Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:45

«Prezident əbədi olanda bunun ardı gəlməliydi»


«Ümumiyyətlə, «İçərişəhər» metro stansiyası üstündə piramida tikiləndən Azərbaycan xeyli dərəcədə qədim Misirə bənzəməyə başlayıb»
«Yeni Müsavat»: «Yoluxucu pis örnək. Prezident əbədi olanda bunun ardı gəlməliydi»

Zamin HACI

Ombudsman və baş prokurorun da ömürlük vəzifədə qalması məsələsi gündəmə gəldi. Deputatxananın bu məsələni müzakirə edəcəyi gözlənilir. Əlbəttə, Azərbaycandakı indiki hüquqi nihilizm, dərəbəylik fonunda gözlənilən hadisədir, hətta təəccüblənmək olar ki, nə üçün bu qədər gecikiblər. Yəqin uyğun sahələrə rəhbərlik etmiş şəxslər (Elmira xala və Zakir dayı) bir növ, fərasətsiz olublar.

Ölkədə şeyx və prezident çoxdan de-yure ömürlük vəzifələrdir, gərək ombudsman və prokuror da olsun. Axı həm ombudsmanın, həm prokurorun vəzifəsi qanunların icrasına nəzarət, insan hüquqlarının pozulmasına qarşı çıxmaqdır. İcraçı və ruhani vəziyyətə baxan əbədidirsə, gərək nəzarətçilər də əbədi olsun ki, tərəzinin gözü əyilməsin, balans pozulmasın. Qədim Misirdə firon bu dünyanı tərk edəndə onun xidmətçilərindən də öldürüb yanına qoyurdular.

Ümumiyyətlə, «İçərişəhər» metro stansiyası üstündə piramida tikiləndən Azərbaycan xeyli dərəcədə qədim Misirə bənzəməyə başlayıb. Məmurların əbədiyyət, ölümsüzlük yanğısının kökü də bundadır. Guya Elmira xala 7 il ombudsman, Zakir dayı isə 10 il baş prokuror vəzifəsini daşıyıb yarıdıblar? Yox. Sadəcə, ölkədə əvəzedilməzlik epidemiyası var, hər kəs ona yoluxub.

Biz prezidentin ömürlük vəzifə daşımağına yol açan bədnam 18 mart konstitusiya dəyişikliyi referendumuna etiraz edəndə məhz bu günü nəzərdə tuturduq. Pis hərəkət yoluxucu olur. Əgər birinci şəxs öz «əbədiliyinə» (bunu ona görə dırnaqda yazdım ki, onsuz da təbiətin qanunları var) razılaşırsa, bundan məmnundursa, başqa məmurlara pis örnək verir. Bina tikintisində bünövrənin əyri qoyulmağı kimi: bütün divar əyriliyə məhkumdur.

«Azadlıq»: «Mersi, müsyö Fasye, mersi - kişi adamsan!»

Xaliq Bahadır

ATƏT-in fransalı başqanlarından olan Bernar Fasye ilginc bir açıqlama ilə çıxış etdi. Fasye bildirdi: «Çabalamağa dəyməz: Qarabağ problemi Yaxın Doğu problemindən tez çözüləcək». Bu bildiriyə görə mən müsyö Fasyeni ürəkdən alqışlayıram. Di gəl, 1969-cu ildən bu yana düşüncə plüralizminin geniş yayıldığı, demokratiyanın iri addımlarla irəlilədiyi ölkəmizdə müsyö Fasyenin bu olduqca gərəkli çıxışına bir-birindən acıqlı reaksiya göstərən yurddaşlarımız da var. Onlar kimdir? Ünlü politoloqumuz Vəfa Quluzadə ilə QAT başqanı Akif Nağı.

Onların hər ikisi müsyö Fasyeni aşağılayan, alçaldan çıxışda bulunub. V.Quluzadə ortaya dediyinə tutarqa olacaq bir dənə də fakt qoymadan müsyö Fasyenin çıxışını «diplomatik ədəbsizlik» adlandırıb. Məncə, bu, ən azı, keçmiş diplomat kimi V.Quluzadəyə yaraşmayan bir dəyərləndirmədir. (Azər Əhmədov demiş, gərək sayğılı Vəfa bəy Akif Nağının səviyyəsinə enməyəydi). Düzünə qalsa, mən də belə düşünürəm.

Akif Nağı görün nə deyib? Bu qardaş, ola bilsin, özünün azman statusuna (QAT başqanı!) söykənərək Minsk qrupu başqanlarını bir-birinə qataraq «üç təlxək» adlandırıb. Kimsə bu yerdə: «Bəs sən özün nəsən?»- deyə bilər, ancaq mən belə demirəm. Niyə? Belə düşünmədiyimə görə. Düzünə qalsa, Akif Nağı qardaşımız mənim indiyədək qorxub dilə gətirmədiyimi dilə gətirib: üç təlxək, üç oyunbaz, üç jonqlyor, üç «muşketyor»…Bizim başımızı «dinc barış danışıqları» ilə qatanlara bax! On altı il də danışıq olar?!

«Yeni Azərbaycan»: «İki il qabaqdan hazırlıq nəyə xidmət edir?»

Pərviz Sadavoğlu

Bir neçə gündür ki, müxalifətin nəzarətində olan qəzetlər yeni müzakirə açıblar: Düşərgə parlament seçkisinə neçə hazırlaşır? Ortada cavabsız suallar var...Bu müxalifət bələdiyyə seçkilərinə hazırlığı haqda nə vaxt açıqlama yayır? Əslində bu müzakirələrin və yeni sözatma kampaniyasının arxasında tamam başqa mətləblər dayanır.

Məsələn bəh-bəhlə təriflədikləri «birlik»ləri dağılıb. Bəzi partiyalar baxır ki, bir neçə «dostu» xarici «uncle»ların sifarişindən kənar bir hava oynaya bilmirlər. Bu səbəbdən də indidən öz bəyənatlarını verirlər ki, biz seçkidə iştirak edəcəyik, bu da əvvəlkilər deyil, başımızı bişirib bizi boykota sürüklədiniz...Qınamalı deyil, baş əhlət daşına dəyib.

Yenə də hələlik qəzetlərini irəliyə veriblər. Mətbu orqanlar iki cəbhəyə bölünüb «əlində silah atəşkəsi pozmağa» an gözləyir. Hətta bir-ikisi artıq ara-sıra, tək-tək «güllə» atır. Qarşı tərəfdən səs gəlmir. Deyəsən, hansısa sifarişi gözləyirlər ki, dillənsinlər. Axı öyrəşiblər, sifarişsiz işləri getmir...

Maraqlıdır ki, yeni polemika mövzusu 2010 – cu ildə keçiriləcək parlament seçkisində namizədlərin dairələr üzrə müəyyənləşdirilməsidir. Səbəb də odur ki, indidən hərə yerini tanısa, sonradan dava-dalaş düşməz. Bu yabalaşmaya 2005-ci ildə təsadüf olunub. Kimlər partiyalardan istefa verib aralandı, kimlər sədrlərlə düşmən oldu, bunu hamı bilir. Amma vallah tələsmisiniz. Bəlkə ən əvvəl bələdiyyə seçkilərinə hazırlığınız barədə danışasınız?
XS
SM
MD
LG