Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:09

«Moskva Gürcüstanda yeni Ermənistan yaratmaq istəyir»


Tbilisi Milli Stadionunda müxalifətin mitinqi, 26 may 2009

Tbilisi Milli Stadionunda müxalifətin mitinqi, 26 may 2009

Gürcüstan bu gün müstəqillik gününü qeyd edir. Amma əvvəlki illərdən fərqli olaraq, bu il Gürcüstanın müstəqilliyinin üstünü qara buludların aldığını düşünənlər çoxdur. Rusiya ötən ilin avqustundakı mühribədən sonra işğal etdiyi Cənubi Osetiya və Abxaziyada əsgərlərinin və hərbi texnikasının sayını artırır. Gürcü polisi elə bu günlərdə hərbi çevrilişə cəhd edən bir qrup hərbçilə qanlı atışmaya girib. Müxalifət isə, artıq altı həftədən çoxdur ki, gündəlik etiraz aksiyalarıyla prezident Saakaşvilinin istefasını tələb edir.

60 MİNƏ YAXIN MÜXALİFƏT TƏRƏFDARI PAYTAXTDA YÜRÜŞ EDİB

Bu gün müxalifətin aksiyası daha çox saylı olub. Artıq günortaya kimi Tbilisidəki stadionu dolduran 60 minə yaxın müxalifət tərəfdarı sonradan paytaxt küçələrində yürüş də edib. Və son illər ərzində ilk dəfə olaraq məhz müxalifət tərəfdarlarıyla mümkün toqquşmalara rəvac verməmək üçün Tbilisdəki müstəqllik günüylə bağlı ənənəvi hərbi parad da keçirilmir. Müxalifət liderləri də bunu öz qələbəsi kimi təqdim edir. Gürcüstanın Mühafizəkarlar Partiyasının lideri Kaxa Kukava:

«Bu gün Gürcüstanın müstəqillik tarixində ilk dəfə olaraq, Müstəqillik Gününü gürcü xalqı özü, tanklarsız və təyyarələrsiz qeyd edir».

Gürcü müxalifətinin mitinqi, 26 may 2009
Gürcüstanın müxalifət liderləri onsuz da bu günə nəzərdə tutulan hərbi paradı pozmağa çağırırdılar. Amma dünən Avropa Birliyi və ABŞ-ın ortaq müraciətində həm gürcü iqtidarını, həm də müxalifətini heç bir ön şərt irəli sürmədən danışıqlara başlamağa və islahatları müzakirə etməyə çağırmışdı.

Qərb diplomatları dəfələrlə bildiriblər ki, Gürcüstandakı siyasi böhranın başqa problemlərə də gətirib çıxaracağından narahatdırlar. Hətta ABŞ-ın Gürcüstandakı iki köhnə səfiri Vilyam Kortni və Kennet Yalovitz, Avropa Komissiyasının keçmiş səfiri Denis Korboyla birgə «Nyu York Tayms» qəzetindəki məqalələrində açıq şəkildə bildiriblər ki, bu durumdan istifadə edən Rusiyanın yeni hərbi müdaxiləsi qaçılmazdır.

«MƏQSƏD ƏHALİDƏ SAAKAŞVİLİYƏ QARŞI NARAZILIQLARI GÜCLƏNDİRMƏK İDİ»

Gürcüstan rəsmiləri də Rusiyanı yeni hərbi əməliyyatlara hazırlaşmaqda və Saakaşvilini devirmək üçün müxalifətdəki öz adamlarına maliyyə yardımı etməkdə ittiham edirlər. Ayın əvvəlində Gürcüstanda başlanan hərbi təlimlərdən bir gün öncə hərbi bazalardan birindəki üsyan cəhdinin arxasında da Moskvanın dayandığı iddia edilirdi. Qərbdən olan bəzi şərhçilər də iddia edirlər ki, ötən ilin avqustunda Moskvanın məqsədi Cənubi Osetiya və Abxaziyanı işğal etmək yox, gürcü əhalisində Saakaşviliyə qarşı narazılıqları gücləndirmək idi. Və doğrudan da ötənilki müharibədən sonra Gürcüstan müxalifəti Saakaşviliyə qarşı daha sıx birləşib, siyasi və iqtisadi böhran, Rusiyayla müharibədə məhz onu ittiham edirlər. Üstəlik, ötənilki müharibədən və ölkədəki siyasi böhrandan sonra Gürcüstanın NATO-ya üzvlüyü də artıq uzanan məsələyə dönüb.

Beynəlxalq Böhran Qrupunun Gürcüstan təmsilçisi Laurens Şitsin fikrincə, əslində, Moskvanın ilk mərhələdə məqsədinə çatdığını demək olar:

«Ən asan yol ölkədə vəziyyəti gərginləşdirmək və dövlətin beynəlxalq təşkilatlardakı nüfuzunu aşağı salmaqdır. Bu, daha asandır, nəinki hökuməti birbaşa devirmək. Sadəcə, əlindən heç nə gəlməyən iqtidarı hakimiyyətdə saxlayırsan. Rusiyanın Saakaşvilini hakimiyyətdən uzaqlaşdırmaq üçün apardığı siyasət də elə budur. Bu, Rusiyanın rəsmi siyasətidir».

RUSİYA YENİ MÜHARİBƏYƏ HAZIRLAŞIR?

Əslində, Rusiya rəsmiləri də, haqlarındakı bu cür iddiaları təkzib etmək üçün heç bir addım atmırlar. Rusiya Abxaziya və Cənubi Osetiya regionlarına müasir raketlərlə təchiz olunan T 90 tankları yerləşdirir, Cənubi Osetiya müharibəsində iştirak edən 58-ci ordusuna gecə döyüşləri üçün Mi 28-N hücum vertolyotları ayırıb, Abxaziyaya əlavə 10 min əsgər yerləşdirib.
Gürcü müxalifətinin mitinqi, 26 may 2009
Abxaziyadakı Qudautuda və Cənubi Osetiyadakı Tsxinvalidə hərbi bazalar yerləşdirir. Üstəlik, hər iki separatçı regionun sərhədlərini qorumaqla bağlı saziş imzalayıb, Gürcüstanın qonşuluğunda Qafqaz 2009 hərbi təlimləri keçirməyə hazırlaşır.

Abxaziya və Cənubi Osetiya isə ərazilərindəki bütün dəmiryolu və avtomobil nəqliyyatı strukturunu 10 illiyinə Rusiya idarəçiliyinə veriblər. Və Gürcüstanın Müdafiə naziri Vasil Sixarulidzenin fikrincə, bütün bunlar Rusiyanın yeni müharibəyə hazırlaşdığını göstərir:

«Onlar işğal olunmuş ərazilərimizə yeni hissələr yerləşdirməklə qalmırlar, həm də hərbi infrastrukturu da gücləndirirlər. Onlar təchizat yollarını qaydaya salırlar, işğal etdikləri ərazilərdə hərbi infrastruktur – anbarlar, kazarmalar yaradırlar. Onlar hər iki regionda təchizat daşıyırlar, xüsusən də Cənubi Osetiyaya. Bu da bizi narahat edir və yeni hərbi əməliyyatlara hazırlıq görmələriylə bağlı şübhələr yaradır».

Moskvadakı hərbi ekspert Pavel Fellengaurein fikrincə isə, əslində yay ayları bu regionda hərbi əməliyyatlar keçirmək üçün ideal vaxtdır:

«Həqiqətən də vəziyyət çox gərgindir. Biz deyə bilmərik ki, 100 faiz müharibə başlayacaq. Amma sentyabrın sonuna qədər, hava şəraiti əlverişli olduğu müddətdə, bu, çox mümkün görünür».

Saakaşvili özü, müstəqillik günündə ötən il Rusiyayla müharibədə həlak olan əsgərlərin qəbri üzərində çıxışında yenə də müharibə məsələsinə toxunub. Deyib ki, sonuncu işğalçı Gürcüstan torpağını tərk edənə kimi bütün gürcü xalqı mübarizəsini davam etdirməlidir.

MOSKVANIN BƏYƏNƏCƏYİ MÜXALİFƏT LİDERLƏRİ YETƏRİNCƏDİR

Gürcüstan hakimiyyəti və bəzi Qərb analitiklərindən fərqli olaraq, Saakaşvilinin istefasını tələb edən müxalifət Rusiyayla yeni müharibə haqda deyilənlərə inanmır. Gürcüstan müxalifətinə yaxınlığıyla tanınan siyasi şərhçi Paata Zakareşvili deyir ki, bütün bunlar camaatı gərginlikdə saxlamaqla hakimiyyətdəki ömrünü uzatmaq istəyən Saakaşvilinin siyasətinin bir hissəsidir:

Gürcü müxalifətinin mitinqi, 26 may 2009
«Hakimiyyət camaatı qorxu içində saxlamaq istəyir. Deyirlər ki, əgər sakitləşməsələr, iqtidar və müxalifət birləşməsə, Rusiya məqamdan istifadə edib silahlı münaqişə başlamaq üçün təxribat edəcək. Amma baş verənləri analiz edəndə görürsən ki, bu, real görünmür. Rusiya onsuz da müharibədə istədiyi hər şeyi əldə edib».

Amma Qərbdəki analitiklər gürcü müxalifətinin gəldiyi bu qənaəti yetərli saymır. Onların fikrincə, Rusiyanın məqsədi heç də Gürcüstan ərazilərini işğal etmək olmayıb. Rusiya əslində Saakaşvilinin qismində Qərbmeylli Gürcüstanla mübarizə aparır və hakimiyyətə Şevarnadze kimi xarici siyasət məsələlərində Moskvanın dediyi ilə oturub-duran bir adamı gətirməyincə sakitləşən deyil.

Kolumbiya Universitetinin xarici siyasət professoru və Gürcüstanla bağlı bir sıra kitabların müəllifi olan Linkoln Miçellin fikrincə, Moskva Gürcüstanda yeni Ermənistan yaratmaq istəyir. Bu üzdən birbaşa hərbi müdaxiləylə yox, dolayısı yolla Tbilisidəki siyasi proseslərə təsir edəcək ki, müxalifət liderləri arasından da hakimiyyətə məhz Moskvayla yaxınlaşmanın tərəfdarı olan adamlar gəlsin. Əks halda anti-Rusiya dalğasıyla hakimiyyətə Saakaşviliyə müxalifətdə olsa da, Qərbmeylli siyasətçilər gələ bilər. Gürcüstanın BMT-dəki keçmiş səfiri İrakli Alazaniya kimilər.

Analitiklərin fikrincə, Moskvanın bəyənəcəyi müxalifət liderləri isə yetərincədir. Məsələn, «qızılgül inqilabı»nın əsas fiqurlarından Nino Burcanadze. Elə Saakaşvili hakimiyyəti də eks-spiker Nino Burcanadzeni Rusiyadakı gürcü diasporası ilə yaxın əlaqələrinə görə Moskvanın arzuladığı fiqurlar arasında göstərir.

Şərhinizi yazın.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG