Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:49

«Monqol təcrübəsi»


Ulan-Bator meydanında milli geyimli monqol ailəsi. 6 iyul 2008
Ulan-Bator meydanında milli geyimli monqol ailəsi. 6 iyul 2008
«Bizim Yol»: «Monqolustan Xalq Demokratik Respublikası… Asiya qitəsinin şimal-şərqində, Çinin qonşuluğunda yerləşən bu ölkənin gündəlik həyatı ilə bağlı məlumata nadir hallarda rast gəlmək olar. Bu ölkə barəsində internetdə çox az məlumat var, dünya mediası da nadir hallarda bu monqol ölkəsindən bəhs edir»-, Elçin Rüstəmli «Monqol təcrübəsi» sərlövhəli köşə yazısında belə deyir.

Monqolustan son bir ildə 3 hadisə ilə yaddaşlarda qalıb. Ölkə təmsilçisi Pekin Olimpiadasında qızıl medal aldı, ötən il keçirilən parlament seçkilərində müxalifətin mitinqləri iğtişaşlara çevrildi. Sonuncu hadisə isə Monqolustanın, monqol xalqının dünyadakı imici üçün çox əhəmiyyətlidir. Elə dünya mətbuatı bu əlamətdar hadisəyə görə çoxdan unutduğu bu ölkəyə böyük diqqət ayırıb.

Monqolustanda keçirilən prezident seçkisində müxalifətdə olan Demokrat Partiyasının lideri qalib gəlib. Hazırkı prezident də rəqibinin qələbəsini etiraf edib.

Postsovet zonasında nadir hadisədir, nadir siyasi mədəniyyət nümunəsidir ki, monqollar onu nümayiş etdirə bildilər. Avropanın göbəyində yerləşən, Avropa İttifaqı, Amerika ilə hər cür inteqrasiyadan dəm vuran keçmiş ittifaq respublikalarının çoxunda belə hadisələr hələ baş verməyib. Hələ Belarusda, Moldovada, Azərbaycanda, Ermənistanda ədalətli seçkilər keçirilməyib, cəmiyyətin iradəsinə hörmət olunmayıb. Zindanlar siyasi məhbuslarla doludur, qeyri-rəsmi fövqəladə vəziyyət rejimi hökm sürür».

«Yeni Müsavat»: «Ali savadlı camaatımızı lap siftə Rüşvətlə və Korrupsiya ilə Mübarizə Üzrə Milli Strategiyanın təsdiqlənməsinin 2 illik yubileyinin yaxınlaşması münasibətilə ürəkdən təbrik edirəm. Bu zırıltı sənəd 2007-ci ilin iyulunda gurultu ilə təsdiqlənəndən sonra növ-növ eynəkli-eynəksiz yaltaq-yapalaq ekspert dözümlü xalqımızın zəhləsini düz bir ay tökmüşdü». Famil Cəfərli «Qumarbaz neftxuda və neft şirkəti» başlıqlı köşəsində belə iddia edir.

«Əli Əhmədov, Bahar Muradova, Mübariz Qurbanlı, yəni YAP o vaxt and içirdi ki, bu sənədin bizə, yəni millətimizə böyük xeyri olacaq. Düz deyirmişlər, yekə xeyri oldu. O sənədin qəbulundan sonra Azərbaycan Dünya Bankının 2008-də açıqladığı hesabatda göstərilmiş sürətlə inkişaf edərək korrupsiya sahəsində dəhşətli dərəcədə yaraşıqlı, ətli-canlı uğurlar qazanıb. Dünya Bankı deyir ki, Azərbaycanda 1996-2004-cü illərdə korrupsiya və rüşvətin miqyası adamı iyrəndirən səviyyədə olub. 2005-06-da bir az səngiyib, 2007-də yenidən daha iyrənc səviyyəyə yüksəlib, basıb 1996-cı il həddini də keçib».

«Azadlıq»: «Əsgər əsgəri niyə öldürür? Əsgər əsgərə düşməndirmi? Mayın 23-də N saylı poliqonda keçirilən təlim zamanı Azərbaycan ordusunun kiçik çavuşu Orxan Səfərovun açdığı atəşlə 3 çavuşu və bir əsgər öldürməsi, daha neçə nəfəri yaralaması xəbəri bizi yenidən düşünməyə məcbur edir».
Şahvələd Çobanoğlu «Absurdistan əsgəri» məqaləsində yazır: «Bu, adi hadisə deyil. Təkcə ona görə yox ki, əsgər ölümü artıq bizim ölkədə sıradan bir hadisəyə çevrilib və bu sahədə uzun illərdir ağır vəziyyət hökm sürür. Bilirsiniz ki, Neft Akademiyasında baş verən qanlı faciənin göz yaşları hələ qurumayıb. Nə qədər müəmmalar olsa da, hamı anlayır ki, orada qətlləri törədən kəs ya xəstə bir manyakdır, ya da xüsusi xidmət orqanlarının zombiləşdirdiyi terrorçu. Bəs öz xidmət yoldaşlarını öldürən əsgər niyə qətliama əl atır? O ki bir manyak deyil, terrorçu deyil…»

«Yeni Azərbaycan»: «Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ardıcıl siyasət yeridir. Xarici işlər naziri Əhməd Davudoğlu Bakıya səfərindən öncə İKT zirvəsində ölkəsinin münaqişə ilə bağlı mövqeyini bir daha bəyan edib».

«Lap yaxın keçmişdə nazir vəzifəsinə təyin olunan Ə.Davudoğlunun qısa zaman kəsiyində ölkəmizə iki dəfə səfər etməsi Türkiyə xarici siyasət kursunda Azərbaycana verilən önəmin göstəricisidir. Yeni bir inkişaf dövrünü yaşayan Türkiyə-Azərbaycan münasibətləri hazırda daha çox Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycana verilən dəstəyin artırılması ilə diqqəti cəlb edir. Xarici işlər naziri Ə.Davudoğlunun İslam Konfransı Təşkilatının işində çıxış edərkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanat buna bir daha sübutdur. Həmin çıxışında Azərbaycan ərazilərinin 20 ildən bəri işğal altında olduğunu xatırladan Davudoğlu problemin tezliklə, həm də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb. Beləliklə, rəsmi Ankara bir daha ölkəmizin ədalətli mövqeyini müdafiə etdiyini və bu məsələdə Azərbaycana tam dəstək verdiyini bütün dünyaya bəyan edib».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG