Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:40
Azərbaycanda əksər jurnalistlər, istər müstəqil, istər dövlət, istərsə də müxalifətyönlü qəzetlərin müxbirləri Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətilə sonuncu dəfə nə vaxt danışdıqlarını az qala unudublar.

«Mediaforum» internet saytının əməkdaşı İmdad Əlizadə deyir ki, mətbuata qapalı olan təkcə bu nazirlik deyil, məlumat alınması çətin olan dövlət qurumları arasında Prezident Administrasiyası birinci yerdədir. Jurnalistə görə, mətbuata məlumat verməkdə heç vaxt maraqlı olmayan dövlət qurumları da var:

«Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq məlumat alınması mümkün olmayan qurumlara rəhbərlik edirlər. Bir müddət əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin redaktorlarla görüşündən sonra gözlənilirdi ki, dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətində müsbətə doğru dəyişikliklər olacaq. Amma bu, baş vermədi».

Jurnalistlərin məlumat ala bilmədikləri dövlət qurumlarından biri də Dövlət Gömrük Komitəsidir. «Azadlıq» qəzetinin redaktoru Azər Əhmədov deyir ki, Fövqəladə Hallar Nazirliyi və Gömrük Komitəsinin mətbuat xidmətlərinin varlığı ümumiyyətlə hiss edilmir. Onun sözlərinə görə, əslində əksər dövlət qurumlarından məlumat alınması həmişə çətinliklər yaradır:

«Hərdənbir Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov, mənim tələbə yoldaşım, ya müxbiri acılayır, sərt sözlər deyir, ya da «məlumatsızam, xəbərim yoxdur» cavabını verir. MTN-də də mətbuat xidməti həmişə məlumatsız olduğunu bildirir. Amma Vergilər Nazirliyinin mətbuat xidməti hərdənbir jurnalistlərə məlumat verir».

A.Əhmədov deyir ki, onlar mayın 13-də Mətbuat Şurasında ABŞ prezidentinin sabiq mətbuat katibi Dana Perina ilə görüşəndə, xanım Perina Azərbaycan jurnalistlərinin Prezident Administrasiyasından məlumat ala bilməmələrinə təəccübünü gizlətməyib:

«Perina qalır məəttəl ki, necə ola bilər ki, prezidentin mətbuat xidmətinin rəhbəri və ya əməkdaşları gün ərzində mətbuata bir neçə məlumat verməsinlər. Deyir hətta gün ərzində bir neçə sualı cavablandırmasaq, onda özümüzü pis hiss edərik, onda ictimaiyyət nə bilər ölkədə nə baş verir».

Azər Əhmədov deyir ki, elə dövlət qurumları var ki, orda mətbuat xidmətlərini günahlandırmaq olmur. Çünki onlara baş verən hadisələrlə bağlı yuxarılar heç bir məlumat vermir, onlar çox şeylərdən xəbərsiz olurlar. Elə bir neçə gün əvvəl «Azadlıq» radiosu Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanovadan gül bayramına nə qədər vəsait ayrıldığını soruşanda, o etiraf etdi ki, onlara bu barədə heç vaxt məlumat verilmir.

Prezident Administrasiyası mətbuat xidmətinə müraciət edib jurnalistlərin dediklərinə münasibət öyrənməyimiz də elə asan olmadı. Əvvəlcə mətbuat xidmətinin rəhbərinə zəng etdik, telefona cavab verən olmadı. Xidmətin əməkdaşı Vahid Əliyev bu barədə danışmaq səlahiyyətində olmadığını dedi və bizə mətbuat xidmətinin şəhər telefonunu verdi. Amma burda da suala cavab verən olmadı:

- Bu barədə xidmətin rəhbərindən soruşum, sonra zəng edərsiz.
- Bəs nə vaxt zəng edim?
- Nə vaxt istəsəniz.
- Təxminən neçə dəqiqə sonra?
- Onu deyə bilməyəcəm.

Təxminən bir saat sonra Prezident Administrasiyasının mətbuat xidmətinə yenidən zəng etdim. Məlum oldu ki, əməkdaş hələ də xidmətin rəhbərinə bizim müraciətimizi çatdırmayıb. Mən isə mətbuat xidmətindən sadəcə deyilənlərə münasibət öyrənmək istəyirdim.

Mətbuata məlumat verməməkdə adı hallandırılan Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əlinin də adı çəkildiyindən ona da müraciət etdim. O, haqqında səslənən fikirlərlə razı olmadığını bildirdi:

- Hansı məlumatların ictimaiyyətə çatdırılması məqbuldursa, biz o məlumatları yayırıq.

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı isə hesab edir ki, dövlət qurumlarının mətbuat xidmətləri məlumatların birtərəfli yayılmasında maraqlı olurlar, istəmirlər ki, onlara ayrı-ayrı suallarla müraciət olunsun. R.Hacılıya görə, əslində problemin kökü yuxarıdan qaynaqlanır. Belə ki, dövlət orqanları özləri cəmiyyətlə əlaqələrdə o qədər də maraqlı deyillər.

Şərhləri göstər

XS
SM
MD
LG