Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:25
«Yaşından asılı olmayaraq bu silahla vuracağam, öldürəcəyəm, həzz alacağam sevgi-məhəbbət mənə yaraşmır… Qalır bir yolum, çoxlarını öldürməli olacağam… Mən gələcəyəm, mən gəlirəm Bakıya...»

Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi aprelin 30-da Neft Akademiyasında qətl törədən Fərda Qədirovun mobil telefonundan görüntüləri yayıb. Bu görüntülər ötən cümə dövlət televiziyasında yayımlandıqdan sonra hüquqşünaslar bu mövzunu müzakirə etməyə başlayıblar.

Hüquqşünas Bəhruz Kərimov deyir ki, istintaq bu görüntüləri yaymaya da bilərdi. Görüntüləri yaymaqla hadisənin əvvəlcədən adi cinayət hadisəsi kimi təqdim olunmasından sonra camaat arasında istintaqın heç bir iş görmədiyi fikrini dağıtmaq üçün edilib.

«Femida» qəzetinin baş redaktoru Əyyub Kərimovsa deyir ki, ictimai fikrin qarşısında dayana bilmədiyindən istintaq bu görüntüləri yayıb. Hüquqşünasa görə, bu məlumat yarımçıqdır və əvvəlki iki məlumatda olduğu kimi yenə motivdən söhbət getmir:

«Hüquq-mühafizə orqanı lentləri nümayiş etdirənə qədər silahın Azərbaycana necə keçməsindən danışmalıydı. Həmin silahın Azərbaycana necə keçdiyini deyə bilmirsə, bu gün də Fərdalar gəlir, bu gün də Azərbaycana silahlar keçir».

Hüquqşünaslar arasında belə fikir də var ki, bu açıqlamayla istintaq işini bitmiş sayacaq.

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovsa deyir ki, həm silahın Azərbaycana necə keçirilməsi, həm də digər nüansları istintaq hələ araşdırır:

«Fərda Qədirovun həmin silahı dövlət sərhədindən Azərbaycana necə keçirməsi Dövlət Sərhəd Xidməti ilə birlikdə araşdırılır. Növbəti açıqlamalarımızda bu məsələyə aydınlıq gətiriləcək. İstintaqın gedişi ilə bağlı ictimaiyyətə mütəmadi olaraq açıqlamalar veririk. Növbəti açıqlamalarımız da gözlənilir».

Əyyub Kərimovsa deyir ki, istintaq Fərda Qədirovun bu hadisəyə necə hazırlaşmasına, tək, yoxsa bir neçə nəfərlə olmasına aydınlıq gətirməlidir. Onun fikrincə, bunları açıqlamadıqca istintaq hadisəni ictimaiyyətə sıradan cinayət kimi təqdim etməyə çalışır:

«Bu adam deyir ki, mən gedirəm Bakıya, mənim hər addımım qandır. Demir ki, gedirəm Neft Akademiyasına, gəldi Bakıya, elə düşən kimi başlayardı atmağa, o isə istirahət edir, gecəni qalır, səhər evdən çıxır. O bu işi planlaşdırmasaydı, elə küçədəki adamları güllələyərdi, niyə Neft Akademiyasına, niyə o korpusa gedir. O bunu seçib. Onun psixoloji, fiziki hazırlığı görün nə qədər güclüdür».

Hüquqşünas Bəhruz Kərimovsa deyir ki, bu hadisə terror olsa da, istintaq bunu bu cür təqdim etmək istəmir.

Aprelin 30-da Neft Akademiyasında 12 nəfər öldürülüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs də özünü öldürüb.

Şərhləri göstər

XS
SM
MD
LG