Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:29

Bakıya «Neft və milyonlar səltənəti» adını kim verib?


«Neft və milyonlar səltənətində» filmindən kadr

«Neft və milyonlar səltənətində» filmindən kadr

Bakıya çox adlar verilmişdi, çox ayamalar qoşulmuşdu. Ancaq beləsi deyilməmişdi. Beləsi eşidilməmişdi. Heç bir ad ona belə yaraşmamışdı, onu belə tutmamışdı. Ən maraqlısı o idi ki, bu adı verəcək kişi bakılı deyildi, Bakıdan uzaqlarda doğulmuşdu-Qəbələdə (keçmiş Qutqaşın)- 1880-ci ildə...

Tam adı - İbrahim bəy Mehdi bəy oğlu Musabəyov olan bu şəxs ilk təhsilini doğma məkanda alır, sonra Qori Müəllimlər Seminariyasına (1898) daxil olur. 1902-ci ildən Şəkidə rus-tatar məktəbində müəllimlik edir. 1911-ci ildə Bakıya köçmək fikrinə düşür, rus-tatar məktəbində boş olan müəllim yerini tutmaq üçün imtahan verir. Bəxti (savadı!) üzünə gülür, müəllimlik fəaliyyətini Bakıda davam etdirə bilir. Həm də ədəbi fəaliyyətə başlayır. O dövr Bakıda qəzet və jurnalların ən çox çıxdığı dövr idi. İbrahim bəy «Məktəb» jurnalında kiçik hekayələr dərc etdirməyə başlayır. Sonra povestlər yazmağa girişir. Hətta «Neft və milyonlar səltənətində» adlı povesti kitab halında çıxır. Deyilənə görə, 1916-cı ildə. Ancaq bu inandırıcı deyil. Bu ildə çıxan kitaba həmin ildə film çəkilməsi, üstəlik, mayın 14-də nümayişi mümkün olan şey deyil...

Kitab «neft və milyonlar Bakısında» bomba kimi partlayır!

Düzdür, İbrahim bəy əsərdə Bakının adını tam çəkməmişdi. Sadəcə yazmışdı: Cəlil «B» şəhərli bir fağır kişinin oğlu idi. «B» şəhərinin Bakı olduğunu bilməyə nə vardı ki? Üstəlik, növbəti səhifədə: Cəlilin anası Balaxana kəndindən idi və o vaxtı ərə gələndə atası ona haman kənddə iki desyatin yer vermişdi-sözləri şübhəyə yer qoymurdu. Hə, əsərdə bütün olaylar o iki desyatin torpağın üstündə baş verir. Ordan neft fontan vurur! Və zavallı Cəlil bir günün içində dönür olur Cəlil ağa! Lüks evlər, arabalar, dəbdəbəli həyat onu çaşdırır. Bütün varını-dövlətini yalançı dostlara, Olqalara xərcləyir. Və sonda Monte-Karloda evləri-mədənləri əlindən çıxmış halda qalır. İki il çalışıb-vuruşub «B» şəhərinə dönmək üçün pul toplayır. Öz köhnə daxmasının həyətində sağ qalmış yeganə oğlunu ayaqyalın, başaçıq oynayan görəndə, ürəyi dözməyib partlayır... Neft və milyonlar Bakısında bu mövzudan çəkici nə ola bilərdi ki? Hər yan bir günün içində milyonçuya dönən Cəlil ağalarla doluydu. Kitab əldən-ələ gəzir...

«Pirone» auksioner cəmiyyəti əsəri filmə çəkmək qərarına gəlir

Film Bakı neft sahibkarlarının vəsaitinə çəkilir! (Q.İlkin). Şirkət Sankt-Peterburqdan rejissor Boris Svetlovu dəvət edir. Ssenarini A.D. Panova-Patyomkina yazır. Operator Q. Lemberq idi. Çəkilişlər Bakıda və ətrafında (Balaxanıda, Binəqədidə, Xəzər sahilində) aparılırdı, pavilyon çəkilişləri isə Tiflisdə. Baş rolda - Cəlil ağanın var-dövlətini əlindən çıxaran Lütfəli bəy obrazında Hüseyn Ərəblinski çəkilir (təəssüf ki, bu onun kinoda ilk və son rolu oldu). Filmdə Cəlil ağanın toy məclisində görkəmli xanəndə Cabbar Qaryağdıoğlu oxuyurdu, tarzən Qurban Pirimov idi. İki hissəli film səssiz və ağ-qara idi...

Filmdə verilən mədən yanğını yalançı deyildi!

Filmin ən maraqlı epizodu Balaxanıda milyonçu Səlimovun neft mədənində baş vermiş dəhşətli yanğının lentə alınması idi. Bu kadr o dövrdə sensasiya kimi qarşılanmışdı. Film ekrana çıxmazdan əvvəl geniş reklam edilir. Hətta xüsusi buklet də buraxılır. Buraya filmdən ayrı-ayrı kadrlar daxil edilir. Filmin titrləri həm Azərbaycan, həm də rus dilində idi

Film ilk dəfə Tağıyev pasajında göstərildi - 14 may, 1916-cı ildə

İndi həmin məkanda Bakı Univermağı (BUM) yerləşir. Həmin gün ancaq 1-ci hissəyə baxa bildilər. Mayın 27-də isə 2-ci hissəyə (Bakı nümayişindən sonra film Zaqafqaziyada, Orta Asiyada və Rusiyada da göstərildi).

İlk Azərbaycan filmi niyə ortada yoxdur?

Bir versiyaya görə, 1918-ci il hadisələri vaxtı Tağıyev teatrı növbəti dəfə yananda (birinci dəfə 1909-cu ildə), teatrda olan «Neft və milyonlar səltənətində» filmi də yanıb külə dönür. Ancaq kinoşünas Aydın Kazımzadənin dediyinə görə, «Filma» şirkətinin öz ofisi ( keçmiş Birja -Ü.Hacıbəyov) varkən filmi niyə teatrda saxlamalıydı ki? Aydın müəllimin fikrincə, film Rusiyanın kino arxivində olub. Sonralar yararsız hala düşdüyündən, atılıb. Hazırda orda yoxdur. A. Mişonun 1898-ci ildə çəkdiyi filmlər isə Parisə - dünya sərgisinə aparıldığından, Lümmer qardaşları onu alıb öz arxivlərinə qoyubmuşlar. Bu filmlərləsə maraqlanan, onu qoruyub saxlamaq istəyən tapılmayıb! Hər şey bu qədər bəsitdir...

Bəs İbrahim bəy Musabəyovu qoruya bildikmi?

Mən İbrahim bəyi yazıçı kimi 8-9 yaşlarımdan tanıyıram. Onun «Neft və milyonları»nı ailəlikcə ucadan oxunuşuna necə qulaq kəsildiyimizi hələ də kövrələrək xatırlayıram. O saralmış, üz qabığı cırılmış kitabı mən hələ də ata-analı günlərimin əziz yadigarı kimi qoruyub saxlayıram...

Təxminən 1959-60-cı illərdə nəşr olunan həmin kitabda (Abbas Zamanovun Ön sözündə) İbrahim bəyin ölüm tarixi 1936-cı il göstərilib. İndi maraqlandığım bütün qaynaqlar isə bir tarix göstərir: 1942-ci il, Qaraqanda! Bu, bilirsinizmi nə deməkdir? İbrahim bəy ömrünü sürgündə başa vurub! İbrahim bəy repressiya qurbanı olub! Ahıl çağlarında - 62 yaşında...

Neft və milyonlar səltənəti ona ən sərrast və əbədi ad qoyan bir yazıçısını, övladlarını uzun illər maarifə səsləyən bir müəllimini, köklü-soylu ailədən çıxmış vətənsevərini, ən nəhayət ilk filminin ilhamvericisini, bax, belə «qoruyub saxlayıb»... Biz beləyik...

Bu gün ilk Azərbaycan filminin doğum günüdür. Gəlin bu gündə ilk filmimizin yaradıcı heyətini sayğıyla anaq! Həm də İbrahim bəy Mehdi bəy oğlu Musabəyovun nigaran ruhuna bir yerdə dua edək. Söz verirəm ki, onun gerçək həyat tarixçəsi nə vaxtsa «Azadlıq» radiosundan olduğu kimi səslənəcək...

Şərhləri göstər

XS
SM
MD
LG