Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:41

Bir gənc mitinqçinin dilemması: ailə, yoxsa mübarizə?


«Gül bayramı»na etiraz, 10 may 2009
«Gül bayramı»na etiraz, 10 may 2009
- Bu hadisə mayın 15-i, gecə 11-12 radələrində oldu. Evə gedirdim, «Yasamal» bazarının yaxınlığında kimsə arxadan boğazımdan tutdu, məni yerə yıxdı. İki nəfər idilər. Məni vurmağa başladılar. Biri qayıtdı ki, «lotuluq edirsən, mitinq keçirmək istəyirsən?» Durdum, yenə məni yerə yıxıb, vurmağa davam etdilər. Nəfəsim kəsildi. O biri qayıtdı ki, «bəsdir, payını aldı». Sonra çıxıb getdilər…

Müsavat Gənclər Təşkilatının üzvü Emil Elmanlı mayın 15-də döyülməsini belə xatırlayır. O deyir ki, «Gül bayramı»na etiraz olaraq gənclərin mayın 10-na planlaşdırdıqları aksiya ərəfəsində Müsavat Gənclər Təşkilatının fəallarından biri kimi polis onun da evinə gəlib. Ancaq vaxtında duyuq düşdüyündən, dal qapıdan qaçaraq həbsdən yayına bilib. Bununla belə, mayın 10-u aksiyaya cəhd zamanı polis onu da saxlayıb, izahat alaraq buraxıb.

E.Elmanlı deyir ki, polisdə izahat verəndə, stolun üstündə özünə və ailəsinə aid qovluqla rastlaşıb. Ona həm özü, həm də ailəsi haqqında suallar veriblər. Sonrakı günlərdə isə izləndiyini hiss etməyə başlayıb. İndi tək özü yox, yenicə ailə qurduğı xanımı da xof içindədir:

- İki aylıq oğlum var. Gərək həmin gün evə getməyəydim. Yoldaşım, atam, anam stress keçirdilər. Yoldaşım az qalmışdı atası evinə getsin. Deyir ya biz ya da partiya. Mən indi seçim qarşısındayam. Özümə görə də, ailəmə görə də qorxuram. Küçəylə gedəndə kim arxadan gəlirsə, dayanıb onu qabağa buraxıram…

E.Elmanlı polisə hələ ki, döyülməsi ilə bağlı şikayət etməyib. Deməsinə görə, referendum zamanı elə «Yasamal» bazarı yaxınlığında döyülən partiya yoldaşı Murad Kərimovun sonrakı aqibətini düşündüyündən ehtiyatlanıb. Fikirləşib ki, şikayətinin araşdırılmayacağı bir yana, onun özünü polisdə borclu çıxara bilərlər. Ancaq partiya üzvlərinin məsləhətindən sonra polisə rəsmən müraciət etmək qərarına gəlib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov da deyir ki, əgər Emil Elmanlı şikayətinin araşdırılmasını istəyirsə, rəsmən onlara müraciət etməlidir:

- Müraciət etsin, araşdıraq.
- Ehsan müəllim, bəs mətbuatda çıxan məlumatı araşdırmırsınız?
- Baxır o məlumatın əhəmiyyətinə. Ancaq vətəndaşın təzyiqlərlə bağlı şikayəti varsa, rəsmi müraciət etməlidir.

Müsavat Gənclər Təşkilatında isə düşünürlər ki, Daxili İşlər Nazirliyi təqiblərə məruz qalan gənclərin taleyinə biganədir. Ona görə də mayın 23-ü bu nazirliyin qarşısında etiraz piketi keçirmək niyyətindədirlər. Təşkilatın sədri Tural Abbaslı deyir ki, artıq aksiyanı razılaşdırmaq üçün bu barədə Bakı Şəhər İcra Hakimiyyətinə də xəbərdarlıq məktubu göndəriblər:

- Piketdə «Təhlükəsizliyimizi qoruyun!», «Polis gənclərimizi qorusun!» və «Siyasi təqiblərə son qoyulsun!» kimi şüarlar səsləndirmək niyyətindəyik.

Mayın 18-i, 10 günlük həbsdən azadlığı buraxılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı isə düşünür ki, aksiyanın birgə keçirilməsi daha yaxşı olardı:

- Biz prinsiplərimizə sadiqik. Bundan sonra daha qətiyyətlə mübarizə aparmaq fikrindəyik. Məşhur bir misrada deyildiyi kimi, «Mübarizə bu gün də var, yarın da, mən də onun ön sıralarında…»

Əbülfəz Qurbanlı deyir ki, aksiyanın birgə keçirilməsi üçün Müsavat Gənclər Təşkilatı ilə məsləhətləşmələrə başlayacaqlar. Sadəcə, həbsdən yenicə çıxdığından hələ ki, məsləhətləşməyə başlaya bilməyiblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG