Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:47

Türk qəzetləri Ərdoğanın səfərini necə şərh edir?


Bakı meri baş nazir Ərdoğanı müşayiət edir, 13 may 2009

Bakı meri baş nazir Ərdoğanı müşayiət edir, 13 may 2009

«Hürriyyət» (Oktay Ekşi): İstiqamət düzəldildi

Baş nazir Ərdoğan dünən Bakıda «doğru» şeylər dedi, «doğru» siyasət açıqladı. Sadəcə Azərbaycan xalqında deyil, prezident İlham Əliyevdən başlayaraq Azərbaycan rəhbərliyində yaranan «Türkiyə Ermənistanla münasibətlərini normallaşdırmaq üçün bizi satırmı?» - qorxusunu dağıtmağa çalışdı. Türkiyənin adından önəmli öhdəliklər verdi.

Beləliklə, yeni bir «Qırmızı çizgi hadisəsi yaşadıqmı?» -deyə soruşsanız, «Hə» - demərik.

Bu dəfə qatar bir müddətdir ki, olduğu yanlış relsdən doğru olan relsə girdi.

Barak Obamanın Türkiyəyə gəlməsinin ən önəmli səbəblərindən biri-onun seçki kampaniyasında erməni mənşəli Amerika vətəndaşlarına verdiyi çox əliaçıq vədlər idi. Məsələn, onlara «Ermənilər soyqırıma məruz qalmışdır» - deməyi söz vermişdi. Onu deyə bilməyəndə erməniləri məmnun edən bir nəticəyə ehtiyacı vardı. O da, hər şeydən əvvəl, Türkiyə-Ermənistan sərhədinin açılması idi. Bunun üçün lazım olan bütün dil şirinliyini də, doğrusu uğurla yapdı. Ancaq 1915-ci il hadisələri barədə 24 apreldə verməyə məcbur olduğu açıqlamada biclik edib «soyqırım» sözünü erməni dilində deyən kimi saziş də pozuldu. Necə ki, Obamanın açıqlamasına həm prezident Gül, həm də Ərdoğan açıq reaksiya göstərdilər. O müddətdə Türkiyə ilə Ermənistan arasındakı əlaqələr sürətlənmişdi. Hətta Ermənistan prezidenti Sarkisyan oktyabr ayındakı Türkiyə-Ermənistan futboluna açılacaq olan sərhəd qapısından keçərək gələcəyinə ümid etdiyini belə dedi. Və üstəlik bunu deyərkən «Türkiyə ilə müzakirələrdə Yuxarı Qarabağ probleminin heç gündəliyə gəlmədiyini» də bildirdi.

Buna Azərbaycan reaksiya göstərməyib nə edəcəkdi?

«Posta» (Mehmet Ali Birand): İstəsək də, Bakıdan uzaqlaşa bilmərik

Ərdoğan Azərbaycana vaxtında getdi. Bizlər də, azərilər də xətri nazik insanlarıq. Əgər incə balans yapmaqda geciksəydik, azərilərin könlünü almaq daha çətin olacaqdı. Yenə də hər şeyin bitdiyini və problemlərin tamamilə aradan qaldırıldığını zənn etməyin. Hələ gediləcək çox uzun yolumuz var.

Bakıya çox vaxtında səyahət edildi.

Ermənilər bir an əvvəl sərhədin açılmasını istəyir. Azərilər isə Qarabağ problemi həll edilmədən Türkiyənin bu məsələdə addım atmamasını arzu edir. Üstəlik-açar sadəcə Ankaranın əlində deyil. Moskva, Vaşinqton, Yerevan və Bakı öz istədikləri ssenarini irəli sürürlər.

Nə olursa-olsun, Türkiyənin mənafeyini nəzərə alması və dəstəkləməsi lazım olan ən önəmli ölkə-yenə Azərbaycandır.

Qıraqdan baxanda Ərdoğanın Bakıdakı görüşləri çox müsbət görünür. Onsuz da fərqli olması qeyri-mümkün idi. Ancaq təmkinli davranmaqda fayda vardır. (Liderlər) bu gün qucaqlaşsalar da, sabah yenə araları dəyə bilər.

Türkiyə Qafqazda «incə, uzun bir yolda irəliləyir». İlk addımlar müsbətdir, ancaq yolun sonunda qabağımıza nəyin çıxacağı - məlum deyildir.

«Yeni şafak» (İbrahim Karagül): Ərdoğan Bakıya tam təminat verdi

Baş nazirin səfəri ərəfəsində Azərbaycandakı müşahidələrim və etdiyim qeydlər belə idi:

Azərilərin Türkiyədən, baş nazir Ərdoğandan gözləntisi – «İşğal altındakı torpaqlar məsələsi həll edilmədən Ermənistanla sərhəd qapısı açılmayacaq» - sözü idi. Baş nazirin Türkiyədə dəfələrlə fərqli platformalarda dediyi bu prinsipial yanaşmanı Bakıda da ondan eşitmək istədilər. Açıqlama Azərbaycan ictimaiyyətini rahatladacaqdı. Bu narazılığın sadəcə ictimaiyyətin zirvəyə vuran həssaslığı və böhran alveri edən dairələrin ciddi-cəhdləri ilə məhdud olduğunu deyə bilmərik. Üstəlik bu neqativ durum-iki ölkə arasında daha əvvəl yaşanan mənfi halların hamısını bu günə daşıyıb gətirdi. Ərdoğanın səfəri həftələrdən bəri əsən neqativ küləkləri dağıtdı. Azəri rəhbərləri də, ictimaiyyət də istədiyi cavabı aldı. Mən də aldım...

«Takvim» qəzeti (Savaş Ay): Baş nazir Ərdoğanın ağladan sözləri

Televiziyada baş nazir Ərdoğanın ilk sualı verən azəri jurnalistə verdiyi cavabı dinlədim: «Bəs ermənilər Qarabağdan çıxmadan onlara sərhədi açmayacaqdınız?» - sualına cavabı tam bir dövlət adamı mövqeyi idi. «Siz mənim bu məsələ ilə bağlı dediklərimi izləsəydiniz, bu sualı verməzdiniz. İşğal edilən torpaqlar boşaldılmadan, işğala son verilmədən sərhəd qapısı açılmayacaqdır. Bunu kim deyir - Türkiyə Cümhuriyyətinin baş naziri» - dedi

Duyğulu anlar

İlham Əliyev eyni mövzuda danışarkən «Tayyip Ərdoğan o qədər açıq, aydın və sərrast danışdı ki, bu sözdən sonra bir söz deyilməz» - dedi və gözləri doldu. Bir dəfə də bəlli oldu ki, azərilər də bizim Anadolunun insanları kimi, romantik, uşaq ruhlu, xətiri nazlı bir xalqdır. Necə yalan deyim - baş verən bu hadisələr xoşuma gəldi, çox sevindim.

«Akşam» qəzeti (Atılgan Bayar): Həm Ermənistan, həm Azərbaycan

Tamamilə Amerikan siyasətinə bağlı (Ermənistan lehinə) bir Türkiyə problemi həll edə bilmir. Azərbaycanın tezislərini 100% dəstəkləyən bir Türkiyə də məsələni həll edə bilmir. Türkiyənin həm erməniləri, həm də azəriləri müştərək bir zəmində görüşdürmək, barışdırmaq kimi bir «milli siyasət» izləməkdən başqa variantı yoxdur. Üstəlik- azərilər ilə «bir millət, iki dövlət» olmağımız. Ermənilər ilə isə acılı da olsa, tarixi birliyimiz vardır və bu faktor Türkiyəyə böhrandan fürsət yaratma imkanı verə bilər. Türkiyə hökumətinin cəhdlərinin bu istiqamətdə olduğunu, Türkiyə-Ermənistan və Azərbaycan arasında bir «konsensus» zəmini yaratmağı qarşıya məqsəd qoyduğunu düşünə bilərik. Azərbaycan və Ermənistanı barışdıra biləcək olan bir Türkiyə artıq Qərb dünyası üçün bir məcburiyyətdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG