Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:04
«Ora əsgərlikdən pis idi. Müəllimlər gedib müdirə deyirdi, müdir də çağırıb otağında döyürdü. Qolumu qırmışdılar, 1 həftə eləcə qaldım».

Şərti adı Nail olan bu gənc Gəncədəki uşaq evindən danışır. O, bu evi dörd ildir ki, tərk edib. Deyir ki, müəssisənin direktoru Rəfiqə Nuriyeva uşaq evində böyüyən uşaqlara işgəncə verir.
Nailin deməsinə görə, üstəlik direktorun bu müəssisədə işləyən qızı və oğlu da uşaqlarla pis rəftar edir. Hətta onları bəzən döyməkdən belə çəkinmirlər:

«Qaşığı isidib 4-5 yaşlı uşaqlara dağ basırdılar»

«Uşaqları qapıda keşikçi qoyurdular. 2-4 nəfər səhərə kimi keşik çəkirdi. Səhər 6-da «trivoqa» verirdi. 6-ya kimi oyaq qalırdıq, hərlənirdik. Mən yatmışdım gəldi məni döydü ki, niyə yatmısan. Rəfiqə xanımın oğlanları Zaur, Fərhad, qızı Aidə müəllimə bizi çubuqla, əl ilə döyürlər. Uşağa dağ basırdılar, o qədər şey olurdu ki, hansını deyim? Qaşığı isidib 4-5 yaşlı uşaqlara dağ basırdılar».

Nail kimi Tural da bu uşaq müəssisəsində mənəviyyatının tapdalandığını bildirir. Adının çəkilməsinə etiraz etmədiyindən ona şərti ad vermirik. Tural deyir ki, taleyin ona vurduğu sillə bəs deyilmiş kimi uşaq evində də çox döyülüb. 18 yaşı tamam olanda əsgərliyə gedib. Gələndən bəri maşın yuyur, ac qalmamağa çalışır. Həyata da, böyüdüyü uşaq evinə də çox küskündür…

«Uşağı kor eyləyirlər orda»

«Ailə probleminə görə düşmüşdük bu evə, atam-anam ayrılıb. 7 yaşımdan 18 yaşıma kimi orda böyüdüm, sonra əsgərliyə getdim. Orada çox işlər olub, müdirin evində işləmişəm. Əziyyətlər çəkmişəm ey orda... Demək olmurdu ağzımızdan vururdular».

Digər şərti ad verdiyimiz Samir isə bacıları ilə hələ də Gəncə uşaq evində yaşayır. Anası da elə burada xidmətçi işləyir. Ona görə də danışanda bəzən sıxılır, deyir ki, qorxuram bizi qovarlar. Amma direktorun uşaqları çox təhqir etməsindən o da danışır. Samir əmindir ki, orda uşaqları oxuyub irəli getməyə qoymurlar. Dediyinə görə, çox vaxt uşaq evinin rəhbəri bəhanələr edir ki, dərsə getməyək:

«Əsəbləşəndə qışqırır, səhər əsəbi halda gəlir, hirsini bizə tökür, yeri gələndə qışqırır. Uşaqlar nə dillənə bilər ki, müdirin qabağında. Bir gün dərsə gedirik, 5 gün getmirik. 10 gün getmirik…

- Bəs demirlər ki, məktəbə getməlisiniz?

-Yox deyirlər ki, hava soyuqdur, nə bilim qonaq gələcək… İstəmirlər ki, uşaqlar inkişaf eləsin. Mən müraciət eləmişdim ki, məni «Naxçıvanski»yə qoysunlar, onlar eləmədilər. Dedilər olmaz! Mən sənəd versəm də arxamda durmazlar. Uşaqlara şərait yaratmırlar ki, irəli getsinlər, inkişaf etsinlər. Ayrı-seçkilik yaradırlar. Uşaqlar savadsız çıxırlar oradan, savadlı olsalar, gedib «moyka»da işləməzlər. Uşağı kor eyləyirlər orda, sözün düzü».

«Aparıb evində işlədirdi…»

Müxtəlif taleləri olan bu üç qəhrəmanımı elə bir-birilərinin vasitəsilə tapdım. Onları birləşdirən ümumi cəhət uşaq evində böyümələri və özlərinin dediklərinə görə, orada çəkdikləri əziyyətlərdir.

«Dərsə getməyə dəftər-qələm də vermirdilər. Oxumağa qoymurdular. Aparıb evində işlədirdi, qızlara da, bizə də torpaq təmizlədirdi. Nailə var idi, o oxumaq istəyirdi qoymadılar. Orda uşaqların çoxusu heç yaxşı oxumur. Nə dəftərlə, nə qələmlə təmin edirlər».

Gəncə uşaq evində böyüyən uşaqların təhsil aldıqları 18 saylı orta məktəbin direktoru Mətanət Rzayeva deyir ki, dərsdən yayınma halları var. Amma uşaqların dərs davamiyyətinə, təhsil müəssisəsindən çox uşaq evinin rəhbərliyi məsuldur.

Bayram günlərində Gəncədəki xeyriyyəçilər dövlətin himayə etdiyi kimsəsizlərə yardım edirlər. Şəhər sakini Gültəkin Məmmədovanın yoldaşı da hər il uşaq evinə yardımlar aparır.

«Uşaq evinə yardım aparırıq. Uşaqların ölçülərinə görə paltarlar aparmışdıq. Onlar çox sevindilər, çaldılar, oynadılar.
Rəfiqə Nuriyevanın qızı Aidə Həsənova müsahibəyə razılıq verdi
Hələ də onlar mənim gözlərimin qabağından getmirlər».

Qəlbi sınıq üç qəhrəman

Uşaq evinin sakinləri isə o yardımların öz dilləri ilə desək ön qapıdan girib, arxa qapıdan çıxdığını deyirlər.

«-Uşağa gətirilən şeyləri özlərinə aparırlar, vermirlər uşaqlara;
-Gətirəndə, yemək, aş verirdilər. Amma qurbanlıq ət kəsəndə vermirdilər;
-Yoxlama gələndə elə eyləirdilər ki, guya hər şey yaxşıdır. Yemək yaxşıdır, paltar yaxşıdır. Amma elə deyil. Ərzaq gəlirdi bayramlarda, uşaqlara çatmırdı».

Hər 3 qəhrəmanın qəlbi çox sınıqdır. Yeniyetmə yaşına çatmış Tural da, Samir də Nail də deyir ki, uşaq evinin direktoru onları tez-tez evinə aparıb işlədib. Oğlanlara həyət bacasını, qızlara isə evini təmizlədib.

«Rəfiqə mama», qızı və oğlu…

Uşaq evində bütün uşaqlar müəssisənin direktoru Rəfiqə Nuriyevanı «Rəfiqə mama» deyə çağırırlar. Bu ona sevgidənmi, ya zərurətdənmi irəli gəlir, bilinmir. Burda bayramlarda uşaqlar «Rəfiqə mamaya» həsr etdikləri şerləri deyirlər.

Gəncə uşaq evinin direktoru Rəfiqə Nuriyeva müsahibə vermək üçün müraciət etdik. Amma əvvəlcə onun əvəzinə uşaq evinin təlim-tərbiyə işləri üzrə direktor müavini, elə Rəfiqə Nuriyevanın qızı Aidə Həsənova müsahibəyə razılıq verdi. Aidə Həsənova deyir ki, burda bütün uşaqlar ailə qayğısı ilə böyüyürlər. Hətta uşaq evini tərk etmək belə istəmirlər:

«Bizdə istedadlı uşaqlar çoxdur. Kompyuter kursları var bizdə, dərzi, evdarlıq və s. Uşaqlar 18 saylı məktəbə gedirlər. Amma bizim öz dərnək rəhbərimiz Zaur Nuriyev onlarla məşğul olur. Kimin səsi var, onlara disk təşkil edir. Aydan Əliyevanı hamı tanıyır, təhsil üzrə müsabiqə keçdi, müsabiqədə Aydan respublikada birincilik qazandı, «Karmen» operasını oxudu».

-Aidə müəllimə, ola bilərmi ki, uşaqlar dərsdən yayınsınlar? Buna necə nəzarət edirsiniz?
-Yox biz onlara başa salırıq ki, siz oxumalısınız. Sizin gələcəyiniz var.
-Uşaqlarla münasibət necədir? Müəllimlər tərəfindən döyülən, təhqir edilən olurmu?
-Yox biz çalışırıq ki, onların ən sevdiyi şeyləri, məsələn televizora baxmağı qadağan edək. Görürsən ki, oxumaq istəmir, qoymuruq baxmağa. Təhqirlə yox onsuz da onların qəlbi sınıqdır.
-Uşaqlar deyirdilər ki, biz müəyyən günlərdə gedirik «Rəfiqə mama»gilin evində işləyirdik. Belə hallar olubmu?
-Yox bizim evdə Samirənin nişanı olub. Birlikdə hazırlıq etmişik.

Yeri gəlmişkən Aida Həsənovanın bir qədər əvvəl bəhs etdiyi dərnək rəhbəri Zaur Nuriyev də onun qardaşı - yəni, uşaq evinin direktoru Rəfiqə Nuriyevanın oğludur.

«Uşaqlar qələt eyləyir»

Müəssisənin direktoru Rəfiqə Nuriyevanın ünvanına konkret ittihamlar səsləndiyindən onunla bir daha telefonla əlaqə saxladıq. Əvvəlki cəhdimizdən fərqli olaraq bu dəfə onunla danışmaq mümkün oldu. Rəfiqə Nuriyevanın bizə cavabı belə oldu:

«-Rəfiqə xanım, uşaqlar deyirlər ki siz onlarla acı danışıb təhqir edirsiniz.
-Mənim 55 illik pedaqoji stajım var. Mən respublikada tanınmış adamam və Mehriban xanımın əziz anasıyam. Uşaqlar qələt eyləyir. Onlar burda yaşasalar da… Sən nə prokurorsan, nə də müstəntiq».

Dövlət müəssisələrində himayə olunanlara necə davranılmasına, rayon İcra Aparatlarında Qəyyumluq şöbəsi nəzarət edir. Şöbənin eksperti Kəpəz rayon İcra Hakimiyyətinin hüquqşünası Xəyal Əlizadə deyir ki, bu günədək uşaq evlərindən hansı uşağa qarşı mənəvi və ya fiziki təzyiqlərin olması ilə bağlı heç bir şikayət olmayıb.

«Uşaq evlərinə gedəndə biz uşaqların əksər hissəsiylə oturub söhbət edirik. Onların təhsil alması, yaşaması, davamiyyətləri yoxlanılır. Bu günə qədər nə şifahi, nə də yazılı heç bir məlumat verilməyib ki, dərsdən yayınırlar var, ya yox.
Tural deyir ki, maşınları yumaqla pul qazanır
-Ola bilərmi ki, o uşaqlar orda yaşadıqları üçün ehtiyat etsinlər? Siz bunu başqa yolla araşdırmısınızmı?
-Elə olub ki, biz uşaqlarla həyətdə oturub saatlarla danışmışıq. Hansısa məlumat almaq istəmişik, neqativ hala rast gəlməmişik».

«Təhsil Nazirliyində hamı bilir ki, internatlarda uşaqlar zorakılığa məruz qalır»


Uşaq Hüquqlarının Müdafiə Liqasının sədri Yusif Bəkirov isə deyir ki, rayonlardakı uşaq müəssisələrində uşaqlarla pis rəftar edilməsi və onların əməyinin istismar olunması ilə bağlı məlumatları var:

«Rayonlarda internatlarda nə edirlər? Uşaqları yollayırlar tikintilərdə istifadə edirlər. Hələ demirəm təhqir, döymək, bunlar həddən artıq çoxdur internatlarda. Heç Təhsil Nazirliyi icazə də verməzlər ki, internatlarda və ya uşaq evlərində ictimai təşkilatlar belə araşdırma aparsın. Elə təşkilata icazə verəcəklər ki dövlətə yaxın olsun və onların fikirlərini ifadə etsin. Çünki Təhsil Nazirliyində hamı bilir ki, internatlarda uşaqlar zorakılığa məruz qalırlar. Bəzilərində isə internatlarda sexlər və ya dərnəklər var ki orda uşaqlara xalça tikmək öyrədirlər. Uşaqları 8-9 saat işlədirlər. Onların istehsal elədiyi malları isə satıb qazanc əldə edirlər».

Yusif Bəkirov deyir ki xarici təşkilatlar UNICEF-in xətti ilə monitorinq aparmışdılar və nəticələrdə göstərilib ki uşaq evlərində himayə olunanlar rəhbərliyə tabe olmayanda cəzalandırılar.

«Kimi həbsxanalara, kimisi də əxlaqsızlıq yuvalarına düşüb»

Daxili İşlər Nazirliyinin ötən ilki hesabatında bildirilir ki, cinayətkarlığa meylli və əxlaqsızlıq yuvalarının qurbanlarının əksəriyyəti ata, ana himayəsindən məhrum olan, uşaq evlərindən çıxan yeniyetmələrdir. Dövlət qanunvericiliyində isə kimsəsiz uşaqların ancaq 16-18 yaşa kimi himayə olunması öz əksini tapıb.

Tural Gəncədə varlı adamların maşınını yumaqla pul qazanır, Samir isə ofisiantlıq edir. Onların bəxti bir az gətirib ki, pis yola düşmədən, əziyyətlə də olsa halal pul qazanırlar. Gəncə uşaq evini tərk edənlərin bəzilərinin sonradan da taleləri üzlərinə gülməyib. Həmsöhbətlərim deyir ki, uşaq evini tərk edənlərdən bəziləri oğurluq edib həbsxanalara, kimisi də əxlaqsızlıq yuvalarına düşüblər.

«Bizdə bir qız var idi adını deməyəcəyəm, anası gəldi çıxardı. Anasının özü də oğruydu, çıxdı 1 həftə keçmədi tutuldu. Bir oğlan da var idi, tutuldu sonra çıxdı. Mən əziyyətlə böyümüşəm, birtəhər dolanıram. Mən «moyka»da işləyirəm, maşın yuyuram. Qızlar çıxıbdır, pis yola düşən də var, düşməyən də…»

Gəncə şəhər Polis İdarəsində Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi İbrahim Mehdiyev deyir ki, ötən il ərzində 135 uşaq reydlərlə polis orqanlarına gətirilib. Onların 4-ü atılmış və imtina edilmiş uşaqlardır.

«2 nəfər uşaq dilənçilik edib. Ötən il ərzində azyaşlılar arasında 24 cinayət hadisəsi qeydə alınıb. 19 nəfər cinayət məsuliyyətinə cəlb olunub. 7 nəfər məhkəmələrin hökmü ilə şərti cəza alıb».

Gəncədə SOS

Gəncədə SOS Uşaq kəndi də fəaliyyət göstərir. Uşaq evlərindən fərqli olaraq bu kəndlərdə müxtəlif yaşlı uşaqlar bir anaya verilir və ailə yaranır. Beləliklə bir SOS kəndində bir neçə bioloji ailə yaşayır. Gəncədə yaradılmış SOS kəndinin ən balaca sakini Babəkdir. Kənddə hamı onu sevir. Yeni bacı qardaşları da heç onun xətrinə dəymirlər.

SOS kəndin direktoru Nəsimi Ələkbərli deyir ki, kənddə ailə mühitində böyümələri üçün bir neçə uşağın Gəncə uşaq evindən gətirilməsi təklifi verilsə də, oradan buna razılıq verilməyib.

Ötən günlərdə Gəncə uşaq evini tərk edən 3 nəfər yeniyetməyə Daşkəsən rayonunda ev verilib. Aidə Həsənova deyir ki, evlərin verilməsi zamanı uşaqlar arasında seçim etmək nə qədər çətin olsa da çalışırlar ki,
Uşaqların dərsə davamiyyəti zəifdir
təkcə himayədən məhrum olanlara yox heç kimi olmayan uşaqları evlə təmin etsinlər. Aidə Həsənova deyir ki, bundan başqa uşaqlar üçün ev verilməyib.

«Dedilər ki, çıxın gedin ev-filan yoxdur...»

Nail isə deyir ki, Gəncədə «sərçə bazarı» adlanan ərazidə onlar üçün ev tikilib. Tikintidə də elə uşaqlar özləri işləyiblər. Onlara deyilib ki, ev sizin üçün tikilir. Amma sonra deyiblər ki, çıxın gedin ev-filan yoxdur. İndi Nail bilmir ki, evlərini əllərindən alıblar yoxsa əvvəlcədən aldanıblar:

«Biz gecə-gündüz orda işləyirdik. Deyirdilər sizə verəcəyik, sonra dedilər gedin öz başınıza çarə qılın. Biz ev verə bilmərik. Əsgərlikdən sonra özünüz bilərsiniz. Kirədə qalmaqla çatdırmaq olmur. İcra hakimiyyətinə getdik dedilər, bizdə ev yoxdur minlərlə sizin kimi uşaq var…»

Uşaq evinin rəhbərliyi və Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətində Qəyyumluq şöbəsinin nümayəndəsi də uşaqlar üçün deyilən ünvanda ev tikildiyini və sonra başqa məqsədlərlə istifadə edildiyini təsdiqləmirlər.

Gəncə uşaq evində 80 nəfər uşaq himayə olunur. Gəncədəki digər uşaq müəssisəsi sayılan körpələr evində isə 25 atılmış balaca böyüyür. Həmin körpələri də 3 yaşından sonra, əgər hansısa ailənin himayəsinə verməsələr, Gəncə uşaq evinə göndəriləcəklər.

«Ürəkləri kinlidir»


Qəhrəmanlarım artıq Gəncədəki bu müəssisəyə düşən hər yeni uşağın taleyinə acıdıqlarını deyirlər.

«Bir uşaq var xəstədir əsgərliyə getməyib. Pensiya düzəltmək istəyir. Düzəltmirlər…
-Kim düzəltmir?
Rəfiqə - «detdom»un müdiri».

«Ora televizorlar gətirirlər hamısını aparırlar evlərinə.
Bacı-qardaş kimi böyüyürdük. Uşaqları pozurdular. Uşağı-uşaqdan seçirdilər, uşaq da incik düşürdü».

«Gəlib özləri o çətinlikləri görsəydilər, uşaqlarını ora atmazdılar. Ürəkləri kinlidir, deyirlər halallıq vermirik. Orda elə uşaqlar da var ki, onları irəli çəksən çox nailiyyətlər qazanarlar».

Amma uşaq evində böyüyən uşaqlar içərisində böyük ümidlərlə sabaha göz dikənlər də var. Hökumətdən sığınmağa ev istəyən bu uşaqlar bir gün arzularına çatacaqlarına inanırlar. Ev onlardan ötrü yenidən doğulmaq, yeni bir həyatın başlanğıcıdır…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG