Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:47

Adsız kəndin sənədsiz sakinləri


Adını yaza bilməyən balacalar arteziandan analarına su çəkməkdə kömək edir
Gəncədə 350 ailənin məskunlaşdığı ərazidə 100-ə yaxın uşaq heç bir qeydiyyat kağızı olmadığından məktəbə gedə bilmir. Adını yaza bilməyən balacalar mikrofona danışmaqdan da çəkinirlər. Burda nəinki məktəb həvəsi gözündə qalanlar, hətta istənilən yaşda böyüklər də var ki, Azərbaycan vətəndaşlığını təsdiqləyən sənədləri yoxdur:

«ELƏ BİL Kİ, BİZ AZƏRBAYCANLI DEYİLİK»

- Mən dörd uşaqla gəlib burda oluram. Kimliyimi də çıxara bilmirəm, sosial yardım da ala bilmirəm. İcra hakimiyyətinə - Eldar müəllimin yanına getmişəm buraxmayıblar.

- Burda yaşayanların hamısı imkansız adamlardılar.

Gil-Torpaq İstehsalat Birliyinin bağ sahəsində uzun müddətdir ki, yaşayış yeri olmayan təxminən 700 nəfər yaşayır. Amma bu ərazini yaşayış yeri kimi qeydiyyata salmadıqlarından heç kim sənəd ala bilmir. Ailə quran gənclərin də nikahını təsdiq edən sənədləri yoxdur:

- Mənim oğlum, qızım, nəvələrim «havadadır». Elə bil ki, biz azərbaycanlı deyilik. Burda o qədər adam var ki, nikahı olmadığına görə ərsiz adam kimi sosial ardım alır. Bu da dövlətə ziyandır. Bir sənəd olsa, dövlət strukturu ayırd edə bilər ki, niyə bunun «zaksı» yoxdur və sosial yardım alır.

- Mən anam evində qeydiyyatdayam, amma yoldaşım evi satandan sonra «havadadır». Kimliyimiz dəyişiləsidir, heç yerdən «spravka» vermirlər. Uşağa məktəb üçün «spravka» ala bilmirik.

- Mən bacımın evində qeydiyyatdayam, uşaqlarım isə ortalıqda qalıb.

«QƏSƏBƏ KİMİ BÖYÜSƏ, STATUS ALSA, AD VERMƏK OLAR»

Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin rəhbəri Çingiz Muxtarov isə deyir ki, həmin ərazidə xeyli adamın məskunlaşmasından xəbərləri var, lakin ora hələ ad verilməsi ilə bağlı müzakirələr aparılmır:

- Alüminium zavodun bağ təsərrüfatıdır. Amma qeydiyyat yoxdur. Hələ ad haqqında fikirləşilmir ki, ora ad verilsin.

- Orda bu qədər adam yaşayır və məktəbə gedə bilmirlər, kimlik ala bilmirlər…

- Ola bilməz, onlar orda qeydiyyatdadırlar, hardasa kimlik də alırlar, məktəbə də gedirlər. «Damavoy» almaq istəyirlər ki, alqı-satqı eləsinlər. Ola bilsin ki, qəsəbə kimi böyüsə, status alsa, ad vermək olar. Kimliyi ala bilmirsə, bizə müraciət eləsin, deyərik necə almaq olar.

Gəncə şəhər İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Akif Ələkbərov isə deyir ki, həmin ərazi bağ təsərrüfatı üçün nəzərdə tutulub. Amma sənədləşməsi üçün qanunla nəzərdə tutulmuş əhali limiti olarsa, Nazirlər Kabinetinə müraciət edilməlidir. Amma indiyədək şəhər İcra Hakimiyyətindən heç bir aidiyyatı qurum Nazirlər Kabinetinə müraciət etməyib.

Bağ sahəsi adlanan bu kəndin mərkəzində adını yaza bilməyən balacalar arteziandan analarına su çəkməkdə kömək edir. Ancaq bu uşaqlar, valideynlərinin nikahı olmadığından nə məktəbə gedə bilir, nə də böyüyəndə vətəndaşlığını təsdiq edən sənədləri olur.

Şərhləri göstər

XS
SM
MD
LG