Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:53

V.Havel "Nyu York Times" qəzetində Azərbaycandan yazdı


Vatslav Havel
Vatslav Havel
«Elə bir seçkini təsəvvürünüzə gətirin ki, orda nəticələr əvvəlcədən bəllidir və namizədlər isə çoxlarının fikrincə, bu işə uyğun olmayan adamlardır. Demokratik səsvermə adına keçirilən belə bir seçkini hamı fars hesab edərdi. Amma sabah BMT Baş Məclisinin 47 nəfərdən ibarət İnsan Haqları Şurası üzvlərinin müəyyən edilməsi məhz belə «seçki» əsasında həyata keçiriləcək».

Çexiyanın 10 il prezidenti olmuş Vatslav Havel «Nyu-York Times» qəzetində belə yazır.

Havel qeyd edir ki, 18 yer uğrunda cəmi 20 ölkə mübarizə aparır. Yerlər dünyanın beş coğrafi regionu arasında bölünür və bu regionlardan üçü üzrə elə yerlərin sayı qədər namizəd irəli sürülüb. Bu isə regionlardan insan haqqlarının vəziyyəti daha yaxşı olan ölkələrin Şurada təmsil olunması imkanlarını heçə endirir.

Havel yazır ki, görünür, dövlətlər 3 il əvvəl götürdükləri öhdəlikləri unudublar. O xatırladır ki, bu dövlətlər zorakılıq qurbanlarını müdafiə edən və hüquq pozuntularına qarşı dura biləcək təşkilat yaratmağa boyun olmuşdular.

V.Havel daha sonra yazır ki, Şuranın yaradılmasının ilkin və əsas şərti bu qurumun güclü üzvlərdən təçkil edilməsi idi. Şuranın sələfi BMT-nin İnsan Haqları Komissiyası 2006-cı ildə fəaliyyətini dayandırdı. Bunun səbəbi Sudan və Zimbabvedə uzun müddət insan haqqlarının pozulmasının qarşını almaqda aciz qalması idi.

Yeni yaradılan şuranın fərqli bir qurum olacağı ehtimal edilirdi. Bu dəfə ölkələrin gəldiyi razılıq belə idi ki, Şura üzvlərini seçərkən onların təmsil etdiyi ölkələrin özündəki insan haqlarının vəziyyəti nəzərə alınsın. İnsan haqlarını yüksək səviyyədə təbliğ və müdafiə etməyən üzvlər araşdırılacaq, onların təmsilçilik məsələsi sual altına qoyulacaqdı.

Bu yolla formalaşan qurumun səmərəli və etibarlı olacağına ümid var idi.

İndi isə belə görünür, məqsəd dəyişib. Dövlətlər BMT-nin digər qurumlarına üzvlük üçün siyasi düşüncələrini insan haqlarından önə çəkiblər. Rəqabətin olmaması səbəbindən dövlətlər insan haqlarına kifayət qədər diqqət ayırmır.

V.Havel nümunə göstərir: «İnkişaf edən Latın Amerikası ölkələri Kubaya üzvlüyünün bərpasında iştirak etmək üçün icazə verib. Asiya ölkələri regionun 5 yeri uğrunda 5 namizəd ölkəni, o cümlədən Çin və Səudiyyə Ərəbistanı şərtsiz dəstəkləyib».

Havel qeyd edir ki, əvvəlki illərdə Qərb ölkələri seçkilərdə yarışmaq hüququna hörmət edən regionları dəstəkləyirdi. Bu il isə onlar Şura seçkilərində rəqabəti olmayan namizədlərin siyahısını təqdim etməklə güzəştə gediblər.

Hətta rəqabət mümkün olan yerdə belə, bu minimumdur. Şərqi Avropadan Şuraya seçilmək istəyən Azərbaycan və Rusiyada insan haqlarının vəziyyəti şübhəli və acınacaqlı arasında dəyişir. Yalnız Macarıstan regionun 2 yeri uğrunda mübarizə aparmaq üçün irəliyə gedib.

Havel deyir ki, Azərbaycan, Çin, Kuba, Rusiya və Səudiyyə Ərəbistanı vətəndaşları kimi, ictimai fikrə nəzarət edilən, müxalifəti sıxışdırılan və ifadə azadlığının ciddi məhdudlaşdırıldığı dövlətdə yaşamağın necə olduğunu bilir:

«Məni iki qat qorxudan Latın Amerikası və Asiyanın demokratik ölkələrinin əlini-əlinin üstünə qoyaraq, Şuranın etibarı və hörmətini izləməsidir».

Azərbaycan və Kubada artıq fəallar və jurnalistlər beynəlxalq ictimaiyyətə müraciət edərək onların dövlətlərini İnsan Haqları Şurasına seçməməyə çağırıblar.

Vastlav Havel hesab edir ki, dövlətlər insan haqları qurbanlarına həmrəylik nümayiş etdirməli və sadəcə, insan haqlarını pozanları səs vermək hüququna imkan verməməklə rəqabətsiz Şuranı bərpa etməlidir.

Vastlav Havel 1993-cü ildən 2003-cü ilədək Çexiya Respublikasının prezidenti olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG