Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 03:55

İstintaq Fərda Qədirovun videolarını tapıb


Aprelin 30-da ADNA-da baş vermiş qətliamda 12 nəfər öldürülüb

Aprelin 30-da ADNA-da baş vermiş qətliamda 12 nəfər öldürülüb

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş hadisə ilə bağlı mayın 15-də məlumat yayıb.

DİN-in mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, cari il aprelin 30-da silahlı şəxs tərəfindən ADNA-da insanların xüsusi amansızlıqla öldürülməsi və həyatlarına sui-qəsd edilməsi faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər davam etdirilir.

Cinayətdə iştirakı ehtimal edilənlərin telefon danışıqları təhlil edilib

Hadisənin şahidi olmuş ADNA-nın müəllim və tələbələri, o cümlədən Fərda Qədirovun Gürcüstandan Bakı şəhərinə gəldiyi avtobusun sürücüsü və sərnişinləri, paytaxtda olduğu müddətdə ünsiyyət saxladığı şəxslər, hərəkət marşrutu, yaşadığı binanın sakinləri və ətraf ərazilərdəki obyektlərdə işləyənlər dindirilib. Həmçinin, cinayətdə iştirakı ehtimal edilənlərin telefon danışıqları təhlil edilib, eləcə də onların mənzillərində, müxtəlif saxlanc yerlərində axtarışlar aparılıb, digər zəruri tədbirlər həyata keçirilib.

Fərda Qədirovun cinayəti törətdiyi gün yaşadığı ünvandan Dövlət Neft Akademiyası istiqamətində keçdiyi yolu qeydə almış videokameraların görüntüləri, habelə onun hərəkət trayektoriyası öyrənilməkdədir.

Silah Gürcüstandan alınıb

Bununla bərabər, Fərda Qədirovun əvvəllər Rusiya Federasiyası və Gürcüstanda yaşaması baxımından əlaqələrinin müəyyənləşdirilməsi və iş üçün əhəmiyyət kəsb edən istintaq hərəkətlərinin aparılması məqsədilə həmin ölkələrə istintaq qrupunun üzvləri ezam olunub.

Gürcüstanın hüquq mühafizə orqanları ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində Fərda Qədirovun Daştəpə kəndində yaşadığı evdə aparılmış axtarış zamanı ona məxsus müxtəlif sənədlər, o cümlədən cinayətdə istifadə etdiyi tapançanı 24 oktyabr 2008-ci il tarixdə «Kula ARMS Corciya» Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus Tbilisi şəhərindəki silah mağazasından alması barədə qəbz, 14 ədəd patron, güllə və giliz, hər biri 50 patron tutumu olan iki qutu, düyməli bıçaq, silah təmizləmək üçün ləvazimat, birdəfəlik istifadə üçün əlcəklər, habelə əlində silah tutduğu vəziyyətdə çəkilmiş üç fotoşəkli aşkar edilib.

«Odinokiy Volk»

Fotoşəkillərdən ikisinin arxasında «24 fevralya 2009 q. Qadirov Farda Odinokiy Volk», digərində isə «U menya kajdıy şaq smert. 10 noyabrya 2008 q. Qadirov Farda» sözləri yazılıb.

Əşyaların içində, həmçinin, müxtəlif telefon nömrələri olan qeydlər, 15 ədəd videokasset, üzərində rus dilində «Telefonun kamerasına bax, görərsən mən kiməm» yazısı olan kağız parçası, telefonunda isə «Mənim üçün məhəbbət yoxdur, yalnız nifrət var, Bakıya gəlirəm, qarşıma kim çıxsa, yaşına baxmadan bax belə vuracağam, polisə təslim olmayacağam, öldürməkdən həzz alacağam» deməsini, canavar maskası taxmasını və tapançadan atəş açmasını nümayiş etdirən videogörüntülər aşkar edilərək götürülüb.

Qriqoryan Sergey Yeqoroviç

Gürcüstanın hüquq mühafizə orqanlarının yaxından köməkliyi ilə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Fərda Qədirovun 2008-ci ilin oktyabrında Rusiya Federasiyasından Daştəpə kəndinə qayıtdıqdan sonra oktyabr-noyabr aylarında 1961-ci il təvəllüdlü milliyyətcə erməni olan, lakin özünü gürcü kimi təqdim etmiş Gürcüstan vətəndaşı Qriqoryan Sergey Yeqoroviçlə telefon əlaqəsi yaradaraq mütəmadi görüşməsi, birlikdə silah mağazasından 500 lariyə «Makarov» tapançası və 200 lariyə 100 ədəd patron alması müəyyən edilib.

Cəsədi sahibsiz kimi dəfn olunub

Törədilmiş bu ağır cinayətdə Sergey Qriqoryanın əlaqəsinin olub-olmaması və tapançanın əldə olunmasının qanunauyğunluğunun müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri aparılır. Eyni zamanda, Dövlət Sərhəd Xidməti ilə birlikdə həmin silahın dövlət sərhədindən Azərbaycana hansı yolla keçirilməsi faktı araşdırılır.

O da qeyd olunmalıdır ki, valideynlərinin və yaxınlarının Fərda Qədirovun meyitinin qəbulundan imtina etmələri səbəbindən cəsədi sahibsiz kimi dəfn olunub.

Məlumatda nəyə təəssüflənilir?

Məlumatda iddia olunur ki, ölkə rəhbərliyinin şəxsi nəzarətində olan cinayət işinin istintaqının tam, hərtərəfli və operativ araşdırılması üçün hüquq-mühafizə orqanları tərəfindən qısa müddətdə aşkarlanmış əhəmiyyətli maddi sübutlar, faktlar və başqa zəruri xüsusatlar barədə ictimaiyyət ətraflı məlumatlandırılsa da, təəssüf ki, müxalifət yönümlü ayrı-ayrı siyasi partiyaların nümayəndələri, onların mətbu orqanları və xaricdəki havadarları baş vermiş faciəli hadisədən də öz çirkin siyasi məqsədləri üçün faydalanmağa yönələn cəhdlər edirlər.

Məlumatda vurğulanır ki, bunun üçün onlar müxtəlif ali məktəblərdə təhsil alan gənclər arasında həqiqətə uyğun olmayan, heç bir reallığa söykənməyən, yalnız ictimai-siyasi vəziyyəti gərginləşdirmək niyyəti güdən şayiələr yayır, vətəndaşları, hətta məktəbliləri belə aldatmağa, əsl həqiqətdən yayındırıb yanlış yola istiqamətləndirməyə səy göstərirlər.

Xalqın dövlətə, dövlətçiliyə, əmin-amanlığın dönməzliyinə olan inamını zəiflətmək üçün keçmişdə də çoxsaylı insan ölümü ilə nəticələnən cinayətlər törədilmiş, faciəli hadisələrdən istifadə etməyi özlərinə ar bilməyənlər isə bu günün özündə belə cəmiyyətin daim matəm içində yaşamasına, vətəndaşların gələcəyə ümidini itirməsinə çalışırlar.

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, ictimai asayişin pozulmasına yönəlmiş hər bir cəhdin qarşısı qətiyyətlə alınacaq, onların təşkilatçıları və iştirakçıları barəsində adekvat tədbirlər görüləcək.

Hazırda işin bütün hallarının araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Aprelin 30-da ADNA-da baş vermiş qətliamda 12 nəfər öldürülüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs də özünü öldürüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG