Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:17

«Vedrə bazarı»


Satanda tərəzidən istifadə etmirlər, vedrədə nə qədərdisə, alıcı hamısını almalıdır

Satanda tərəzidən istifadə etmirlər, vedrədə nə qədərdisə, alıcı hamısını almalıdır

«Hər şeyi vedrədə satırıq, tərəzi-zad yoxdur. Soruşsalar ki, çəkisiz bazar haradır, deyərsiz buradır...»

Çevik hərəkətli, 70 yaşlarında olan Gövhər nənə əvvəlcə bazarı tanıdır. Tez-tez «vedrəsiz bazar», «çəkisiz bazar» ifadələrini işlərdir. Piştaxta qonşusu Vəli Nəbiyev görəndə ki, vedrəsiz, çəkisiz sözlərini anlamıram, Gövhər nənənin köməyinə gəlir. İndi də o izah etməyə başlayır ki, ancaq deyəsən, o da elə təkrar edir:

«Lap əvvəldən burda «vedrə bazarı» kimi tanınır. Tərəzisiz bazardı, alanla-satan razılaşır. Qoz mürəbbəsi, «Qızıl Əhməd alma», çaytikanı mürəbbəsi, dolma üçün pif yarpağı, cürbəcür tutmalar...»

Bu iki yaşlı adamın izahından başa düşürəm ki, Qəbələnin Vəndam kəndinin sakinləri həyət-bacalarındakı meyvə-tərəvəzi, hazırladıqları mürəbbələri satmaq üçün bu bazarı yaradıblar. Satanda tərəzidən istifadə etmirlər, vedrədə nə qədərdisə, alıcı hamısını almalıdır. Ancaq vedrələrin hamısı bir ölçüdə deyil, böyüyü də var, kiçiyi də. Satıcıların da çoxu yaşlılardır. Deyirlər ki, kəndin gənclərinin çoxu işləmək üçün ya Rusiyanın şəhərlərinə, ya da Bakıya gedir. Qalanlar da torpaqla, əkin-biçinlə məşğul olur. Yaşlı adamlar da çalışırlar ki, bir işin qulpundan yapışsınlar:

- Bu yaşımda burda çörəkpulu üçün dayanıram.
Gövhər nənə
- Özüm də, gəlinim də hazırlayır, gətirib satıram. Neyləyək, biz yaşlıların da gücü buna çatır. Evimdə başqa işləyən olsaydı, bu yaşımda saatlarla bazarda olmazdım. Cavanlara iş yoxdur.
- Gündə neçə saat burda olursuz?
- Hava qaralanda gedirik. Gəlirimiz də çox olmur, 1 manat, 2 manat. Ancaq satdıqlarımız rayon qiymətlərindən aşağı olur.

«Vedrə bazarı»nın alıcılarısa daha çox Bakıdan, ya da başqa rayonlardan gələnlər olur. Burdakı satıcılar ümidlə havaların istiləşməsini gözləyirlər. Çünki yay aylarında Qəbələyə istirahətə gələnlər çox olur. 36 yaşlı Lalə Məmmədova da kənardan gələnləri səbirsizliklə gözləyənlərdəndir:

- Hələ gələnlər yoxdur, bir azdan istirahət mövsümü başlayacaq. Onda alver də güclü olacaq.

İndiliksə gözlərini yoldan keçən bahalı maşınların sahiblərinə dikiblər. Deyirlər ki, ən çox alış-veriş edən onlardır.

Bu da «vedrə bazarı». 70 yaşlı Gövhər nənə mən orda olduğum müddətdə 5-10 dəfə silib parıldatdığı mürəbbə bankasını bir də parıldatdı, Vəli kişi «Qızıl Əhməd» almanı, dolmalıq pif yarpağını artıq neçənci dəfəydi tərifləyirdi. Yaxşı ki, bir-iki günə yay mövsümü başlayır. İstirahətə gələnlər çoxalacaq, «vedrə bazarı»nın müştəriləri də artacaq...

Şərhləri göstər

XS
SM
MD
LG