Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:05

«Nazir haradan bilir ki, qatil psixoloji cəhətdən normal olmayıb»


Anım mərasimi, 1 may 2009
Anım mərasimi, 1 may 2009
Aprelin 30-da Dövlət Neft Akademiyasında törədilən qətl hadisəsinin motivləri barədə ziddiyyətli fikirlər səslənməkdə davam edir. Müzakirələrin yenidən vüsət almasına isə Daxili İşlər naziri Ramil Usubovun bu günlərdə jurnalistlərə verdiyi açıqlama da səbəb olub. Cənab Usubov hadisənin motivi barədə dəqiq məlumatın araşdırmadan sonra veriləcəyini desə də, əlavə edib ki, «görünür, Fərda Qədirov (yəni cinayəti törətdiyi iddia olunan şəxs) psixoloji cəhətdən normal olmayıb».

Hüquqşünas Əyyub Kərimov isə «Azadlıq» radiosuna deyir ki, əgər ekspertizanın rəyi yoxdursa, nazir haradan bilir ki, qatil psixoloji cəhətdən normal olmayıb:

«Nazir məsələni özündən rədd eləmək üçün bu fikri söyləyib. Əslində, bu, yayındırıcı bir mövqedir. Köbud desək, dəlidir, əhəmiyyət verməyə dəyməz. Bəs onda psixi cəhətdən normal olmayan adam necə elə fiziki, psixoloji hazırlığa malik ola bilər».

Ə.Kərimov deyir ki, əslində, bu cür açıqlamalar işin bağlanmasının sadələşdirilməsinə xidmət edir. Ramil Usubovun fikrindən də aydın olur ki, buna hazırlıq gedir.

Yeri gəlmişkən, deyim ki, parlamentin son iclasında da bu məsələyə münasibət bildirilmişdi və o vaxt bəzi deputatlar cinayət əməlini qatilin psixikasına bağlamağın əleyhinə çıxmışdılar.

Deputatlar İqbal Ağazadə, Arzu Səmədbəyli Neft Akademiyasında baş verən hadisəni terror adlandırmış, onun psixoloji və ya ruhi pozuntunun nəticəsi olmadığını demişdilər. İqbal Ağazadə belə hadisənin törədilməsinə Azərbaycanın həssas regioda yerləşməsi amilinin də səbəb ola billəcəyini istisna etməmişdi.

YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı isə hesab edir ki, məsələyə tələsik münasibət bildirmək düz deyil. İstintaqın nəticəsini gözləmək lazımdır:

«Hələ hadisənin üzərindən az vaxt keçib. Hüquq-mühafizə orqanlarına imkan vermək lazımdır ki, onlar məsələni araşdırıb cəmiyyətə məlumat versinlər».

Vəkil Adil İsmayılov isə deyir ki, qətli törədən adamın psixi cəhətdən probleminin olması mümkündür. Hər halda normal adam belə bir hərəkəti etməzdi. Ancaq əgər belədirsə, onda ortaya başqa bir sual çıxır:

«Əgər qatil psixoloji cəhətdən normal olmayıbsa, onda hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı saxladığı ikinci adam nədir? Özləri tutublar. Özü də iştirakçının birinə ölümlə əlaqədar maddə veriblər. O nədən xəbər tutub, haradan bilib ki, bu dəli gedib nə edəcək?»

Aprelin 30-da Dövlət Neft Akademiyasına silahlı basqın edən Fərda Qədirovun 12 nəfəri öldürdüyü, 13 nəfərisə yaraladığı, sonra isə özünü güllələdiyi deyilir. Baş Prokurorluğun mətbuat xidmətindən bildirirlər ki, hadisə ilə bağlı aparılan istintaqı prezident özü nəzarətdə saxlayır. Əlavə məlumatlar olduqda ictimaiyyətə açıqlama veriləcək.
XS
SM
MD
LG