Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:15

«İndiki vaxtda hökumətdən maaşın artırılmasını tələb etmək olmur»


Gəncə Gil-Torpaq İstehsalat Birliyinin 700-ə yaxın işçisi apreldən öz hesabına məzuniyyətə göndərilib
Gəncə Gil-Torpaq İstehsalat Birliyinin 700-ə yaxın işçisi apreldən öz hesabına məzuniyyətə göndərilib
«Dəmiryolçuların iş saatı da, maaşı da azaldılıb», «Neft şirkətlərində işçilərin ixtisarına başlandı», «Filan zavod da işini dayandırır»…

Son ayların həyəcan və narahatlıq dolu xəbərləri. Azərbaycan da böhranın təsirindən yaxasını qırağa çəkə bilmədi. İlkin ixtisarlar, iş saatlarının azaldılması artıq başlayıb. Hətta böhranın Azərbaycana təsir etmədiyini deyən dövlət başçısı da «ilkin qurbanlarla» bağlı göstəriş verməli oldu.

Amma Həmkarlar İttifaqları Konfederasiyası hələ ki susur. Belə görünür ki, hökumət qarşısında ixtisara düşənlərin sosial müdafiəsi problemlərini qaldırmağa tələsmir. Hərçənd Konfederasiyanın şöbə müdiri Çingiz Tağıyev deyilənlərlə razılaşmır:

- Konfederasiya bu məsələni mütləq qaldırır. Biz sadəcə, üçtərəfli sosial tərəfdaşlıq prinsipinə əməl edirik. İndi həm işəgötürənlərlə, həm hökumətlə danışıqlar gedir. Hətta beynəlxalq həmkarlar ittifaqlarını da bu işə cəlb edirik. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına sənədlər göndərmişik. Bundan başqa, Beynəlxalq Əmək Təşkilatının iyunda Cenevrədə sessiyası olacaq, bizim sədr də orda Azərbaycanda böhranın təsirindən danışacaq. O, hesabatında böhran zamanında layiqli əmək məsələsini qaldıracaq.

- Çingiz müəllim, dediz ki, hökumətlə və işəgötürənlərlə danışıqlar aparırsız. Hansı məsələləri qaldırırsız?

- Biz bütün imkanlardan yararlanırıq. Milli Məclisdə büdcənin yekunları müzakirə ediləndə məsələ qaldırdıq ki, minimum əməkhaqqı qaldırılmalıdır. Ünvanlı sosial yardımın meyarı yaşayış minimumuna bərabər olmalıdır və sairə… Yəni, hansısa məsələylə bağlı Nazirlər Kabinetinə gedib dalaşmağa-vuruşmağa nə ehtiyac var?

- Sizcə, indiki şəraitdə minimum əməkhaqqı nə qədər olmalıdır?

- Yaşayış minimumu 84 manat təsdiqlənib. Deməli, ona uyğun da minimum əməkhaqqı olmalıdır.

- Sizcə, böhran vaxtında bu məbləğ yetərlidirmi?

- Bir baxın, görün o biri ölkələrdə nə baş verir? Camaatı işdən çıxarırlar, maaşlarını kəsirlər, iş gününü azaldır, iki-üç günə salırlar. Bizim hökumətinsə bir az imkanı var deyə, elə də əziyyət çəkmirik. Ədalətli olmaq lazımdır. İndiki vaxtda hökumətdən maaşın artırılmasını tələb etmək olmur. Beynəlxalq Əmək Təşkilatı böhran vaxtında belə bir siyasət aparır ki, əmək haqları aşağı düşməsin, iş yerləri saxlansın. Gərək biz də bir balaca vəziyyətə uyğun hərəkət edək.

- Amma Azərbaycanda da ixtisarlar aparılır, iş saatı azaldılır, maaşlar azalır…

- İxtisarlar gedir, razıyam. 2008-ci ildə sənaye işçilərinin sayı təxminən 4.5 faiz azalıb, təxminən 7500 adam işsiz qalıb.

- Bəs onların sosial müdafiəsi necə həll olunur?

- Onlar gərək məşğulluq mərkəzlərinə müraciət etsinlər, qeydiyyata düşsünlər və işsizlik üçün müavinət alsınlar. Ondan başqa, prezident də göstəriş verdi ki, metallurgiya, kimya və başqa sahələrdə çalışanların heç olmasa iki-üç aylıq maaşlarını versinlər.

- Verilirmi?

- Nazirlər Kabineti bunun üzərində çalışır. Bir də, 2008-ci ilin büdcəsində, eyni zamanda bu ilin ilk rübünün büdcəsində profisit yaranıb, yəni gəlirlər xərclərdən çoxdur. Bundan da istifadə etmək olar. Metallurgiya, tikinti, kimya sahəsinə yardım etmək olar…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG