Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:27

Bir milyondan çox kəndlinin yüksək pensiya almamaq təhlükəsi var


Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov
Azərbaycanda bir milyondan çox kəndlinin yüksək pensiya almamaq təhlükəsi var. Çörəyini əkin-biçindən, mal-qaraya qulluqdan çıxaranlar ölkənin pensiya daxılına pul atmırlar, buna görə də təqaüd yaşı çatanda uzaqbaşı minimum pensiya ilə kifayətlənməli olacaqlar. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyir ki, onlar minlərlə kəndlini qeydiyyata ala bilmirlər:

- 1 milyon 800 nəfər kənd təsərrüfatında məşğul olanlardır. Onların içində qeydiyyata düşən çox azdır. Pay torpaq mülkiyyətçisindən yalnız 300 mindən çoxu pensiya fonduna sosial sığorta haqqı ödəyir. Kənd təsərrüfatı sahəsində milyon yarım adamı qeydiyyata ala bilmirik.

Sabirabad rayonunda yaşayan 49 yaşlı Mehdi Nağıyev deyir ki, onlar gündəlik çörək qazanmaq barəsində düşünürlər, pensiya heç yadlarına da düşmür:

- Fikirləşirik ki, əkdiyimizdən bir şey qazanacağıq, ya yox. Fikirləşirik ki, bu gün belə dolanaq, sabah görək neyləyirik. Yəni elə şeylər yaddan çıxıb.

Gəncə Biznes Qrupunun icraçı direktoru Arif Cahangirov isə deyir ki, fermer təsərrüfatı kimi qeydiyyatdan keçənlər icbari sosial sığorta haqqı ödəyirlər, amma kiçik təsərrüfatı olan kəndliləri belə bir ödəniş etməyə inandırmaq çətin məsələdir.

İqtisadçı ekspert Vüqar Bayramov da hesab edir ki, milyon yarım əmək qabiliyyətli adamın icbari sığorta ödənişindən qıraqda qalmasından həm Sosial Müdafiə Fondu itirir, həm də bu adamların gələcək sosial müdafiəsi təhlükə altına düşür.

V.Bayramov bunun səbəbini vergi və icbari sosial sığota məbləğinin yüksək olmasında görür. O deyir ki, əslində kəndlilər vergilərdən azaddırlar. Amma icbari sosial sığorta üçün nəzərdə tutulan məbləğin özü də rentabelli olmayan aqrar sahədə çalışanlar üçün böyük rəqəm sayıla bilər:

- Bu sahə gəlirli deyil. Və çox təəssüf ki, bu da adamlara öz gələcəkləri barədə indidən düşünməyə imkan vermir.

V.Bayramov təklif edir ki, hökumət aqrar sahədə çalışanların icbari sosial sığorta haqqı ödəməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçirsin:

- Bir tədbir aqrar sahədə çalışanlar üçün sosial sığortanın aşağı olmasıdır.

Aqrar sahə Ümum Daxili Məhsulun 6 faizini, kənd təsərrüfatında çalışanlar isə ölkənin əmək qabiliyyətli əhalisinin 40 faizini təşkil edir.
XS
SM
MD
LG