Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:18

May başlayandan 48 nəfər qidalardan zəhərlənib


Həkimlər insanların daha çox meyvə-tərəvəzdən zəhərləndiyini deyir

Həkimlər insanların daha çox meyvə-tərəvəzdən zəhərləndiyini deyir

May ayı başlayandan Azərbaycanda 48 nəfər qidalardan zəhərlənib. Həkimlər insanların daha çox meyvə-tərəvəzdən zəhərləndiyini deyir. Yəni təzə meyvələrdən nübar etmək istəyən bir də gözünü açır ki, xəstəxanadadır.

İndi Bakının bazarlarında yay mövsümünün demək olar, bütün meyvələrini tapmaq olar - çiyələkdən, üzümdən, qovun-qarpıza qədər. Satıcılar deyir ki, meyvə-tərəvəzin çoxu xaricdən gətirilsə də, artıq satışda yerli məhsullar da var:

- Bax bu Mingəçevir göycəsidir. Bu Şəmkir, bu da Cəlilabad çiyələyidir. Ağdaş gilası da var.

- Havalar az əvvəl istiləşib. Meyvələr belə tez yetişdi? Bunların dərmansız yetişməsinə alıcı necə əmin ola bilər?

- Meyvələr çoxdan yetişib. Bunlar ilk vaxtlar dərmanlı olur. Artıq torpaq qızıb, dərmana ehtiyac yoxdur.

Söhbətləşdiyim bəzi paytaxt sakinləri ilə söhbətdən isə bəlli oldu ki, çoxları ciblərinin imkan verdiyi həddə qış menyusunu yayın meyvə-tərəvəzilə təzələməyə meyllidir. Təbii, ehtiyatlı olmaq şərti ilə:

- Çiyələklər hamısı zəhərlidir. İndi dərmansız heç nə yetişməz. Danadişi deyilən ziyanverici var hər yerdə. Bitkiləri ondan qorumaq üçün mütləq dərmanlayırlar.

- Adi isti su ilə dərmanı təmizləmək olar?

- Əlbəttə yox. İstər-istəməz məhsulun üzərində qalıb insan orqanizminə keçir.

- Qaysı vaxtı deyil - qaysı var, qarpız vaxtı deyil - qarpız var. Sizcə, bu məhsullar təhlükəsizdir?

- Əlbəttə yox. Təkcə meyvələr yox, tərəvəzlər də həmçinin. Pomidor, xiyar indi gün altında yetişməz. Hamısı istixanalarda yetişdirilir, özü də dərmanla.

- Bəs onlara necə nəzarət edilə bilər?

- Bu, artıq dövlətin işidir.

Azərbaycanda meyvə-tərəvəzin gigiyenik normalara uyğunluğuna Kənd Təsərrüfatı Nazirliyinin sanitariya xidməti nəzarət edir. Xidmətin rəis müavini Ələddin Eyvazov deyir ki, nazirliyin nəzarət-toksikologiya laboratoriyası yeni satışa çıxarılan meyvələrin tərkibindəki kimyəvi maddələrin normada olub-olmadığını yoxlayır. Bunun üçün ölkəyə yeni avadanlıq da gətirib:

- Bununla bağlı bizim qurumla Səhiyyə Nazirliyinin Gigiyena Epidemiologiya Mərkəzi birgə gigiyenik normaları təsdiq edib. Mütəxəssislər bazarlarda olurlar, laborator yoxlamalardan sonra uyğun rəylər verilir. Hələ ki, yeni mövsümdə zəhərlənmə halı qeydə alınmayıb.

- Səyyar ticarətçilər məhəllələrarası da məhsul satışı ilə məşğuldur. Onlara nə dərəcədə nəzarət olunur?

- Bu, bir qədər çətindir. Çünki onların hansı məhəllədə nə qədər qalacağını dəqiq bilmək çətindir. Ancaq bütün bazarlarda və ərzaq yarmarkalarında Kənd Təsərrüfatı Nazirliyinin ekspertləri işləyir.

Ələddin Eyvazov vətəndaşları bütün hallarda ehtiyatlı olmağa çağırır. Onun fikrincə, ən təhlükəsizi hər meyvəni elə ənənəvi mövsümündə yeməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG