Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:43

FİFA Azərbaycana qarşı sanksiya tətbiq edə bilər


2010-cu il Dünya çempionatı Cənubi Afrika Respublikasında keçiriləcək

2010-cu il Dünya çempionatı Cənubi Afrika Respublikasında keçiriləcək

Azərbaycanlı futbol azarkeşlərinin arzusu gözündə qala bilər. Əgər Uels və Azərbaycan yığmalarının iyunun 6-na planlaşdırılan görüşü baş tutmasa. Bir müddətdir ki, Uels yığmasının futbolçuları başda olmaqla, rəsmiləri, eləcə də azarkeşləri viza dalınca Azərbaycanın Londondakı səfirliyinin qapısını kəsdiriblər. Səfirlik isə uelslilərin Azərbaycana gəlmələri üçün dəvətnamələrinin olmadığını deyir.

Uels Futbol Assosiasiyasının sözçüsü Ceri Stennett «Azadlıq» radiosuna müsahibəsində deyib ki, viza sənədləri əllərində olmasa Bakıya gəlməyəcəklər:

«Onlara Azərbaycandan dəvətnamə lazımdır. Çünki hazırda üzləşdiyimiz problem Londondakı Azərbaycan səfirliyinin Bakıdan bəzi dəvətnamələri almamasıdır. Ya onlar azarkeş, texniki heyət və oyunçuların bir hissəsi üçün viza problemini həll edə bilmir, ya da həvəsində deyillər».

Ceri Stennet ümid edir ki, problem qısa müddətdə həllini tapacaq. Belə ki, oyun vizaya görə baş tutmasa FİFA-nın Azərbaycana qarşı sanksiya tətbiq etməsi mümkündür.

Artıq mayın 22-dən bir qrup azarkeş artıq avtomobillərlə Azərbaycana yola düşməyi planlaşdırır. Uels Futbol Assosiasiyası oyunun baş tutmasına yardım göstərməsi üçün AFFA və Azərbaycan hökumətinə müraciət də edib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu bu problemdən xəbərdardır, deyir ki, məsələnin həlli istiqamətində iş görülür:

«Ümumiyyətlə, azarkeşlər gələndə viza məsələsi ilə özləri məşğul olur. Amma onlar müraciət ediblər ki, bu sahədə problemləri yaranıb. Belə olanda onlara nə kömək lazımdır göstəriləcək. Bu məsələ AFFA-nın ciddi nəzarəti altındadır».

M.Nərimanoğlu bir il əvvəl Azərbaycanın çimərlik futbolu üzrə yığma komandasının belə bir problemlə üzləşdiyini xatırladır. Həmin vaxt Fransa səfirliyindən viza ala bilmədiyindən yığma Avropa Liqasında iştirak edə bilməmişdi.

Rusiya-Azərbaycan oyunu, 28 mart 2009
Uels yığmasının problemi isə Londondakı Azərbaycan səfirliyi ilədir. Səfirliklə gün ərzində əlaqə yaratmaq mümkün olmasa da, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov dedi ki, əslində, məsələ Britaniya tərəfinin təqdim etdiyi formada deyil, Uels azarkeşləri səfirliyə müraciət edərək bütün tələb olunan sənədləri ora təqdim etməyiblər:

«Dəvətnamə olmalıdır, bilməlidirlər ki, hara gəlir, harada qalacaq və s. Viza prosesinə uyğun olan tələblər idi, tələblərdən kənara çıxan heç bir sual onlara verilməmişdi. Lakin bu oyun Azərbaycanda da böyük maraq doğurduğundan konsulluq idarəsi qərar qəbul etdi ki, vizanı rəsmiləşdirsin. Bu gün artıq 26 sənəd qəbul olunub. Cümə axşamına kimi bu sənədlər viza ilə birgə onlara qaytarılacaq».

Elxan Poluxov deyir ki, uelslilərə vizanın bu qaydada verilməsi istisna haldır, azarkeşlərin böyük marağı olmasaydı, onlar bütün qalan proseslərdən keçməli olacaqdılar.

Nazirliyin rəsmisi onu da dedi ki, Britaniyadan Azərbaycana gəlmək istəyənlər üçün qaydalar dəyişdirilməyib, sadəcə əlavə tələblər qoyula bilər. Məsələn, konsulun fərdi qaydada dəvətnamə tələb etmək hüququ var. Elxan Poluxov bunu bəzən sadə insanların azarkeş və fanat kimi özlərini qələmə verə bilməsi ilə izah edir.

Əgər iyunun 6-da Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilməsi nəzərdə tutulan Uels-Azərbaycan matçı vizaya görə baş tutmasa, Azərbaycan yığması cərimə oluna, ya da oyunun başqa vaxta keçirilməsinə şans verilə bilər. «Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli belə deyir, ancaq oyunun planlaşdırılan vaxtda keçiriləcəyinə daha çox inanır.

Sonuncu dəfə Azərbaycan Uels yığmaları bir il əvvəl görüşüb, oyun 0-1 Uelsin xeyrinə başa çatıb.

Uels Futbol Assosiasiyasının sözçüsü Ceri Stennett isə deyir ki, əgər viza məsələsi yoluna qoyulsa və matç baş tutarsa onda gözlənilən oyun asan olmayacaq:

«Biz çox çətin oyun gözləyirik. Biz bu yarışda o qədər də yaxşı oynamamışıq, eləcə də Azərbaycan. Ona görə də düşünürəm ki, Bakıda keçiriləcək matç gərgin olacaq. Biz zəmanət verə bilmərik ki, qalib məhz biz olacağıq. Biz Azərbaycana rəqib kimi hörmət edirik və Bakıya gələndə çox çətin oyun olacaq».

Şərhləri göstər

XS
SM
MD
LG