Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:54

İraq neftinin yiyəsi kimdir?


İraqda 112 milyard barel sübut olunmuş neft var. Bu, 5 trilyon dollar deməkdir
İraqda 112 milyard barel sübut olunmuş neft var. Bu, 5 trilyon dollar deməkdir
Kürd regional hökuməti xarici şirkətlərə deyir ki, «nefti çıxarın, bölək». Bağdad isə bildirir ki, «nefti çıxarın, ancaq neft mənimdir».

İraqda 112 milyard barel sübut olunmuş neft var. Bu, 5 trilyon dollar deməkdir.

İraq nefti ən ucuz başa gələn neftdir.

Bəs İraqda neçə neft quyusu var? Bu yaxınlara kimi olan statistikaya görə, 2 min. Müqayisə üçün, Texasda 1 milyon neft quyusu var.

İraq bu qədər neftlə niyə bu vəziyyətdədir?

Səbəblər sırasından müharibəni çıxsaq, yerdə qalır Bağdadla Kürd Regional Hökuməti (KRH) arasında mübahisə.

İraqda Səddam Hüseyni yıxandan sonra keçən bu 6 ildə nefti bölə bilmirlər.

İraqın neft ehtiyatlarının və çıxarılan neftinin çox hissəsi şimalda – KRH-nın nəzarətində olan ərazilərdədir. KRH deyir ki, bu neftlə istədiyi kimi davrana bilər, Bağdad hökuməti isə bildirir ki, bu neft bütün İraqındır.

Keçən ay tərəflər elan etdilər ki, İraqın şimalında, yəni KRH-nin nəzarətində olan ərazidə 2 neft yatağından dünya bazarına gündə 60 min barel neft ixrac olunacaq. Ancaq barışıq uzun sürmədi.

İraqın neft naziri Hüseyn Şəhristani xəbərdarlıq etdi ki, bu neftdən gələn pul İraqın dövlət gəlirinə aiddir və İraqa məxsusdur, kürd hökumətinə yox.

Şəhristani bu günlərdə yenə «Financial Times» qəzetinə deyib ki, KRH-nin neft naziri İraqın Maliyyə Nazirliyindən icazəsiz bu puldan bircə dollar da götürə bilməyəcək.

Şəhristani deyir ki, KRH indiyə kimi xarici şirkətlərlə 25 müqavilə imzalayıb. İraq hökuməti bu kontraktların heç birini tanımır.

Londondakı Qlobal Enerji Tədqiqatları Mərkəzinin təhlilçisi Manuçöhr Takın bu mübahisənin səbəbini belə izah edir:

«İraqda parlamentin qəbul etdiyi neft qanunu yoxdur. Ona görə neft məsələsi konstitusiyanın iki yozumuna əsaslanır. Kürd hökuməti deyir ki, konstitusiyanı araşdıran beynəlxalq hüquq ekspertlərinin fikrincə, kürd hökumətinin xarici şirkətlərlə müqavilə imzalamağı qanunidir. İraqın neft naziri və İraq hökuməti isə deyir ki, qanuni deyil».

Neft mübahisəsini həll etməyin bir yolu konstitusiyaya əlavə edib, şimaldakı kürd regionunun federal İraq dövləti tərkibində statusunu dəqiqləşdirməkdir. Ancaq bu, referendum tələb edir və qəliz məsələdir.

İkinci yol neft qanununu hazırlamaqdır və orda İraqın şimalındakı nəhəng nefti necə bölməyi göstərməkdir.

Ancaq bu neft qanunu da keçmir. Səbəb zəngin neft regionu Kərkükdür - KRH və Bağdad hökumətinin hər ikisi Kərkükü öz nəzarətinə almaq istəyir.

KRH Kərkük əhalisinin çox hissəsinin kürd olmasını əsas gətirərək Kərkükü kürd ərazilərinə birləşdirmək istəyir. İraq hökuməti isə Kərkükün çoxmillətli olmasını qabardaraq bu regionun məhz İraqın bir hissəsi olduğunu deyir.

Soruşula bilər ki, niyə belə mübahisəli şəraitdə neft şirkətləri İraqın şimalında işləməyə, pul qoymağa razı olurlar?

Səbəb pay bölgüsü müqaviləsidir - neft şirkəti öz payını götürür, yerdə qalanı kürd hökuməti ilə Bağdad necə böləcək - bunun ona dəxli yoxdur.

İraqın şimalında təhlükəsizlik də yaxşı qorunur, bu da əlavə cəlbedici faktordur.

İraq hökumətinin xarici şirkətlərə təklif etdiyi şərtlər dünyada qəbul olunmuş şərtlərdir. Ancaq kürdlərin təklif etdiyindən pisdir. Bağdad pay bölgüsü təklif etmir, Bağdad deyir ki, «nefti çıxarın, ancaq neft bütünlüklə mənimdir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG