Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:10

«Polis özbaşına deyil»


Polis «Gül bayramı»na etiraz edən gənclərin aksiyasını dağıdır. 10 may 2009
Polis «Gül bayramı»na etiraz edən gənclərin aksiyasını dağıdır. 10 may 2009
Mayın 10-da Azərbaycanda keçirilən «Gül bayramı»na etiraz edən bir qrup gəncin aksiyasının hay-küyü hələ də kəsilməyib. Gənclər aprelin 30-da Neft Akademiyasına olan silahlı basqından sonra bayram keçirilməsini düzgün saymırdılar. Çünki bu hadisədə 12 nəfər tələbə-müəllim ölmüş, ondan çox adam yaralanmışdı.

Ona görə də bir dəstə gənc keçmiş prezident Heydər Əliyevin şərəfinə hər il keçirilən «Gül bayramı»nın bu dəfə təxirə salınmasını istəyirdi. Amma onların aksiyası heç iki dəqiqə də çəkmədi. Etirazçıların sayından bir neçə dəfə artıq olan polis gəncləri hadisə yerindən uzaqlaşdırmaq üçün zorakı üsullara əl atdı. Qızların saçlarından tutub sürüdü, oğlanların qollarını burub maşına itələdi, söyüş söydü.

Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Aygün Quliyeva sonuncu aksiyada polis davranışını hələ də unuda bilmir:
«Biz sakitcə «Terrora yox» qışqırırdıq. Əvvəlcə oğlanları tutdular, elə bildilər ki, xanımlar bunu görüb daha şüar qışqırmayacaq. Amma qızlar davam elədilər. Onda polislər qızlara hücum çəkdilər. İki polis qolumdan tutub məni maşına elə zərblə itələdi ki, başım oturacağa dəydi».

Azərbaycan Demokrat Partiyasının gənclər təşkilatının sədr müavini Cəmil Hacıyev isə deyir ki, adətən onların keçirdikləri tədbirlər yerli icra hakimiyyətiylə razılaşdırılmamış olur, buna görə də, polis onlarla sərt davranır:
«Onların əllərində əsas olur ki, biz aksiyaya icazə almamışıq. Ona görə də bizə müsbət yanaşmırlar. Biz bu sonuncu aksiyada nə deyirdik ki? «Ölən tələbələrin xatirəsinə ehtiram», «Terrora yox». Məgər dövlət özü terrorun əleyhinə deyilmi?»

Azərbaycanda yerli icra hakimiyyətiylə razılaşdırılmadan keçirilən aksiyaların hamısı
polis zorakılığıyla müşahidə olunub. Yerli və beynəlxalq hüquq müdafiəçilərinin sözlərinə görə, 2003-cü il prezident, 2005-ci il parlament seçkilərindən sonra keçirilən mitinqlərdə, aksiyalarda polisin, mülki geyimli şəxslərin göstərdiyi rəftar beynəlxalq standartlara sığmayıb, insan haqları kobudcasına pozulub.

Yeri gəlmişkən, son aksiyadan çəkilən videogörüntülər bir sıra İnternet saytlarında yerləşdirilib və interenetə əli çatan hər kəs polis davranışında vəziyyətin heç də yaxşılığa doğru dəyişmədiyinin əyani şahidi ola bilər.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da deyir ki, onlar daxili işlər naziri Ramil Usubovla görüşdə dəfələrlə polis zorakılığı məsələsini qaldırıblar və hər dəfə də cavabında onlara deyilib ki, zorakılıq göstərən polisin adını söyləyin.

Beynəlxalq təşkilatların hesabatlarında da aksiyaları izləyən Azərbaycan polisinin kobud davranışı dəfələrlə tənqid hədəfi olub. Amma ölkə başçısı İlham Əliyev hələ iki il əvvəl iyulun 2-də polis günündə demişdi ki, o, bu tənqidlərə əhəmiyyət vermək niyyətində deyil:

«Bir də qayıtmaq istəyirəm 2005-ci ilə. Məhz o vaxt həm Azərbaycan xalqı öz sözünü dedi, həm də Azərbaycan polisi. Bütün bu qanunsuz hərəkətlərin qarşısının aldı, çox cəsarətlə, çox qətiyyətlə, həm də lazım olan şəkildə. Ondan sonra mənim yadımdadır, bizə bəzi xarici təşkilatlar, dairələr təzyiq etməyə çalışdılar, hətta tələb edirdilər, kobudluq göstərən polis işçiləri cəzalandırılsın, onlar həbs olunsunlar, onların barəsində cinayət işləri açılsın. İmkan vermədim. Bütün bu tələbləri rədd elədim. Dedim ki, bir nəfər də polis işçisi cəzalandırılmayacaq. Çünki onlar öz vəzifə borclunu yerinə yetiriblər. Onlar dövlətçilik işində dururlar. Onlar qanunsuz cinayətkar hərəkətlərin qarşısını alırlar».

Keçmiş polis rəisi İsaxan Aşurov isə deyir ki, «Polis haqqında» qanunda polislərin qadınlara, qocalara qarşı diqqətli davranması tələbi var. Aksiyalarda polisin, mülki geyimli şəxslərin davranışına gəlincə, keçmiş polis rəisi bunun yolverilməz olduğunu söyləyir və deyir ki, belə zorakılıqla üzləşmiş vətəndaşın məhkəməyə üz tutmaq hüququ var. Polis isə bir neçə prinsipə əməl eləməlidir:
«Polisin davranışını tənzimləyən beynəlxalq hüquqi sənədlərə əsasən, o, bir neçə prinsipə əməl etməlidir. Birincisi dözümlülükdür. Polis hadisələrə dözümlü yanaşmalıdır. Proporsionallıq prinsipdir. Polisin sayı mitinq iştirakçısının sayından çox olmamalıdır. Bunu mütənasiblik tələb eləyir. Polis bunu əməl eləməlidir».

Polisin bu prinsiplərə əməl eləməsi üçün ATƏT-in Bakı ofisi dəfələrlə polislərin kütləvi tədbirlərdə davranışıyla bağlı məşğələlər keçib. ATƏT-in Bakı ofisinin rəhbəri Bilgi Cankorel deyir ki, onlar 2006-cı ildən bu yana polislə bağlı layihələr keçirilir:
«Məqsədimiz odur ki, ictimaiyyətlə polis haqqında bir dialoq qurmaqdı. İctimai toplanışların idarəsiylə bağlıdır. Polislə bağlı layihələrə ofisimiz çox güclü dəstək verir».

Təkcə siyasi yox, elə sosial tələblərin səsləndiyi aksiyalarda da polislə yanaşı mülki geyimli şəxslərin fəallığı görünür. Onlar özləri barədə heç kimsəyə məlumat vermirlər və bəzən aksiya iştirakçılarını da maşına mindirib ordan uzaqlaşdıranlar da elə onlar olur. Polis isə buna göz yumur. Daxili İşlər Nazirliyindən isə aksiyalar baş verəndə ora yalnız rəsmi formada olan polislərin getdiyi bildirilir.

Keçmiş polis rəisi İsaxan Aşurov isə müvafiq qanunvericiliyin «mülki geyimli şəxs» statusunu tanımadığını deyir və hesab eləyir ki, əgər polis aksiyadadırsa, mütləq rəsmi formada olmalıdır.

ATƏT-in Bakı ofisinin ictimai toplantıları idarə etməklə bağlı keçirdiyi təlimlərə gəlincə, hüquqşünas Erkin Qədirli deyir ki, müşahidə olunan polis zorakılığını heç də peşəkarlıqda axtarmaq lazım deyil. Onun fikrincə, bu, siyasi qərardır, polis özbaşına deyil və əmrə tabedir. Elə bunu prezident İlham Əliyevin iki il əvvəlki nitqində də görmək olar. Ölkə prezidenti 2005-ci il parlament seçkisindən sonra keçirilən sonuncu mitinqdə beynəlxalq təşkilatların qeyd elədiyi polis zorakılığına haqq qazandırmışdı.
XS
SM
MD
LG