Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:43

«Biganəliyi görəndən sonra içimdə nifrət baş qaldırır»


Yalçın Rzazadə
Yalçın Rzazadə
O oxuduğu mahnılara ürəyini qoyub. Özü belə deyir, bir də dinləyənləri. Deyir ki, mahnıları oxuyanda göz yaşı tökməyib, bu gülməli görünərdi çünki, sadəcə, nəğmələrini içdən oxuyub, ürəyindən keçirib. Ona görə oxuduğunu dinləyənlərdən bəlkə riqqətə gələn də olub («Dədə Qorqud» filmindəki mahnısını xatırlayın), kövrələn də, hətta ağlayan da. «Ömür keçdi», «Əlvida», «Taleyim mənim», «Uşaqlar», «Anam qocalır»… Sadalamaqla bitərmi ki?.. Mahnılarını qəlbindən keçirən xalq artisti Yalçın Rzazadə ürəyinin axırına çıxıb, deyəsən. İndi bir cərrah bıçağı köksünə saplanmağa hazırlaşır:

- Çoxu elə bilir əsəbləşmişəm deyə ürəyim ağrıyır. Amma mənim qan təzyiqim çox yüksəkdir, son vaxtlar o da ürəyimə vurdu. Gələn ayın 10-na kimi Türkiyənin Memorial Xəstəxanasında (Allah heç kimə qismət eləməsin ora düşməyi) olmalıyam.

- Ürəyinizdən əməliyyat olunmalısız deyəsən?

- (Ah çəkir). Onu dəqiq bilmirəm də. İki diaqnoz qoyulub. Biri ürəyin genişlənməsi, ikincisi damar kirəclənməsidir. İstərdim ürək genişlənməsi olsun…Görək də. Hər halda, mən özümü burda yox, orda rahat hiss edərəm.

- Yəni Türkiyədə? Azərbaycanlı həkimlərə ürəyinizi etibar etmirsiz?

- Ailə üzvlərimdən biri yaxınlarda xəstəlik keçirtdi. Bir il iki ayda ona 183 iynə vuruldu, kiloqramla dərman içirildi. Amma həkimlərdən biri də ona diaqnoz qoya bilmədi. Axırda vaxtilə Sibirdə işləmiş bir azərbaycanlı hərbi həkim yardım etdi. Mən bütün Azərbaycan təbabətini şübhə altına salmaq istəmirəm. Amma gözümlə gördüyümü deyirəm. Hara gedirsən lazımlı-lazımsız iyirmi-otuz iynə-dərman yazılır, xeyri də yox. Əzbərlənmiş reseptlərdi. Məni indi burda Türkiyədə təhsil almış azərbaycanlı həkimlər müalicə edirlər, deyirlər əməliyyat qabağı bir az möhkəmləndirək sizi…Azərbaycanda şəxsiyyətli insanlar çoxdur. Onlara minnətdaram ki, mənə kömək edirlər. Amma istərdim dövlət özü mənimlə maraqlansın, qeydimə qalsın.

- Dövlət sizin müalicənizə yardım etməyəcək?

- Vəzifədə olan ayrı-ayrı adamlar mənə əl uzadırlar. Amma ümumiyyətlə, mən mədəniyyət məmurlarından çox inciyirəm. Sabah ölə bilərəm, onların vecinə də olmaz. Elə bil xalq düşməniyəm. Bu günlərdə bir professorla qarşılaşdıq. Əhvalımı soruşdu, sonra da xəbər aldı ki, dövlət sizə yardım edirmi? Dedim yox, dedi: «Əfsus! Axı bir sənətkarı Fransaya, İtaliyaya göndərmək elə çətin iş deyil».

- Bəlkə özünüz müraciət edəsiz?

- Onsuz da Mədəniyyət Nazirliyi yardım etməyəcək. Bir dəfə zəng eləyib demədilər ki, Allah şəfa vesin. Prezident Aparatında mədəniyyət şöbəsi var, onlar məni eşitmir, amma Türkiyədən, İngiltərədən, Norveçdən, İrandan zəng edir halımı soruşurlar… Mən bu son aylarda özümü lazımsız hiss etdim. Biganəliyi görəndən sonra içimdə nifrət baş qaldırır… 41 ildir sənətdə külüng döyürəm. Məni bağışlayın, üç manatlıq sənətkar deyiləm, zəhmət çəkmişəm. Bəlkə də mənim ölümümü istəyirlər?.. Dörd mahnı oxuyana hər cür şərait yaradılır, amma mənim 45 yaşım oldu, yada düşmədim, 50 oldu, 55 oldu yada düşmədim. Nə yaxşı ulu öndər mənə xalq artisti adı verdi, dövlət mükafatı verdi, indiki prezident dövlət təqaüdü verir. Mən həmişə geyimə-keçimə fikir verən olmuşam…Məni yaşadan dostlarım var, onlar olmasa axırım nə olardı? Məni müalicəyə də iki dostum göndərir.

- Bəs bu münasibəti görəndən sonra ürəyinizdən keçirmi ki, heyif sənətə verdiyim illərə…

- Çox-çox. Təəssüflənirəm əlbəttə…Mənim ürəyimi sıxan üzü bərk, ürəyi bərk məmurlardır.

- Sənətçiyə ilk növbədə ürək lazımdır oxumaq üçün. Bu ağrılar oxumağa mane olmur ki?

- Mənə çox gərginlik yaşamaq olmaz. Görürəm bir az oxuyan kimi ürəyim sancır, qan təzyiqim artır. Ona görə az oxuyuram. Emosional adamam. Hər şeyi ürəyimə salıram. Bir var ağlaya-ağlaya oxuyasan, gülməli çıxar, bir də var içinə salıb oxuyasan. Mən içdən, ürəklə oxuyuram. Amma bu günlərdə təzə bir mahnı hazırladım, onu eşidəndə görərsiz ki, mən kiməm…Dinləyənlər deyirlər ki, dəhşət mahnıdır. Bilirsiz yaş artır, səsim laxlamır, öz yerindədir.

- Ürəkdə nasazlıq yaranan kimi həkimlər nələrəsə məhdudiyyət qoyurlar. Bilirəm ki, bu səbəbdən maşın sürmürsüz daha. Qadağa qoyulan daha nələrdən ötrü darıxırsız?

- Sağlamlığım üçün…Darıxıram ki, artıq hərəkət edərəm, ürəyim yerindən oynayar. Bir həftə əvvəliydi, ürəyim tutdu, neçə saat ağrı buraxmadı...Cərahiyyə əməliyyatı olmur, nə olur-olsun, yaşamaq istəyirəm. Mən arzuları olan insanam, neçə-neçə arzusu olan müğənniyəm. Bütün bunları xəstəxanaya getməzdən əvvəl deyirəm sizə. Azərbaycanı çox sevirəm, ona ürəyimlə bağlıyam. Mən dədə-babalarımın, doğmalarımın qəbrinə bağlıyam. Məni sevənlərə, pərəstişkarlarıma bağlıyam, onlara ehtiramım var. Əlbəttə, istərdim bir sənətkar kimi yenə də xalqın içində yaşayım və o məhəbbəti bir az da çox duyum.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG