Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:36
Zinayət nənə taxta xanasını qurub yorğan sırımağa hazırlaşır. O 72 ilik ömrünün 32 ilini bu işə sərf edib. Gəncədə Zina xala kimi tanınmış bu qadın deyir ki, gözəl ipək parçalarından yüzlərlə yorğanlar sırıyıb, gəlinlər yola salıb:

«O vaxt ipəklər pis deyildi çox yaxşıydı, keyfiyyətliydi. Sonra başladılar başqa ölkələrdən gətirməyə amma indi köhnədəki kimi keyfiyyət yoxdur. O vaxtkı ipəklərə özündən naxış vururdular. «Tülpan», gül, «zvyozduçka», «yoluçka», paxlava - bizim qədim naxışlardır».

«3 mindən artıq eləcə yorğan toxumuşam»

Zinayət nənə deyir ki, o, vaxtkı ipək parçaları sırımaq daha asan idi. Həmin ipəklər havanı daha yaxşı keçirirdi. İndiki parçaların ancaq görüntüsü var. Zinayət nənə deyir ki, əvvəllər cehizində yorğanları ipəkdən olan qızların ər evində yaxşı hörməti olurmuş. Oğlan anası qızın cehizlərini nümayiş etdirəndə birinci onun ipək yorğan-döşəyini göstərirmiş.

«Mən bu yaxınlarda hesablamışam, 1978-ci ildən bu vaxta kimi 3 mindən artıq eləcə yorğan toxumuşam. Çoxlu gəlinlər yola salmışam. İndi ipəklər köhnə Şəki ipəyi kimi keyfiyyətli deyil amma gözəllik var. İndi istəyirsən xırda naxış salasan sap ipəyi kəsir».

«İpək dövrü»nün bitməsi

Ancaq indi tək Gəncədə yox, ümumiyyətlə Azərbaycanda ipək istehsalından əsər-əlamət qalmayıb. «İpək dövrü»nün bitməsinin ölkədə baş verən sosial-iqtisadi çətinliklərlə əlaqədardır.

Gəncədəki Elmi-Tədqiqat və İpəkçilik İnstitutunun elmi-işlər üzrə direktor müavini Qafar Məmmədov deyir ki, ipəkçiliyin tənəzzülünün əsas səbəbi istehsalın idarə edilməsinə təkan verilməməsi olub. O, həmçinin bildirir ki, Azərbaycan keçmiş Sovet İttifaqında dövlətə xam ipək satışı üzrə (ildə 6 min ton) yalnız Özbəkistandan (ildə 22 min ton) geri qalırdı. Həm də keyfiyyət göstəricilərinə görə, bizim ipək üstün idi.
İl ərzində cəmi bir tələbə bu vəsaitlərdən yararlana bilir
Hətta bəzi zonalarda əhalinin təxminən 85-90 faizi ipəkçiliklə məşğul olub. Azərbaycan ipəyi dəfələrlə sərgilərdə qızıl medala layiq görülüb. Xüsusilə Ordubad və Şəki ipəyi 5 qızıl medal alıb.

1991-ci ildə rekord miqdarda barama istehsal olunub

«Sovet dövründə ipəkçiliyin inkişaf etdirilməsi Gəncə şəhərində təşkil olunmuş Azərbaycan İpəkçilik Elmi-tədqiqat İnstitutunun alimlərinin uzun illər apardığı işlər mühüm rol oynamışdır. Yeni tut ipəkqurdu cinsləri, hibridləri, eləcə də çəkil tut ağacı sortlarının sayı yüzlərcə olmuşdu. Bu hibridlərin istehsalatda tətbiqi nəticəsində ipəkçilik daha geniş inkişaf etmişdi. 1991-ci ildə respublikamızda rekord miqdarda 6 min ton barama istehsal olunub. Amma indi nə kombinatlar, nə toxum yetişdirən zavodlar, nə də istehsal müəssisələri işləyir, yəni artıq mexanizm tam dağılıb».

Gəncədə ipəkçiliyin tarixi eramızın 5-ci əsrinə gedib çatır. Burada ipəkçiliklə məşğul olanların öz məhəlləsi - şərbaflar mövcud olub. 19-cu əsrin əvvəllərində isə bu sənət tənəzzülə uğrayıb.

«Bir tələbəyə dərs deyəndə adam ruhdan düşür»

Kənd Təsərrüfatı Akademiyasının Bitki Mühafizəsi və İpəkçilik kafedrasının dosenti Almaz Qulubəyova deyir ki, hazırda ipəkçiliyin dirçəlməsinə ümid çox azdır:

«Bizdə bir qrupda əvvəlcə 25-30 nəfər tələbə var idi. Hazırda isə tələbələrimiz get-gedə lap azalır. Bu il bizim 2-3 nəfər tələbəmiz var. İpəkçilik institutu da bizdən mütəxəssis tələb edir. Biz də verə bilmirik. Bir nəfər tələbəyə dərs deyəndə adam ruhdan düşür. Amma məcburuq dərsimizi lazımi səviyyədə quraq».

Almaz Qulambəyova Akademiyada məşhur ipəkçi mütəxəssis Rəhim Hüseynov adına laboratoriyanı həvəslə mənə göstərir. Burda kiçik şüşə bankalarda cins toxumlar, müxtəlif növ tut yarpaqları, qurd, tırtıl, pup, kəpənək və baramaların saxlanıldığı kiçik guşə hazırlanıb. Təbii ki, bütün bunlar əyani dərs vəsaitləri kimi tələbələrə tədris olunurdu. Hazırda isə il ərzində cəmi bir tələbə bu vəsaitlərdən yararlana bilir.

Şərhləri göstər

XS
SM
MD
LG