Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:39

İlham Əliyevin Qarabağ danışıqları haqda açıqlamaları


Dağlıq Qarabağ əhalisinin özmüqəddarıtını təyin eləmə hüququ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində itifadə oluna bilər. Çünki erməni xalqı artıq bir dəfə bu hüququndan istifadə edib Ermənistan dövlətini yaradıb. Azərtac Dövlət agentliyi mayın 14-də yaydığı xəbərə görə, Azəbaycan Prezidenti İlham Əliyev iki gün öncə ABŞ-ın Xarici Əlaqələr Şurasının üzvləriylə görüşdə belə deyib.

Yayılan məlumata görə, görüşdə Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması istiqamətində danışıqların hazırkı vəziyyəti ilə əlaqədar verilən sualı belə cavablandırıb:

İlham Əliyevin dedikləri:

Danışıqlarda Bir neçə il əvvəl mümkünsüz görünən irəliləyişlər əldə edilib, amma...
“Hazırda vəziyyətlə bağlı müxtəlif yanaşmalar, qiymətləndirmələr var. Bəzilərinə belə gələ bilər ki, biz razılaşmaya yaxınıq, digərləri isə iddia edə bilərlər ki, bu istiqamətdə hələ çox iş görülməlidir. Danışıqlarda irəliləyişə gəldikdə, mən bunu müsbət istiqamətdə gedən proses kimi dəyərləndirirəm və razılaşmanın müəyyən məsələləri ilə bağlı irəliləyişə nail olunmuşdur, hansı ki, bir neçə il əvvəl bu mümkün deyildi. Lakin bu irəliləyiş məsələnin nizamlanmasına nail olmaq və razılaşmanın əldə edilməsi üçün kifayət etmir”.

Minsk Qrupunun fəaliyyətindən heç bir nəticə əldə edilməyib...
“Minsk qrupunun yaranmasından 17 il keçib və bütün irəliləyişlərə baxmayaraq, heç bir nəticə yoxdur. Vəziyyət əvvəllər olduğu kimi qalmaqda davam edir. Torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda yerləşən 7 rayon ermənilər tərəfindən zəbt olunmuşdur. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir və bu vəziyyət indi də davam etməkdədir”.

Münaqişə ancaq beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə, Azərbaycanın ərazi bütövlüyü şərşivəsində tənzimlənməlidir...
“Münaqişənin nizamlanmasına gəldikdə, bu, beynəlxalq hüquq normalarının möhkəm əsasları üzərində həll olunmalıdır. Münaqişə yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında nizamlanmalıdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Torpaqlarımızın işğal faktı beynəlxalq birlik tərəfindən tanınmışdır. Azərbaycanın ərazi bütövlüyü də beynəlxalq səviyyədə qəbul edilmiş və dəstəklənmişdir. Minsk qrupunun həmsədrləri Azərbaycanın ərazi bütövlüyünün müdafiə olunması ilə bağlı bir neçə dəfə açıq bəyanatlar vermişlər. Azərbaycan BMT-yə üzv olarkən ərazi bütövlüyümüz bu təşkilat tərəfindən tanınmışdır.

Öz müqəddəratını təyin etmə hər hansı bir dövlətin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bütövlüyü prinsipini poza bilməz
“Ermənistan tərəfinin bir arqument kimi ortaya qoymağa çalışdığı öz müqəddəratını təyin etmək hüququ ilə bağlı demək istəyirəm ki, ermənilər Ermənistan dövlətini yaradarkən artıq bu hüquqdan istifadə etmişlər. Əgər onların bu məntiqlərinə əsaslanılarsa, dünyada xeyli sayda erməni dövləti yaranar. Bu səhv yanaşmadır. Biz həmişə danışıqlarda Ermənistan tərəfinin diqqətini Helsinki Yekun Aktına yönəltməyə çalışırıq. Bu yekun aktında ərazi bütövlüyünün toxunulmazlığı və öz müqəddəratını təyin etmə hüquqları barədə müddəalar açıq şəkildə öz əksini tapmışdır: öz müqəddəratını təyin etmə hər hansı bir dövlətin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bütövlüyü prinsipini poza bilməz”.

Azərbaycan ərazi bütövlüyü bərpa edilməli, münaqişədən əvvəl Dağlıq Qarabağda yaşayan erməni və azərbaycanlı əhalisi öz torpaqlarına qayıtmalıdır
“Buna görə də münaqişədə nizama salınma, ilk növbədə, beynəlxalq hüquq normalarına əsaslanmalıdır ki, bu da öz növbəsində ərazi bütövlüyümüzü bərpa etməyə, orada ermənilərin və münaqişədən əvvəl Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhalinin öz torpaqlarına qayıdaraq sülh şəraitində yaşamasına imkan verəcəkdir. Bu gün Avropada sərhədlərin açıldığı və inteqrasiya proseslərinin getdiyi bir dövrdə heç bir ölkə öz gələcəyini təcrid olunmuş şəkildə qurmamalıdır. Bu gün Ermənistanın düşdüyü bu vəziyyəti onlar təcavüzkar siyasət həyata keçirməklə özləri yaratmışlar”.

Günün bütün mövzuları

XS
SM
MD
LG