Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:37

«Bu da Qarabağ danışıqlarının sirri»


Ermənistan və Azərbaycan prezidentləri. Praqa, 7 may 2009

Ermənistan və Azərbaycan prezidentləri. Praqa, 7 may 2009

«Yeni Müsavat»: «Növbəti haray-həşir başa çatır. Son iki ay ərzində Qarabağ danışıqlarında böyük irəliləyişlərdən söz açan dillər hələ susmamış Novruz Məmmədov coşdu. Axırını hamının böyük həyəcanla gözlədiyi, dərin mülahizələrlə şərh verdiyi, gümanlar etdiyi danışıqların sirri bəlli oldu. Doğru xəbər Novruz Məmmədovdan gəldi...
Məlum oldu ki, danışıqlarda heç bir irəliləyiş yoxdur. Az qala bir neçə ay ərzində münaqişənin həll olunacağı barədə bəyanatların arxasında heç nə durmurmuş». Şahvələd Çobanoğlu «Bu da Qarabağ danışıqlarının sirri» sərlövhəli köşə yazısında belə iddia edir.

«Novruz müəllim bərk qəzəblənib və Brayzaya qarşı çox sərt ittihamlar irəli sürüb. Onu Hillari Klintona və Barak Obamaya səhv məlumat verməklə özünün karyerasını, vəzifəsini artırmaq cəhdində ittiham edib (belə çıxır ki, ABŞ-da da karyera və vəzifəni yalanlarla qazanırlar). Təbii ki, Novruz müəllimlə Metyu Brayza arasında yaranan, yaxud yaranacaq münaqişə bizi o qədər də maraqlandırmır, bizi narahat edən odur ki, Qarabağ danışıqları uzun sürən nəticəsiz danışıqlardan başqa bir şey deyil.

Bəs onda İlham Əliyevin ümidverici bəyanatları nə üçün idi? Novruz müəllimin sözləri ilə desək, o, kimin başının altına yastıq qoyur? Hətta məlum olur ki, Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə razı olsa da, ermənilər heç bir güzəştə getmək niyyətində deyil. Məmmədov deyir: «Azərbaycan prezidenti bunu dəfələrlə deyib ki, bəli, biz orada müqəddəratla bağlı mövqeni tanıyırıq, amma bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır».
Deməli, danışıqlarda irəliləyiş yalnız və yalnız Azərbaycanın müəyyən güzəştlərə hazır olmasından - ermənilərin Qarabağda müqəddəratını həll etmək hüququnu tanımaqdan ibarətdir! Başqa heç nə!»

«Azadlıq»: «Düzünə qalsa, indi bizdə demokratiya sözdə də qalmayıb. İndiki rejimin qurucusu istər xarakter, istərsə də dünyagörüş baxımından demokratiyaya düşmən olsa da, demokratiya anlayışı leksikonunda geniş yer tuturdu. Onun iki sözündən biri demokratiya idi». Bu fikirlər Xaliq Bahadırın «Bugünün Azərbaycan feodalizmi» başlıqlı köşə yazısında yer alıb

«Neft Akademiyasının qarşısında yoldaşlarının anım törəninə qatılan tələbə-gəncləri amansızcasına döydürən çağda güc nazirləri necə güclü görünürdülərsə, Fəxri xiyabanda az qala yerədək əyiləndə - baş əyəndə eləcə gücsüz görünürdülər. Burası da bilinməlidir: onlar orda kiməsə yox, hərbi-polis rejiminin başında duran kimsələr olaraq özlərinin yaratdıqları mifə baş əyirdilər».

«Ekspress»: «Bakı meri Hacıbala Abutalıbov mayın 10-da «Gül bayramı» keçirilməsinin əleyhinə olanların acığına bu bayramı iki gün keçirdi. Göstərdi ki, onun fikrini heç bir aksiya-filanla dəyişmək olmaz. Adam «nu» dedisə, qurtardı...»

Qəzet daha sonra yazır: «ADNA-da baş verən qətliamdan 13 gün keçir. 13 gündür ki, tələbələr ölkədə matəm elan olunmasını istəyir, amma onların tələblərinə məhəl qoyan yoxdur. Bu 13 günün 7-də ayrı bir tələb də səslənirdi: «Mayın 10-da keçirilən «Gül bayramı» ləğv olunsun». Di gəl, bu tələb də yerinə yetmədi. Üstəlik əvvəlki illərdə cəmi bircə gün keçirilən «Gül bayramı» bu il iki gün davam etdi. Elə bil Bakı meri Hacıbala Abutalıbov aksiyalarla ona təzyiq etmək istəyənlərə bununla mesaj göndərdi ki, bəs belənçik piket-filanlarla onun fikrini dəyişə bilməzsiniz. Adam acığa düşüb, bayramı lap iki gün keçirər, necə ki, keçirdi».

«Yeni Azərbaycan»: «Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Azərbaycanın firavan gələcəyinin təminatıdır»-, Baş nazirinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Yaqub Eyyubov müsahibəsində belə deyib:

«Ulu Öndərimiz hələ sovetlər dönəmində fəaliyyətə başlayandan Azərbaycanın inkişafı üçün çalışıb. Heydər Əliyev ilk azərbaycanlı idi ki, təhlükəsizlik orqanlarında general rütbəsi aldı. Həmin dövrdən Onun böyük miqyaslı fəaliyyətində azərbaycançılıq və gələcək Azərbaycanın konturları görünürdü. Bilirsiniz ki, həmin zamanlar təhlükəsizlik orqanlarına digər millətlərin nümayəndələri rəhbərlik edirdi. Heydər Əliyev ilk azərbaycanlı idi ki, SSRİ rəhbərliyi ona etimad göstərmişdi. Çünki rəhbərlik hesab edirdi və görürdü ki, Heydər Əliyev böyük masştablı bir insandır».
XS
SM
MD
LG