Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:31

Torpaqlar da dövlət ehtiyacları üçün alınacaq


Layihəyə görə, torpaq alınarkən onu dəyərləndirmək üçün qiymətləndirmə komissiyası yaradılacaq
Layihəyə görə, torpaq alınarkən onu dəyərləndirmək üçün qiymətləndirmə komissiyası yaradılacaq
«Bütün instansiyalara müraciət etdik. Onlar da Şamaxı rayon Məhkəməsinin qərarını qüvvədə saxladılar. İndi biz sənədləri Avropa Məhkəməsinə hazırlayırıq».

2006-cı ildən indiyədək Sadıqov Səlim Şamaxı rayonu Çuxuryurd kəndindəki 8 hektardan çox torpağını geri almaq uğrunda mübarizə aparır. Onun bu işdə etibarlı nümayəndəsi Cavid Abdullayev deyir ki, kəndin bələdiyyəsi torpağı prezidentə rezidensiya tikmək adı ilə qeyri-qanuni onların əlindən alıb. İndi hətta qiymətindən xeyli aşağı kompensasiya da vermək istəmirlər:

«Bazar qiymətindən 4 dəfə aşağı qiymət istəyirik onlardan, bunu da etmirlər. Hazırda orada torpağın sotu 2 min manatdır. Biz isə 500 manat istəyirik, onu da vermirlər».

Mayın 22-də Milli Məclisin Aqrar siyasət komitəsi torpaqların dövlət ehtiyacları üçün alınması haqında yeni qanun layihəsini müzakirə edib. Komitə sədri Eldar İbrahimov deyib ki, bu qanun torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyaların müəyyən edilməsi, ödənilməsi və həmin sahədə digər münasibətləri tənzimləyəcək:

Eldar İbrahimov
«Məqsədimiz odur ki, burada dövlətin maraqları ödənilsin və bu zaman vətəndaşların mənafeyinə toxunulmasın. Yəqin ki, belə də olacaq».

Komissiya sədri deyir ki, hazırda bu sahəni tənzimləyən qanunlarda torpaqların dövlət ehtiyacları üçün alınmasında dövlət ehtiyaclarının nədən ibarət olması və kompensasiyanın miqdarı göstərilməyib: «Bu isə müxtəlif orqanlar, subyektlər arasında torpaq mübadiləsi məsələsində çəkişmələrə səbəb olur. Bu layihədə isə konkret göstərilib ki, torpaqlar 3 halda - yolların və digər kommunikasiyaların çəkilməsində, sərhəd zonalarının müəyyən edilməsində və müdafiə məqsədilə tikintilərin aparılmasında dövlət ehtiyacı üçün alına biləcək».

Onun sözlərinə görə, bu məqsədlə torpaqlar xüsusi, bələdiyyə və dövlət ərazilərindən alına biləcək. Yeni qanun layihəsinə əsasən torpaqların alınması üçün xüsusi orqan yaradılacaq. Yeri gəlmişkən, əvvəlki qanunda bu işi müxtəlif orqanlar həyata keçirirdi. Layihədə torpağın aid olduğu ərazidəki maraqlı şəxslərin də mənafeyi nəzərə alınır. Yəni torpağın yerləşdiyi ərazinin sərhəddində olan qonşuların da mülkiyyət hüququ nəzərə alınır.

Layihəyə görə, torpaq alınarkən onu dəyərləndirmək üçün qiymətləndirmə komissiyası yaradılacaq. Torpaq ədalətli kompensasiya verilməklə alınacaq. Torpaqların alınması könüllü və məcburi qaydada həyata keçiriləcək. Kənd təsərrüfatı sahələrində və tikililərin məcburi alınmasında onların köçürülməsi prosesi həyata keçiriləcək. Ədalətli kompensasiyaların ödənilməsində bazar qiymətləri nəzərə alınacaq. Torpaq dövlət tərəfindən geri alınarkən onun yerləşdiyi ərazidə son 3 ay ərzində ən baha satılan torpağın həddi müəyyən edəlicək.

Vüqar Bayramov
İqtisadçı Vüqar Bayramov deyir ki, bu qanun layihəsində müəyyən boşluqlar var. Məsələn, əgər torpağı dövlət ehtiyacları üçün alınan şəxs təklif olunan qiymətlə razı deyilsə, o zaman dövlət qurumunun deyil, vətəndaşın məhkəməyə müraciət etməsi nəzərdə tutulur. Halbuki dünyanın hər yerində məhkəməyə torpağını vermək istəməyən şəxs yox, onu almaq istəyən qurum müraciət edir. Azərbaycanda isə əmlakın dövlət ehtiyacları üçün alınmasını tənzimləyən qanunda olduğu kimi, indi təklif olunan qanun layihəsində də bunun əksini görürük. Başqa bir məsələ isə torpağın qiymətləndirilməsi ilə bağlı meyarların layihədə konkret göstərilməməsidir. Burada konkretliyə ehtiyac var:

«Əgər həmin ərazidə son 3 ayda torpaq satılmayıbsa və ya axırıncı dəfə bir il əvvəl satılıbsa, onda dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan torpaq necə qiymətləndiriləcək? Yəni bu aydın qiymətləndirmə meyarı deyil».

V.Bayramova görə, əslində bu cür qanunlar əsasən vətəndaşların mülkiyyət hüququnu təmin etməlidir. Ancaq nədənsə sənədlər daha çox dövlət ehtiyaclarının ödənilməsini önə çəkir. Halbuki dövlət ehtiyacları bütün hallarda mülkiyyət hüququndan sonra gəlir.

V.Bayramov bununla belə, hesab edir ki, hətta tam olaraq vətəndaşın maraqlarını təmin edən qanunun qəbul edilməsi də mübahisələrə son qoymur. Çünki bundan sonra həmin qanunun işləyib işləməyəcəyi bəlli deyil.
XS
SM
MD
LG