Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:45
2009-cu ilin 1-ci rübünə həsr olunmuş müşavirədə prezident İlham Əliyev ağacların kəsilməsinə qadağa qoyduğunu dedi. Ölkə başçısı bildirdi ki, ona verilən məlumata görə, bəzi hallarda Bakıda yerlər alınır, hasarlanır, sonra oradakı ağaclar kəsilir və yerində binalar, yaşayış evləri tikilir. Cənab Əliyev ağacların yalnız infrastruktur layihələri icra olunanda və yol genişlənən zaman kəsilə biləcəyini qeyd etdi. Amma o, bu problemin ağacların çıxarılaraq başqa əraziyə köçürülməsi hesabına həll ediləcəyini də bildirdi. Prezident Bakı və paytaxt ətrafında ən azı 3 milyon ağacın əkilməsinə dair göstəriş də verdi.

Bu vaxta qədər Bakının bir çox ərazilərində ağacların kütləvi kəsilməsinə mediada, elə «Azadlıq» radiosunun özündə dəfələrlə toxunulub. Vətəndaşlar da öz münasibətlərini efirdə, mətbuatda bildiriblər. Amma «Azadlıq» radiosunun redaksiyasına gələn Bakı sakini Məğrub Bədəlli birbaşa məhkəməyə müraciət edib. O deyir ki, yaşadığı ərazidə küknar ağacları kəsilib, parkda mədəniyyət evi uçurulub yerində ticarət mərkəzi tikilib. İndi Məğrub Bədəlli ətraf mühitə vurduğu ziyana görə bir neçə dövlət qurumunu məhkəməyə verib onlardan təzminat istəyir. Bir milyon manat təzminatın dövlət büdcəsinə, vətəndaş kimi sağlam ətraf mühitdən məhrum olmasını əsas gətirib 400 min manatın da özünə ödənilməsini tələb edir. Səbail rayon Məhkəməsi artıq iddianı icraata götürüb:

- Qara Qarayev prospekti boyunca bir neçə hektarlıq yaşıllıq məhv edilib. Yerində ticarət mərkəzi tikilir. 8-ci km. bazarının yanında böyük bir yaşıllıq da məhv edilib. İndi də parklara keçiblər. Bizdə H.Əliyev parkı var. Orda Nizaminin adına yay kinoteatrı varıydı. Onu dağıdıblar. Yerində ticarət mərkəzi tikiblər. Çoxlu ağac məhv ediblər…Bir vətəndaş kimi mənim sağlam ətraf mühitə haqqım çatmırmı? Məni təmiz havadan məhrum ediblər. Eləcə də başqa vətəndaşları. Hər kəsin ekologiyaya dəyən ziyanla bağlı məlumat almaq, ətraf mühitin korlanmasına görə onun sağlamlığına dəyən ziyan üçün təzminat tələb etmək hüququ var.

M.Bədəllinin iddia ərizəsində cavabdeh kimi göstərdiyi dövlət qurumlarından biri - Bakı Şəhər İcra Hakimiyyətiylə əlaqə saxladıq. İcra hakimiyyətinin mətbuat xidmətindən bildirdilər ki, bu məlumatı indi eşidirlər, ağacların kəsilməyilə bağlı bir söz deyə bilməzlər.

Digər cavabdeh isə Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Nazirliyin mətbuat xidmətindən bizə cavab verən olmasa da, nazir Hüseynqulu Bağırov bu günlərdə mətbuata bildirib ki, ağacların kəsilməsiylə bağlı son iki ayda 600-dən çox akt tərtib ediblər. Nazir deyib ki, Azərbaycanda ağac kəsməyə görə nəzərdə tutulan cərimə çox aşağıdır və onlar cərimələrin artırılması ilə bağlı hökumətə təkliflər hazırlayırlar.

Siz də «Qaynar xətt»ə 436 77 41 nömrəli telefona zəng edə və ya efir@azadlıqradiosu.az saytına yaza bilərsiz.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG