Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:16

Gəncədə qırmızı zəhər yağışı


Fəaliyyəti dayandırılmış Giltorpaq İstehsalat Birliyi. Gəncə, aprel 2009

Fəaliyyəti dayandırılmış Giltorpaq İstehsalat Birliyi. Gəncə, aprel 2009

Murad Giltorpaq İstehsalat Birliyinin yerləşdiyi ərazidə yaşayır. Əkin-biçinlə məşğuldur, tərxun becərir. Deyir ki, əkdiyi tərxunların rəngi yaşıla yox qırmızıya çalır. Müəssisənin şlam sahəsindən çıxan tullantılar külək vasitəsilə bütün Gəncəyə yayılır.

«Burada hava həmişə qıpqırmızı olur»

«Külək fırlayanda buraları duman bürüyür, zəhərli maddələr torpağa hopduğundan qırmızıya çalır, elə tərxunu da adicə suya salanda qırmızı su çıxır. Burada hava həmişə qıpqırmızı olur, insanın burnu qıcıqlanır».

Küləkli günlərdə Gəncədə, həmçinin qonşu rayonlarda göyün üzünün qırmızı rəngə boyanmasına əhali vərdiş edib. Bu ərazilərdə bəzən əhalinin dili ilə desək qırmızı zəhər yağışı da yağır.

«Külək əsəndə toz-tozanaq qalxır, hər yeri qırmızı götürür. Onların hamısı kimyəvi maddələrdi, zəhərdi. Külək əsəndə ev-eşiyimiz batır, çölə çıxa bilmirik;

Qırmızı toz qalxanda adam boğulur, boğazımız ağrıyır;

Bu elə tozdur ki, nə qədər yusan da üstündə qalır. Baksit maddəsi qırmızı olduğundan qapıdakı torpaq qıpqırmızıya çalır».

«90-cı illərin problemləri yenidən üzə çıxır»

Fəhlələr fəaliyyəti dayandırılmış Giltorpaq İstehsalat Birliyində. Gəncə, aprel 2009
«Ekorenossans» İctimai Birliyinin sədri İrşad Abbasov deyir ki, Giltorpaq İstehsalat Birliyinin dünya maliyyə böhranı ilə əlaqədar fəaliyyətini dayandırması daha ciddi təhlükədən xəbər verir. Belə ki, tullantıların su ilə örtülməsi ay ərzində 15 min manat vəsait tələb etdiyindən bu proses həyata keçirilməyəcək:

«Maliyyə böhranı ilə əlaqədar müəssisə fəaliyyətini dayandırır və bununla da 90-cı illərin problemləri yenidən üzə çıxacaq».

Azəralüminiumun tullantıları «şlam baseyni» deyilən sahədə toplanır. Birinci sahədə alunitin istehsalından alınan tullantılardır. İkinci sahədə baksitin».

Ekoloq İrşad Abbasov deyir: «Müəssisə işləyərkən tullantılar ora su vasitəsilə nəql olunurdu. Hövzənin üzərində maye qatı yarandığına görə, bu təbəqə ətrafı o qədər də çirkləndirmir. Müəssisə işləmədiyi halda tullantılar alınmayacaq və hövzənin üzərində maye qatı olmayacaq. Bu halda küləkli günlərdə tullantılar ətraf mühitə və atmosferin yuxarı qatlarına qalxacaq».

Tullantılar külək vasitəsilə İran sərhədinə qədər gedib çatır

İrşad Abbasov həmçinin deyir ki, bu məsələ ilə bağlı fəaliyyət planında müəssisənin ətraf mühiti çirkləndirməsi öz əksini tapıb. Uzun müddət keçsə də verilən təkliflərə müəssisə heç bir müsbət rəy verməyib.

«O hövzə dayandırılmalı, üzəri betonlanmalı və texniki tələblərə cavab verən hövzə işə düşməlidir. İkinci təklif isə şlam sahənin ətrafında meşə zolağının salınmasıdır. Təəssüflər olsun ki, hələ ki, bir cavab gəlməyib və hövzənin ətraf mühiti çirkləndirməsi davam edir. Küləklər şimal-qərbdən əsdiyindən əsas ziyanı Goranboy tərəfi çəkir. Hakim küləklər əsasən şimal-qərb istiqamətində əsir. Bu tullantılar külək vasitəsilə İran sərhədinə qədər gedib çatır».

Giltorpaq İstehsalat Birliyinin fəaliyyəti tamamilə dayandırıldığından burada heç bir nümayəndə şlam sahəsinin suvarılıb-suvarılmaması ilə bağlı danışmadı. Adını belə deməyən bir nəfər məsul şəxs telefonda bildirdi ki, məsələyə müəssisə işə düşəndən sonra baxılacaq. Ancaq müəssisənin işləyib-işləməsindən asılı olmayaraq, böyük bir sahəyə atılmış tullantılar küləklə sovrularaq əhalini və ətraf mühiti çirkləndirməkdə davam edir.

Şərhləri göstər

XS
SM
MD
LG