Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:16

ARDNŞ-da ixtisarlar davam edir...


Ekspertlər hesab edirlər ki, ARDNŞ-ın işçilərinin sayı onsuz da lazım olandan çoxdur

Ekspertlər hesab edirlər ki, ARDNŞ-ın işçilərinin sayı onsuz da lazım olandan çoxdur

Azərbaycan Dövlət Neft Şirkətində təqaüd yaşına çatmış şəxslərin ixtisarı davam edir. Bunu Neft Şirkətinin özündə də təsdiqləyirlər və deyirlər ki, təqaüd yaşına çatmış adamlar artıq işdən getməlidirlər.

50 ildən çox neft sənayesində müxtəlif vəzifələrdə çalışmış 75 yaşlı Ələsgər Qəhrəmanov da təqaüdçü ixtisarının qurbanlarındandı. Deyir ki, onu çağırıb ərizə yazmasını istəyiblər:

«Mənə dedilər ki, ərizə yaz işdən çıx. Ya da başqa işə keçirib maaşın üçdə ikisini verəcəyik. Buna da kim qalar? Ona görə də məcbur qalıb ərizə yazdıq ki, işdən çıxaq».

Ələsgər Qəhrəmanov 500 manatlıq əmək haqqından məhrum olub indən sonra 200 manatlıq təqaüdə göz dikəcək. O, deyir ki, bu təqaüdlə nə edəcəyini bilmir:
«Kommunal xərclər var, necə ödəyəcəyik, bilmirəm».

O, mətbuata da, neftçilərin hüquqlarını müdafiə edən təşkilatlara da qəzəblənir ki, iş işdən keçəndən sonra onların problemini qabardırlar. Ələsgər Qəhrəmanov deyir ki, onları məcbur ediblər ki, öz ərizələriylə işdən getsinlər:

«Bundan sonra danışmağın nə mənası? Vaxtında dedik, bir şey eləyə bilmədilər».

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının hüquqşünası Azər Quliyev isə deyir ki, işdən çıxarılma hədəsiylə üzləşən neftçilər onlara müraciət edəndə adlarının açıqlanmasını istəməyiblər:

«Biz onlara deyirdik ki, ərizə yazmayın. Çünki ərizə yazandan sonra necə köməklik edəsən? İşçiləri onunla qorxudublar ki, əgər ərizə yazmasanız, başqa adlarla sizi işdən çıxaracağıq. Onlar da məcbur olub ərizə yazıblar».

Təqaüdçülərin təqaüd yaşına çatması onların işdən çıxarılmasına əsas verirmi? Azər Quliyev deyir ki, mövcud qanunvericilikdə belə bir hüquqi norma yoxdur ki, təqaüdçü işdən məhz yaşına görə çıxarılsın. Hüquqşünasın sözlərinə görə, bəzi peşələrdə yaş məhdudiyyəti var, amma bu məhdudiyyət təqaüd yaşına çatmaqla bağlı deyil. Azər Quliyev deyir ki, əslində işləmək insanın səhhətinə, biliyinə bağlı bir hal olmalıdır, nəinki onun təqaüd yaşına:

«Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadənin yaşı 80-i ötüb. Ancaq o işləyir. Niyə? Çünki bu sahədə ondan yaxşı mütəxəssis yoxdur. Bunu digər işçilərə də şamil eləmək olar».

İqtisadçı ekspert İlham Şaban isə hesab edir ki, əslində Dövlət Neft Şirkətin özündə və ya müəssisələrində baş verənlərdə qeyri-adi heç nə yoxdur. Onun fikrincə, bu şirkətin işçilərinin sayı onsuz da lazım olandan çox olub. Ona görə də indiki halda - yəni neftdən gələn gəlirlərin azaldığı bir dövrdə belə addımların atılması təəccüblü görünməməlidir.

Neft Şirkətinin tabeliyindəki müəssisələrdə çalışan bəzi işçilər bildirirlər ki, bir neçə idarə öz fəaliyyətini dayandırıb. Şirkətin Sosial İnkişaf Departamentindən aldığımız məlumata görə, onların tabeliyində olan Xəzər-Fəhlə Təchizatı Birliyi və Nəqliyyat Departamenti tam işçi heyətiylə «Azərneftyağ» İstehsalat Birliyinin tərkibinə verilib. Gigiyena və Epidemiologiya idarəsində isə optimallaşdırma aparılıb və bəzi gərəksiz ştatlar ləğv olunub.

Təqaüd yaşında olduğu üçün işdən çıxarıldığını deyən Ələsgər Qəhrəmanov onu da bildirir ki, işdən çıxma ərizəsini yazanda bir razılaşmaya da imza atıb:

«Mənə dedilər ki, gələcəkdə Neft Şirkətinin hər hansı layihəsində, idarəsində işləyə bilmərəm. Razılıq verməyə məcbur oldum. Amma onlar mənim hüquqlarımı pozublar. Necə yəni, harada Neft Şirkətinin adı varsa, mən orda iştirak edə bilmərəm? Bu nə qanunsuzluqdur?»

ARDNŞ-ın mətbuat xidmətindən isə belə bir razılaşma olmadığını söylədilər.

Hüquqşünas Azər Quliyev isə deyir ki, onlarda artıq bir neçə belə fakt var və bu halın qanunsuz olmasıyla bağlı bəyanat yayıblar. Azər Quliyev deyir ki, öz ərizəsiylə işdən gedən işçinin gələcəkdə öz işinə qayıtması və ya uyğun sahədə çalışmasını qabaqcadan məhdudlaşdırmaq həm Konstitusiyaya, həm də Əmək Məcəlləsinə ziddir.

Şərhləri göstər

XS
SM
MD
LG