyə ilə Azərbaycanın münasibətlərini «Bir millət-iki dövlət» deyilən uyuşdurucunun təsiri altına salan durum bu problemə çözüm gətirmədi və «paradiqma dəyişikliyi» olmadıqca da gətirməyəcək.

ATƏT-İN MİNSK QRUPU

Davudoğlu Bakıdan ATƏT-in Minsk Qrupuna da səslənib: «Qarabağ məsələsinin qısa zamanda çözümü üçün Minsk Qrupu bütün mümkün vasitələrdən yararlanaraq ciddi səylər göstərməlidir».

Neçə illərdir Rusiya, Fransa və ABŞ-ın təmsil olunduğu Minsk qrupundan başqa münaqişənin nizamlanması üçün səy göstərən də yoxdur. Hətta Minsk Qrupunun həmsədrləri 2007-ci ilin iyulunda elan etdikləri bir bəyanatda «Çözüm üçün qarşılıqlı şəkildə qəbul ediləcək prinsiplər»lə bağlı olaraq «Bu prinsiplərin müəyyənləşdirilməsi, və nəticələndirilməsində gördüyümüz işlərin axırına gəldik. Tərəflərlə yeni vasitəçilərin də aparacağı əlavə müzakirələrin fərqli bir nəticə verəcəyini düşünmürük. Ortaya qoyduğumuz bu prinsiplərə dair tərəflər razılığa gələ bilmirsə, hər iki tərəfin də qəbul edəcəyi bir konsensus yolunu tapmaq üçün ciddi-cəhd göstərməyin onların ikisinə qaldığını düşünürük» - deyərək Qarabağ probleminin «soyularaq quyruğuna gəlindiyini» vurğulamışdılar.

O gündən bu yana çox az şey dəyişdi. Türkiyə ilə Azərbaycan rəsmilərinin birgə mətbuat konfranslarında bu məsələyə yönəlik birgə bəyanatlarının təsirli olacağını düşünməyin özü sadəlövhlük olardı.

Minsk qrupunun həmsədrləri hətta səfir statusu olmayan üç nəfərdir. Minsk Qrupunun münaqişənin nizamlanması üçün Ermənistana və Azərbaycana yetərli basqı göstərmədiyi onlara haqlı iraddır. Türkiyə Minsk Qrupunun təməl düzəninin gücləndirilməsinə, özünün isə bu məsələyə daha yaxından müdaxilə etmək imkanlarının əldə edilməsinə nail olsa, bu «ortaq bəyanatlar»dan daha effektli olar.

Sərhədlərin açılmasının problemin çözülməsi ilə əlaqəsi yoxdur. Türkiyə ilə Suriya, Türkiyə ilə Yunanıstan arasında ciddi münaqişə və mübahisələr belə sərhədlərin bağlanmasına səbəb olmadı.

Belə örnəklər var ikən Ermənistanla Azərbaycan arasında Qarabağ probleminin Türkiyə-Ermənistan sərhədinin bağlanmasına səbəb olmasını söyləyirsinizsə, Türkiyənin bölgə gücü olmadığını isbat etmiş olursunuz.

«Bir millət-iki dövlət» anlayışı ancaq Türkiyənin gücünü azaldacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG