Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:18

Polis haqda etüd…


Praqada etiraz aksiyası, 07 fevral 2009
Praqada etiraz aksiyası, 07 fevral 2009
Görünür, təəccübdən gözümü üzündən çəkə bilməmişdim. Bir də baxdım gülümsəyir. Bu, Azərbaycandan xaricdə gördüyüm ilk polis idi. Praqa polisi. Açıq mavi rəngli, tərtəmiz uniformada, ucaboy, incəbel gənc bir qız idi, yaşlı kişinin qoluna girib yolu keçirirdi.

Sonradan başa düşdüm ki, Praqada polislərin çoxu belədir. Qıvraq, üst-başı təmiz, nəzakətli.

... Londonda baş nazirin ofisinin qarşısındakı küçə bomboş idi. Sarı jiletli, kaskalı polislər motosikletlə küçə boyu düzülürdürlər. Bir neçə saatdan sonra həmin yola çataçatda doğma dildə şüar eşitdim: Londondakı türk tələbələr Baş nazirin ofisinin qarşısında piket keçirib, İraqdakı PKK yaraqlılarına cəza tələb edirdilər. Polislər bir az aralıda motosikletlərdə sakitcə oturmuşdular. Üzlərində laqeyd, etinasız ifadə. Elə bil ki, ətrafda baş verənlərin onlara dəxli yoxdur. Türklər Britaniya hökumətinin, Avropa Birliyinin əleyhinə şüarlar səsləndirdi, bəzisi özünü bayrağa büküb yerə çırpdı, sakitləşib getdilər. Tənbəl görünüşlü polislər yavaş–yavaş tərpəndilər.

... Strasburqda, Avropa Şurasının əsas binası ilə üzbəüz parkın içi nümayişçilərlə doludur. Kürdlər aksiya keçirirlər, Şuradan Abdullah Öcalana azadlıq tələb edirlər. Gözüm polisi axtarır. Onlar ağacların arxasındadırlar...

Bakının Sahil bağı ikicə dəqiqə aşıb-daşdı. Sonra qəfildən günün günorta çağı şər qarışdı. Polis «terrora yox!» deyən gəncə badalaq vurdu, qolunu burdu, qızın saçını biləyinə doladı. Söyüş söydülər, itələdilər, yıxdılar, yaraladılar, gəncləri güclə maşına basıb apardılar.

Yadımda ən çox qalan iki polisin güclə sürüdüyü 18-20 yaşlarında qızın meydan oxuyan cır və inadkar səsi oldu. Həmin ahəngdar səs bir neçə gündür ki, qulağımdadır: «Terrora yox, Gül bayramına yox!».

O vurhavurda polislərdən biri arxadan məni çağırıb, yerə düşmüş press-kartımı qaytarır. Lap Praqa polisi kimi. Nəzakətlə...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG